Dağıstanın keçmiş baş prokuroru haqqında ŞOK AÇIQLAMALAR...
17-12-2016, 13:32
Rusiya Federasiyasının Dağıstan Respublikasında nə qədər çirkin və murdar siyasi oyun varsa, nə qədər çirkli pulların dövriyyəsi varsa arxasından Dağıstanın keçmiş baş prokuroru İmam Yaraliyev çıxır. Bütün bunlar da ona bəs etmir. Xeyli vaxtdır düşüb ləzgilərin canına ki, yenə də onlardan istifadə edib yüksək bir post qazansın. Çünki vərdişdir. Elə vəzifə karyerasına da belə başlayıb. Onun gənclik illərini bir qırağa qoyaq, müxtəlif yerlərdə işləyib. 1986-92-ci illərdə Dərbəndin prokuroru olub. Elə sadvalçılığı da buradan başlayıb. Qanun keşiyində durmalı və onun aliliyini təmin etməli olan bir şəxs 1992-ci ildə terrorçu və separatçı “Sadval”ın Proqram və Nizamnaməsini hazırlayıb. Bunu özümüzdən demirik. Qatı millətçi, antiazərbaycan əhval-ruhiyyəli, “Qafqaz Albaniyası-Ləzgistan” kitabının müəllifi Hacı Abdurəhimov 2014-cü ildə yazdığı kitabda bunu xüsusi qeyd edib. Məhz bu sənəd əsasında Azərbaycana qarşı ərazi iddiaları qızışıb. Ləzgi millətçiləri də ona borclu qalmayıblar. 1992-ci ildə Rusiyada yiyə itini tanımayanda Dağıstan Dövlət Şurası və prokurorluğu qarşısında çoxsaylı aksiyalar keçirərək İ. Yaraliyevin respublikaya Baş prokurorun birinci müavini təyin olunmasını tələb ediblər. Moskva da bu həngamənin qarşısını almaq üçün bu üzdəniraq sadvalçını əvvəlcə birinci müavin, sonra isə Dağıstana Baş prokuror təyin edib. Elə onun ən çirkin əməlləri də buradan başlayıb. Sadvalçı həmfikirlərinin cinayətlərini ört-basdır edib, neçə-neçə qətlin üstünü bağlayıb. “Sadval”a maliyyə axını da onun Baş prokuror vəzifəsində işlədiyi dövrə təsadüf edir. Daha nə oyunlar çıxarmır? Rüşvət və korrupsiyadan başlamış, silah alverinə qədər əlini ən çirkin işlərə bulaşdırır. Və nəhayət iş o yerə gəlib çıxır ki, doğma əmisi Dünyam Yaraliyev ondan Moskva rəhbərlərinə şikayət yazır. Ərizəsində qeyd edir ki, Baş prokuror ona gizlətmək üçün üç ədəd “Makarov” tipli tapanca, bir ədəd “TT” tapancası, bir ədəd Çexiya istehsalı olan tapanca və üç ədəd “Kalaşnikov” avtomatı verib. Bu ittihamlardan sonra İmam doğma əmisini qondarma ittihamlarla həbs etdirir. İşlədiyi dövrlərdə biznes qurmaqdan da yan keçmir. Yaxınlarının dediyinə görə, bir neçə yanacaqdoldurma məntəqəsi açır, “Rıçal-su” kimi məşhur və nəhəng müəssisəni ələ keçirir və digər müxtəlif təyinatlı çoxsaylı obyektlər tikdirir. Məhz həmin illərdə o, millətçi “Şarvili” təşkilatının yaradıcılarından biri olur və indi də onun fəxri sədridir. Hər il iyunun axırında keçirilən “Şarvili” bayramlarına təşkilatçılıq edir, hətta “Ləzgistan” bayrağı altında çıxış edir. Dağıstanın Baş prokuroru törətdiyi çoxsaylı cinayətlərə görə, ona görə məsuliyyətə cəlb edilmir ki, Moskvada bu ünsürün kimliyini yaxşı bilirdilər. Həm də o dövrlərdə Azərbaycan əleyhinə olan bəzi qüvvəllər Baş prokurorun xətrinə dəymirdilər. Elə İmam Yaraliyev də bunu yaxşı bilirdi və çirkin əməllərini davam etdirirdi. Lakin dövr dəyişdi. 