SSRİ-nin kabusuna çevrilən casus: Reynhard Gelen - FOTOLAR

1-10-2017, 08:53           
SSRİ-nin kabusuna  çevrilən casus: Reynhard Gelen - FOTOLAR
Belə bir deyim var: tarixi qaliblər yazır. Odur ki, sovet arxivlərində yalnız rus kəşfiyyatçıları haqqında geninə-boluna materiallar tapmaq olar. Onlar haqqında bədii filmlər çəkilib, mahnılar bəstələnib.
Yaşı bir az çox olanlar məşhur "Baharın 17-ci anı" filminə, yəqin ki, tamaşa ediblər. Film televiziyada nümayiş etdiriləndə ekran başına milyonlarla tamaşaçı yığılırdı.
Reallıqda SSRİ Almaniya və digər işğal olunmuş ərazilərdə "Qırmızı Kapella" adlı kəşfiyyat və casus şəbəkəsi yarada bilmişdi.
Almanların şəbəkəsi haqda isə sovet tarixçiləri susurdu.
"Şərq şöbəsi"
Sovet İttifaqındakı alman casuslarına isə əfsanəvi Reynhard Gelen rəhbərlik edirdi. Məhz ona tabe olan "Şərq şöbəsi" çoxsaylı agentura şəbəkəsinə malik idi.
Şöbəyə rəhbərlik edənlərdən biri də general Ernst Kestrinq idi. O elə Rusiyada, Tula şəhəri yaxınlığında doğulmuşdu. Milliyyətcə alman olsa da, rus adətlərini, dilini, psixologiyasını əla bilirdi. Əməliyyatları ən xırda detalına kimi hazırlayırdı.
Kestrinqin bir sovet məmurunu necə superagentə çevirməsi də maraqlıdır. Hadisə 1941-ci il oktyabrın 13-də baş verdi. Həmin vaxt sovet ordusunun kapitanı, 38 yaşlı Minişski almanlara əsir düşdü.
Məlum oldu ki, kapitan müharibəyədək Moskva vilayəti üzrə partiyanın birinci katibi, müharibə vaxtı isə Şərq cəbhəsi üzrə hərbi komissarın birinci müavini olub. Minişski öz sürücüsü ilə birgə əsir alınmışdı. Maşınla cəbhədəki vəziyyəti öyrənməyə çıxmış, azaraq əsir düşmüşdülər.
Alman kəşfiyyatı üçün bu şəxs böyük maraq doğururdu. Əsir alınan Minişski almanlarla əməkdaşlığa tez razılaşdı. Bir şərtlə ki, vaxt gələndə ona və ailəsinə alman vətəndaşlığı veriləcək.
Hazırlıq
Minişski 8 ay xüsusi düşərgədə təlim keçdi. Ona radioqəbuledicidən istifadə etməyi, əlbəyaxa döyüşü və başqa şeyləri öyrətdilər. Almanlar "Flaminqo" kod adlı əməliyyatı məhz onun üzərində hazırladılar.
Minişski cəbhə xəttini keçib yenidən sovet qərargahına qayıtdı. Hər bir detal elə hazırlanmışdı ki, inandırıcı olsun. Guya Minişski əsir düşərgəsindən qaçmışdı. Plan baş tutdu. Minişskiyə inandılar. Onu Moskvada qəhrəman kimi qarşıladılar.
Təsəvvür edirsiniz, "NKVD" adi əsirləri güllələyirdi. Minişskiyə isə inandılar. Bu, planı hazırlayan almanların peşəkarlığının sübutu idi.
Az keçmiş Minişski Moskva Vilayət Sovetliyində yenidən məsul vəzifə tutdu.
1942 il iyulun 14-də Minişkidən ilk sensasiyalı informasiya gəldi:
"İyulun 13-də Moskvada Şapoşnikov, Voroşilov, Molotov, Baş Qərargah generalları, həmçinin Britaniya, Çin və ABŞ diplomatları və hərbi attaşelərinin iştirakı ilə iclas keçirilib. Şapoşnikov deyib ki, Volqa çayınadək geri çəkiləcəklər. Əsas məqsəd almanların burada irəliləməsinin qarşısını almaq, onları sərt qış şəraitində zəiflətməkdir.
Geri çəkilmə ərəfəsində hərbi zavodlar Urala və Sibirə köçürüləcək. Yerli infrastruktur isə almanların hücumundan qabaq məhv ediləcək.
İclasda Britaniya səfiri SSRİ-dən Misirdə onların ordusuna dəstək verməsini xahiş edib. Şapoşnikov deyib ki, bu mümkün deyil. Sovet ordusunda canlı qüvvə, tank və təyyarə sarıdan onsuz da çatışmazlıqlar var".
Məlumatda Qafqaz cəbhəsinə aid qiymətli informasiyalar da vardı.
Minişskinin informasiyası düz çıxdı. Qeyd edək ki, almanlar ona "438 Kulrij" adı vermişdilər. Sonradan almanlar Minişskini cəbhə xəttindən keçirərək öz düşərgələrinə qaytardılar. Burada Minişski kəşfiyyat şöbəsinin informasiya və analitika şöbəsində vəzifə tutdu.
Yeni xidmət yeri
Müharibə sona çatan dövrlərdə Reynhard Gelen gələcəyi haqda düşündü. Onun əlində olan informasiya üçün istənilən dövlətin kəşfiyyatı nə desən edərdi. Gelen amerikalıları seçdi.
Amerikalılar əfsanəvi kəşfiyyatçını əldən buraxa bilməzdilər. Onun yeni xidmət yeri Qərbi Almaniya oldu. Soyuq müharibə dövründə isə Gelen Almaniya Federativ Respublikasının kəşfiyyatına rəhbərlik etdi.
Təqaüdə çıxandan sonra "Xidmət: 1941-1971" adlı kitabını – memuarlarını yazdı.
Amerika jurnalistləri isə onu "əsrin casusu" adlandırırdılar.
İlqar Atabəyli














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.