Qəsəbənin kabusuna çevrilən “dəmir quşlar”

20-01-2017, 11:27           
Qəsəbənin kabusuna çevrilən “dəmir quşlar”
Türkiyəyə məxsus yük təyyarəsinin Qırğızıstanda bir qəsəbə ərazisində qəzaya uğradığı barədə xəbər verilib. Ən son məlumata görə, qəza 37 nəfərin ölümünə səbəb olub. Onlardan 4-ü təyyarənin heyət üzvi, qalanları isə adıçəkilən ərazidə yaşayanlar olub.

Hava limanlarının ətrafında yaşayış məntəqəsinin olması dəhşətli faciənin qurbanlarının sayının artması ilə nəticələnib. Olay zamanı həmçinin onlarla ev dağılıb. Bu xəbərin izi ilə biz də Bakıdakı oxşar vəziyyəti araşdırmaq qərarına gəldik. Görəsən, ölkəmizdə hava limanları salınarkən bütün bunlar gözə alınıbmı, yaşayış məntəqələri hava limanlarına nə qədər yaxındır və yaxın olması nə dərəcədə doğrudur?

Bütün bu suallara aydınlıq gətirmək üçün Bakı Beynəlxalq Aeroportuna yaxın yaşayış məntəqələrində olub sakinlərlə görüşdük.

Binə qəsəbəsinin 2-ci yeni sahə hissəsində Beynəlxalq Hava Limanının yük və sərnişindaşıma təyyarələrinin yerləşdiyi ərazinin ətrafında onlarla yaşayış evi var. Ərazinin rəsmi adı olmasa, sakinlər buranı “Atçılıq” adlandırırlar. Burada yaşayanlar demək olar ki, hava limanı ilə qonşudur. Onları ayıran yalnız aradakı dəmir torlardır.

Evlərdən baxanda hava limanında hərəkət edən təyyarələri görmək mümkündür. Hava limanı yaşayış evlərinə yaxın olsa da, təyyarələr havaya qalxarkən yaşayış binalarının üzərindən keçmir. Uçuş zolağı yaşayış sahələrindən əks istiqamətdədir. Yəni uçuş əks tərəfə həyata keçirilir.

Limanın bir addımlığında yaşayan ailələr əvvəllər bir çox problemlərlə qarşılaşsalar da, hazırda bu durumun aradan qalxdığını deyirlər: “15 ilə yaxındır ki, ”Atçılıq"da yaşayıram. Demək olar ki, hər gün onlarla təyyarə evimizin qarşısından keçir. Ancaq bunun hər hansı təhlükəsi yoxdur. Təyyarələr havaya qalxarkən xeyli uzaq məsafədən keçir. Biz yalnız onların səsini eşidə bilirik. Mən bildiyim qədər, 2-3 il olar ki, uçuş zolağını dəyişiblər. Əvvəllər vəziyyət fərqli idi. Təyyarənin səsindən evdə yaşamaq olmurdu. Hətta o qədər güclü səs olurdu ki, evlər titrəyirdi".

Binə qəsəbəsindəki keçmiş hava limanı (“tolkuçka” adlanan ərazi) yaxınlığında yaşayanlar isə təyyarələr eniş etdiyi zaman qorxu hissi keçirdiklərini bildirdilər. Qəsəbə sakinlərinin dediyinə görə, təyyarələr hava limanına eniş edən zaman güclü səs onları vahiməyə salır.

Onları qorxudan səbəb isə illər öncə baş verən hadisənin təkrarlanacağından ehtiyatlanmalıdır. Ərazidə məskunlaşan sakinlər narahatlıqlarını belə ifadə etdilər: “Təqribən 10 il əvvəl ”İl-76" təyyarəsi uçuş zolağından çıxıb, yaşayış binaları üzərinə gəldi. Təsadüf nəticəsində qəzadan xilas olduq. Binə qəsəbəsində “Böyük məscid” adlanan məscid var, az qala onun üstünə çırpılacaqdı. Məscidlə 30-40 metr məsafəsi var idi. Çırpılmağa az qalmış, sanki pilotlar yuxudan ayıldılar. Birtəhər təyyarəni döndərib, Aviasiya Akademiyasına tərəf yönəltdilər. Ancaq təyyarə sağa-sola əyildi, qəza vəziyyəti yarandı. Xoşbəxtlikdən idarəetməni əldə saxladılar. Təyyarə yerə olduqca yaxın məsafədən eniş etdiyi üçün bizə çox həyəcan yaşatdı. Hər dəfə təyyarələr başımızın üstündən keçəndə içimizdəki qorxunu boğmağa çalışırıq".

Adının çəkilməsini istəməyən şəxs isə təyyarələrdən çıxan tüstünün havanı çirkləndirdiyini dedi: “Təyyarələr yaşayış evlərinin üzərindən keçən zaman ətrafa mazut qoxusu yayılır. Təsəvvür edin ki, gün ərzində onlarla sərnişin və yük təyyarəsi eniş edir. Eniş edərkən ətrafa pis qoxu yayılır. O qədər yaxın keçir ki, yaxın ətrafda hava zəhər olur. Bildiyimiz qədər, dünya praktikasında hava limanları yaşayış məntəqələrindən kənarda yerləşir. Bir neçə il öncə söhbət gəzirdi ki, buranın sakinlərinə kompensasiya veriləcək və evlər köçürüləcək. Ancaq bu elə söz olaraq qaldı”.

Sakinlərin sözlərinə görə, əsas problemlərdən biri də radarlardan ətrafa yayılan radiasiyadır: “Təyyarələrin güclü radarları var ki, bu da insanların səhhəti üçün təhlükəlidir. Radarların güclü şüalanması ən çox azyaşlı uşaqlar üçün təhlükəli hesab olunur. Xüsusən də gecə uçuşları zamanı dəhşətli dərəcədə səs-küy olur. Ölkə başçısı bütün bunları nəzərə alaraq, təqribən 5-6 il əvvəl sərəncam vermişdi ki, gecə saat 12-dən sonra təyyarə uçmasın. Bir müddət bu qaydalara əmək etdilər, lakin sonra yenidən gecə uçuşlarını davam etdirdilər. Yay vaxtı pəncərələr açıq olduğundan təyyarələrin səsindən evdə oturmaq olmur. Bir ara söhbət gəzirdi ki, radiasiya və səs-küyə görə yaxınlıqda yaşayan əhaliyə kompensasiya verib köçürəcəklər. Ancaq indi bu haqda danışan yoxdur”.

Qəsəbədə olarkən özümüz də təyyarələr eniş edərkən çıxan səs-küyün şahidi olduq. Sakinlərin yaşadığı digər problemlər bir yana, məhz hava limanına yaxın olması səbəbindən buranı insan həyatı üçün təhlükəli ərazi hesab etmək olar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.