“MTN mafiyası”na ayrılan yardım, mükafat, məzuniyyət pullarının miqdarı- DTX-nın açıqlaması

31-12-2016, 19:03           
“MTN mafiyası”na ayrılan yardım, mükafat, məzuniyyət pullarının miqdarı- DTX-nın açıqlaması
Həbs edilən “MTN mafiyası” üzvlərinin vəzifədə olduqları dönəmdə əldə etdikləri rəsmi qazanc məlum olub. Bu barədə həbs edilən MTN-çilərlə bağlı cinayət işi materiallarınıda məlumat yer alır

Musavat.com xəbər verir ki, Dövlət Təhülkəsizlik Xidməti (DTX) həbs edilən MTN üzvlərinin vəzifədə olduqları illər ərzində onlara ayrılan aylıq maaş, məzuniyyət pulu, birdəfəlik yardımlar haqda istintaq orqanlarına məlumat verib.

Məlumatda “MTN mafiyası”nın həbs edilən üzvlərinin rəsmi olaraq nə qədər maddi gəlirlər əldə etdikləri aydın olub.

DTX tərəfindən istintaq orqanlarına göndərilən məktubla təqdim edilmiş məlumatdan MTN-çilərin qulluq etdikləri 2005-2015-ci illər ərzində əldə etdikləri rəsmi pul təminatı, maddi yardım, mükafat, məzuniyyət və müalicə müavinətləri üçün ayrılan ödənişlər aşağıdakı kimidir:

1- Milli Təhlükəsizlik Nazirliyinin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəisi Qurbanov Sübahir Xalıq oğluna- 303.846,67 manat
2- Həmin Baş idarənin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Əliyev Fizuli Zülfüqar oğluna- 146.707,35 manat
3- 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Alıyev Natiq Allahverdi oğluna- 112.495,55 manat
4- 1-ci idarənin sabiq rəis müavini Məmmədov Zaur İbiş oğluna- 140.813,2 manat
5- Əməliyyat-texniki idarəsinin sabiq rəisi Mirvətova Natavan Mürsəl qızına 341.492 manat
6- Monitorinq Mərkəzinin rəisi Quliyev Teymur Rəcəb oğluna 263.555 manat
7- Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 5-ci şöbənin sabiq baş mütəxəssisi (hədəf inzibatçısı) Atayev Fərhad Tofiq oğluna 171.826 manat
8- Akif Çovdarovun rəhbəri olduğu Baş İdarənin 1-ci şöbəsinin 2-ci bölməsinin sabiq rəisi Şirəliyev Anar Hacıçoban oğluna- 139.662,87 manat
9- Həmin idarənin 2-ci şöbəsinin rəisi vəzifəsinin sabiq icraçısı Əzizov Elşad Əzizağa oğluna 171.826,08 manat
10- 2014-2015-ci illər ərzində 3-cü şöbənin 1-ci bölməsinin əməliyyat müvəkkili vəzifəsini icra etmiş Əliyev Eşqin Dünyamalı oğluna 11.709,2 manat

Cinayət işi materiallarından aydın olur ki, təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlakların, avtonəqliyyat vasitələrinin, qızıl-zinət məmulatlarının dəyərinin həmin məbləğlərdən dəfələrlə artıqdır.

Aparılan araşdırmaların nəticəsi olaraq cinayət işi materiallarında yazılır ki, bu fərq onların qeyd olunan maddi sərvətləri qeyri-qanuni yollarla, yəni mütəşəkkil cinayətkar korrupsiya şəbəkəsi tərkibində hakimiyyət və qulluq mövqelərindən sui-istifadə, hakimiyyət həddini və səlahiyyətlərini aşma, quldurluq, hədə-qorxu ilə tələb etmə, ruşvət alma cinayət əməllərini törətməklə əldə etmələrini təsdiqləyən mötəbər sübut kimi qiymətləndirilməlidir.

Adları qeyd edilən şəxslər qulluq mövqelərindən sui-istifadə etmədə, gizli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarını dinləmədə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirmədə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşalra qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər.

Qeyd edək ki, məhkəmə qərarları əsasında bu şəxslərin ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

İlkin Muradov
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.