2006-cı ildə İmam Yaraliyev tutduğu vəzifədən kənarlaşdırıldı. Lakin Dağıstanın o vaxtki rəhbərliyi bu şəxsi işsiz qoymadı. Çünki İmamı və tərəfdarlarını öz üzərinə qaldırmaq istəmədi. 2007-ci ildə keçmiş Baş prokuror Süleyman Stalski rayonuna başçı təyin edildi və 2010-cü ilə qədər bu vəzifədə çalışdı. Lakin onun niyyəti başqa idi. Əsas məqsədi Dərbəndi ələ keçirmək və burada “Sadval”ın ideyalarına uyğun olaraq millətçilik ideologiyasını yaymaq idi. O, bu vəzifədə beş il işlədi və bu dövr Dərbəndin tarixində ən ağır dövr oldu. Yaraliyev elə ilk günlərdən antiazərbaycan mövqeyi tutdu. Şəhərin torpaqlarını həmfikirlərinə satmağa başladı, büdcəni darmadağın etdi. Təsəvvür edin ki, Dərbənd şəhər merini otuza yaxın cangüdən qoruyurdu. Məhz bu dövrdə Dərbənddə, Süleyman Stalski, Qasımkənd, Axtı və Məhərrəmkənd rayonlarında Yaraliyevin birbaşa göstərişi ilə qanunsuz silahlı dəstələr yaradıldı və məlumatlara görə, onlar hələ də mövcuddur. Dərbənd meri dini radikallarla da sıx əlaqələr qurdu. Onları şəhər nəqliyyatında işə cəlb etdi. 2015-ci ildə Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov Dərbənddə vəziyyətin qeyri-normal olması barədə bəyanatlar səsləndirəndə İ. Yaraliyev müqavimətə başladı. Sadvalçıları Ləzgi Dram Teatrına toplayaraq respublika rəhbərinə ultimatum verdirdi. Lakin Ramazan Abdulatipov qətiyyətli mövqe nümayiş etdirərək Yaraliyevi qanunsuz əməllərinə görə öz postundan uzaqlaşdırdı.İki dəfə Dağıstan parlamentinin deputatı seçilmiş və Yaraliyevlə yaxın dost olan Nadir Allahquluyev deyirdi ki, İ. Yaraliyev Dərbəndi “zəhərləyəcək”. Çünki İmamın fikrincə Dərbənddə heç bir başqa xalqın nümayəndəsi yaşamamalıdır. O, Dərbəndi “Ləzgistan”ın paytaxtı hesab edir. Sonralar İ. Yaraliyevlə münasibətləri korlanan Nadir keçmiş dostuna qarşı bir sıra ciddi ittihamlar da irəli sürür.
Əslində, Dərbənd azərbaycanlıları İ. Yaraliyevin merliyi dövründə böyük sınaqdan çıxdılar. Şəhər merinin qanunsuz silahlı dəstələrə rəhbərlik edən Əziz adlı oğlu bir neçə dəfə millətlərarası çaxnaşma salmaq istədi. Lakin Azərbaycan və ləzgi xalqlarının nümayəndələrinin uzaqgörənliyi və qətiyyəti sayəsində Yaraliyevlərin mənfur planı baş tutmadı. Dərbənddə yaşayan müxtəlif xalqların nümayəndələri, o cümlədən, azərbaycanlılar küçələrə çıxaraq İmamın istefasını tələb edirdilər.
Dərbənd meri işləyərkən onun əsas hədəfi Dərbənd şəhər muzeyi və qoruğunun direktoru Əli İbrahimov idi. 36 yaşlı Əlini sadvalçı ilə əvəz etmək üçün İmam min bir oyundan çıxdı. Onu öldürməklə belə hədələdilər, əleyhinə böhtan dolu materiallar dərc etdirdilər və indi də davam etdirirlər. Moskvada bəzi ermənilərlə birləşib Narınqalanı ələ keçirmək üçün xüsusi plan qurulub. Lakin dərbəndlilər Əlini müdafiə etdilər. O, İmam Yaraliyevə baş əymədi. Rusiya Mədəniyyət Nazirliyi və Dağıstanın rəhbərləri də Əli İbrahimovu dəstəklədilər.
