Nəvəsinin qulağı kəsildi, oğlunun ayağı... – Milyarderlərin pul üçün verdiyi QURBANLAR
18-01-2017, 08:42
Varlıların gözəl həyatları haqqında hər kəs tərəfindən qəbul edilmiş təsəvvürlər mövcuddur: təmtəraqlı yaxtalar, avtomobillər, şəxsi adalar, qulluqçuları olan saraylar, Fransadan gətirilmiş 100 illik şərablar və s. lakin reallıq heç də belə deyil. Xüsusilə ABŞ-da və Avropada varlıların qəpik-qəpik pul yığaraq, varidatlarını artırır.
Publika.az xəbər xəsislikləri ilə ad çıxarmış milyarderləri təqdim edir.
73 milyardı var, lakin pulsuz qəlyanaltı imkanından istifadə edir
Maliyyə bazarında böhran yaranandan sonra dünyanın ən varlı insanlarından olan investor Uorren Baffet səhər yeməyində qənaət etmək qərarına gəlib. Belə ki, o, “Makdonalds”dan hər gün 3,17 dollara aldığı “MakMaffian”ın yerinə 2,95 dollara sendviç alacaq.
73 milyard dollar varidata malik olan biznesmen 22 sentə qənaət edir. O deyir ki, əvvəlcə xərcləri azaltmaq, sonra pul xərcləmək lazımdır. Hətta Uorren Baffet “Makdonalds”da müəyyən vaxtlarda ömürlük pulsuz qəlyanaltı etməyə icazə verən kartdan da istifadə edir. Bu kart isə yalnız Omaxa şəhərində qüvvədədir.
Milyarder həmçinin, köhnə avtomobilindən istifadə edir və Omaxada XX əsrin ortalarında aldığı ikimərtəbəli evində sadə həyat tərzi sürür. O, mesenatlığı ilə tanınır. Təkcə şəxsi təyyarəsi ilə hər kəsdən seçilir.
Tələbə toyu
“Forbes”in yüksək pillələrində yer alan “Facebook”un sahibi Mark Zukerberq də qənaətcilliyi ilə tanınır. Hər şeydən əvvəl bu, onun geyimində hiss olunur. Milyarder danışır ki, sadə geyimləri həm də vaxta qənaət etmək üçün geyinir. Çünki qarderobda eşələnmək əlavə vaxt itkisidir. “Facebook”un yaradıcısı ilə sevgilisi Çan Prissillin toyu olduqca sadəliyi ilə seçilirdi. 2012-ci ildə olan toy hansısa xüsusi adada yox, Zukerberqin Palo-Alto şəhərindəki evinin həyətində baş tutdu. Toyda təxminən 100 insan var idi. Onların əksəriyyəti Prissilin tələbə yoldaşları idi. Cütlük bal ayını da qənaətlə keçirdi. Onlar ucuz mehmanxanada nömrə tutdular və Romanın görməli yerlərini piyada gəzdilər.
3 milyardın sahibi ictimai nəqliyyatda pulsuz gedir
İKEA-nın təsisçisi, 3,5 milyard dollar varidatı olan 89 yaşlı İnqvar Kamprad ən ucuz paltarlar geyinir. O, bundan utanmadığını, hətta nümunə olduğunu deyir. Milyarder ekonom-klassda uçur, ucuz restoranlarda nahar eləyir, yolüstü mehmanxanalarda qalır. Bəzən də pensiya kartından istifadə edərək, ictimai nəqliyyatda pulsuz gedir. O, dincəlmək üçün ailəsi ilə birlikdə çayın kənarına gedir və balıq tutur.
Alverçi ilə çənə-boğaz olan milyarder
“Tetra Pak” şirkətinin banisinin oğlu Hans Rausinq 1980-ci illərdə vergilərə qənaət etmək üçün Böyük Britaniyaya köçdü. O, uzun müddət bu ölkənin ən zəngin insanı hesab olunurdu. 1990-cı illərin ortalarında “tetra Pak”da öz payını qardaşına satdı və işlərdən çəkildi. 2002-ci ildə onun 6,3 milyard pulu var idi. İngiltərədə o məhsulların qiymətini aşağı salmaq üçün var gücü ilə sövdələşdiyinə görə, ən xəsis milyarder şöhrətini qazanmışdı.
Quldurlar pul almaq üçün nəvəsinin qulağını kəsdilər, amma...
Neft maqnatı Con Pol Qetti 1970-ci illərin ortalarında dünyanın ən zəngin insanı hesab olunurdu. Lakin o varlıların əksəriyyətindən fərqli olaraq, xeyriyyəçi deyildi. Hər dolların hesabını aparırdı. Hətta Sutton Placedə öz malikanəsinə qonaqların və qulluqçuların zənglərinin pulunu ödəməmək üçün taksofonlar quraşdırmışdı.
1973-cü ildə “Getty Oil Company” sahibinin nəvəsini oğurladılar. O, nəvəsini geri qaytarmaq üçün tələb olunan məbləğ üzərində təxminən yarım il sövdələşmə apardı. Quldurlar 17 milyon tələb edirdilər, maqnat isə bunu ödəməyə tələsmirdi. Onda nəvəsinin qulağını kəsərək, zərfdən ona göndərdilər. Bu zaman maqnat yalnız 3 milyon dollar ödədi. “Mənim 14 nəvəm var, onların hər birini oğurlasalar və mən pul ödəsəm, o zaman müflis olaram” deyə o inad edirdi. 1976-cı ildə ölərkən, maqnatın varidatı 4 milyard dollar dəyərində qiymətləndirilirdi.
Oğlunun ayağını pula qurban verdi
1834-cü ildə ABŞ-ın Nyu-Bedforde şəhərində doğulan Henrietta Houlend Robinson adlı xanım biznesmen xəsisliyi ilə tarixdə iz qoyub. Ona “Uoll küçəsinin cadugəri” adını vermişdilər. Pul yığmaq onun həyatının mənası idi. Ona atasından 7,5 milyon dollar miras qaldı. Həmçinin, milyonçuya ərə getmişdi. Xanım biznesmen öz atasının mirasını qiymətli kağızlara və daşınmaz əmlaka yatıraraq, əhəmiyyətli dərəcədə artırdı. Varlı olmasına baxmayaraq, ucuz mənzillərdə yaşayır və yeməkxanalarda yemək yeyirdi. O, mənzilində isti sudan istifadə etmirdi, əl sabunları saxta idi, ofisini batareya ilə qızdırırdı, illərlə eyni qara donu geyinirdi və yerli mağazadan ən ucuz peçeniyanı alırdı. Kiçik oğlu ayağını sındıranda Henrietta uşağı kasıblar üçün xəstəxanaya aparmağa qərar verdi. Lakin bunun üçün nəzərdə tutulan iki sentlik poçt markasını itirmişdi. Bütün gecəni o, markanı axtardı və uşağı xəstəxanaya aparmaqda gecikdi. Nəticədə uşağın ayağını amputasiya etdilər. O, 82 yaşında öldü. Ölümü də məhz xəsisliyinə görə oldu. Belə ki, aşpaz artıq süd verdiyi üçün onunla dalaşmağa başladı və aldığı zərbədən yerindəcə keçindi. Həmin vaxt onun 200 milyon dollar pulu var idi.