Lökbatanda antiterror əməliyyatı olmayıb? DTX-nın rəsmi xəbərinə düzəliş edildi

27-10-2017, 09:55           

Oktyabrın 25-də hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərən şəxslərin zərərsizləşdirilməsi ilə məlumatlarda yeni gəlişmə var.

Qeyd edək ki, ötən gecə DTX-nın mətbuat xidməti 3 nəfər silahlı şəxsin zərərsizləşdirilməsi haqqında məlumat yaymışdı. Məlumatda qeyd edilirdi ki, bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Abdullah” ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin “əmir”i seçmişlər.

Həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlamış, 2017-ci il oktyabrın 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçirmişlər. Həmin şəxslərin əməliyyat-texniki yolla ətraflı qeydə alınmış görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəlmişlər.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilmişdir”.

Məlumatda daha sonra qeyd edilirdi ki, “Cinayətkar dəstənin üzvləri Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv edilmişlər”.

Buna paralel olaraq, ötən gecə mediada Xırdalan şəhərində atışmanın baş verdiyi və iki nəfər silahlı şəxsin öldürüldüyü haqqında məlumat yayılmışdı. Bu məlumatlarda zərərsizləşdirilən şəxslərin və əməliyyatı keçirən hüquq mühafizə orqanlarının adının açıqlanmaması, üstəlik, rəsmi dairələrin Xırdalanda baş verən olaya hər hansı münasibət bildirməməsi müəmmalara yol açmışdı. Xəbərlərin axını və DTX-nın məlumatında söhbət Lökbatanda olan cinayətkar qruplaşmadan getdiyi üçün elə bir rəy formalaşmışdı ki, ötən gecə Lökbatanda bir əməliyyat, Xırdalanda isə başqa bir əməliyyat həyata keçirilib. Ölkənin əksər tirajlı saytları DTX-nın əməliyyatı və Xırdalandakı atışma barədə xəbərləri bir biri ilə əlaqələndirmədən dərc etmişdilər.

Lakin bu gün məlum olub ki, DTX-nın rəsmi saytında ötən gecə dərc edilən və KİV orqanlarının istinad etdiyi məlumata düzəliş edilib. Məlumatın 5-ci abzasında “Cinayətkar dəstənin üzvləri Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv edilmişlər” cümləsinin əvvəlinə “Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat zamanı” – sözləri əlavə olunub.

DTX melumatina duzelish

Qeyd edək ki, bu gün Abşeron rayon prokurorluğu Xırdalan rayonunda keçirilən əməliyatla bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda – Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə Abşeron rayon prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.

Baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbaraları, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilələrək müvafiq qaydada qablaşdırılıb maddi sübut kimi götürülüb.

Faktla bağlı hazırda Abşeron rayon prokurorluğunda araşdırmalar davam etdirilir”.

Bastainfo.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.