İmam Yaraliyev yenə də yaramaz əməllərindən əl çəkmir. Azərbaycan əleyhinə olan mətbu orqanları və saytları maliyyələşdirir. Özünə İmam-Dax adını qoyub(Dax Dağıstan ləzgilərinin dilində ləzgilərin atası deməkdir). Bu “ata” Odnoklasnikdə, Feysbukda və digər sosial şəbəkələrdə “Ləzgistan” ideyasını yayan qrupları maliyyələşdirir. Azərbaycan əleyhinə aparılan kompaniyalara çox gizli şəkildə və ustalıqla dəstək verir. Azərbaycana qarşı olan millətçi fond və hərəkatlara da vaxtı-vaxtında pul verir. Dağıstanın indiki prezidentinə qarşı müxalif mövqedədir. Bir məsələni də qeyd edək ki, vaxtilə sadvalçılar İ. Yaraliyevin Dağıstanın rəhbəri olması üçün Rusiya rəhbərliyinə də müraciətlər göndərmişdilər. Öz doğma kəndində iki milyonluq villası olan bu “Dax” əvvəllər işlədiyi Sülyman Stalski rayonunu yenə də öz nüfuz dairəsində saxlayır. Dağıstanın cənubunda özünü bütün ləzgi xalqının lideri sayır. Amma belə deyil. Cənubda yaşayan ləzgilərin heç də hamısı İmamın arxasında deyillər. Keçmiş Dərbənd merininsə bir məqsədi var: Dağıstanın indiki rəhbəri Ramazan Abdulatipovu hakimiyyətdən uzaqlaşdırmaq və bu postu ələ keçirmək. Bundan ötrü Kremlin qapılarını yalayan bəzi dağıstanlı sadvalçı vəzifəlilər əslində Ramazan Abdulatipova deyil, İmama xidmət göstərirlər. İ. Yaraliyevsə rəsmi Moskvaya sübut etmək istəyir ki, Rusiyanın cənub forpostu olan Dağıstanın cənubu yalnız onun liderliyi ilə öz mövqeyini ciddi qoruyub saxlaya bilər. Lakin Rusiya da əvvəlki Rusiya deyil. Bu ilin mayında gözlənilmədən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İmam-“Dax”ın evinə hücum edərək axtarış aparıblar. Bir neçə gündən sonra o, sərbəst buraxılıb. Məlumatlara görə, İ. Yaraliyev “Rıçal-su” müəssisəsinin aylıq qazancının böyük hissəsindən “könüllü” imtina edib. Lakin onun haqqında cinayət işi hələ bağlanmayıb. İmam vəzifə səlahiyyətlərini aşmaqda və federal torpaqları qanunsuz satmaqda ittiham olunur.
Son günlər tez-tez Dağıstanın Samur yaşayış məntəqəsində mitinqlər təşkil olunur. İnsanlar küçələrə çıxaraq Samur meşələrinin qırılması və Samur çayında qanunsuz qovşağın tikilməsinə etirazlarını bildirirlər. Məhərrəmkənddəki mənbənin verdiyi məlumata görə, əslində həqiqət belə deyil. Bu işin arxasında da İmam Yaraliyev durur. O, ləzgiləri ayağa qaldırmaqla Dağıstanın rəhbərini gözdən salmağa çalışır, çaxnaşma yaradır. İstəyir ki, əhali polislə toqquşsun, bir-iki adam öldürülsün və Dağıstanda xaos yaransın. Sonra isə özü ortaya çıxaraq xaosu yatırsın və rəsmi Kremlin rəğbətini qazansın.
Azərbaycan Dağıstanla qardaş respublikadır. Son vaxtlar hər iki ölkənin rəhbərləri tez-tez görüşürlər. Azərbaycan hökuməti Dağıstana investisiyalar yatırmaq istiqamətində ciddi işlər görür. Dərbənddə H. Əliyev adına prospekt salınıb, olimpiya kompleksi tikilməsi planlaşdırılır və s. Təbii ki, belə münasibətlər ləzgilərin yox, “Ləzgistan” ideyasının “Dax”ı olan İmam Yaraliyevin ürəyincə deyil. O və tərəfdarları hər vəchlə çalışırlar ki, iki respublika arasında olan münasibətlərə xələl gətirsinlər. Ləzgi xalqı isə bu yolu tutmayacaq. Bu ilin aprelində Azərbaycan Milli Ordusunun uğurlu əməliyyatlarından sonra sosial şəbəkələrdə fəallaşan sadvalçıların arxasınca getməyəcək. Tarixi ənənələr var. Bu dostluq və qardaşlıq ənənəsidir.
İmam -“Dax”ın yolu isə Qafqaz kişisinin yolu deyil!
Müqəddəs Mehdiyev,
"Şimal xəbərləri" qəzetinin baş redaktoru