İran səhiyyəsində “möcüzə”: - zob qurbağa ilə necə “müalicə” olunur...
30-10-2015, 17:02
İran mətbuatı bu ilin birinci yarısında bu ölkəyə müalicəyə gedən əcnəbi vətəndaşlarla bağlı statistika açıqlayıb. İlk dəfədir ki, Azərbaycandan müalicəyə gedən xəstələrin sayının 30 faiz azaldığı etiraf edilib.
Doğrudur, əcnəbilərin hələ də İran səhiyyəsinə etibar etdiyini təkrar-təkrar vurğulamaqla problemin İran səhiyyəsində deyil, digər ölkələrdəki iqtisadi vəziyyətdən qaynaqlandığını sübut etməyə çalışıblar. Amma fakt dəyişmir. Artıq İrana müalicəyə gedən Azərbaycan vətəndaşlarının sayı şişirdilmiş rəqəmlərlə belə reklam olunacaq səviyyədə deyil. Yəqin buna görə də əcnəbi xəstələrlə bağlı konkret rəqəmlər deyil, faizlər göstərilir.
Amma İran mətbuatı əcnəbi xəstələrin müraciət etdiyi sahələr sadalamağı unutmayıb. İddiaya inansaq, Azərbaycan vətəndaşları daha çox zob, sonsuzluq, xərçəng, ürək xəstəlikləri ilə bağlı müraciət edib.
“Xarici vətəndaşlardan hər 10 nəfərdən 2-si qalxanvari vəzin müalicəsi üçün müraciət edib. Bu xəstəliyin müalicəsində İran naliyyətlərə imza atıb. İran səhiyyəsi tətbiq edilən yeniliklərə görə üstündür ”- deyə yazının sonunda xüsusi qeyd edilir.
Əslində son 2-3 ildə İrana müalicəyə gedənlərin sayının dəfələrlə azaldığı Azərbaycan Dövlət Statistika Komitəsi və Dövlət Sərhəd Xidmətinin rəsmi statistikasından bəlli idi. İran tərəfinin güzəşt vədləri, azərbaycanlı xəstələr üçün xüsusi klinika yaratmaq təklifləri, internetdəki reklamlar da qonşu ölkəyə gedən xəstələrin sayının azalmasından xəbər verirdi.
Amma hələ də İran təbabətinə etibar edənlər var. Üstəlik onların əksəriyyəti reklamların qurbanı olur.
Bəs İran zob xəstəliklərin müalicəsində doğrudanmı yeni dərman və ya müalicə üsulu kəşf edib? Azərbaycanda zob xəstəliklərinin müalicəsi necə aparılır?
Virtualaz.org saytı bu suallara cavab axtarıb.
Azərbaycanda ən çox yayılan xəstəliklər sırasında qalxanvari vəzin xəstəlikləri ikinci yerdədir. Səhiyyə Nazirliyinin zob xəstəliyi ilə bağlı açıqlamasında belə qeyd olunur.
Dövlət Statistika Komitəsinin məlumatında isə deyilir ki, ötən il dövlət xəstəxanalarında qalxanvari vəzin xərçəngi diaqnozu ilə 1000-ə yaxın xəstə qeydiyyatda olub. Onların arasında azyaşlılar da var.
Zobun müxtəlif formalarından əziyyət çəkənlərin 80 faizi qadınlardır. Daha dəqiq desək, hər 10 xəstədən 8-i qadınlar olur. Bu isə qadınların immun sisteminin kişilərə nisbətən zəif olması ilə əlaqələndirilir.
Ümumilikdə isə hazırda dünya əhalisinin 1/3-i qalxanabənzər vəzin funksiyalarının pozulmasından əziyyət çəkir. Qalxanabənzər vəzin xəstəlikləri iki hissəyə bölünür. Birinci qrupa yod çatışmazlığından əmələ gələn xəstəliklər, yəni endemik zob aiddir. İkinci qrupa isə autoimmun xəstəliklər nəticəsində yaranan çatışmazlıqlar daxildir.
İrana gedən xəstələrin dedikləri
“Son günlər başımda küt ağrılar olurdu, boğulurdum, nəfəs ala bilmirdim. Özəl klinikaların biri tərəfindən dəvət edilən iranlı həkimin qəbuluna getdim. Klinikaya 80 manat ödəsəm də həkim mənə diaqnoz qoymadı. Dedi ki, diaqnoz qoymaq üçün analizlər verməlisən, UZİ, rentgen müayinəsindən keçməlisən, bu isə baha başa gələcək.
Ona görə də həm ucuz, həm də hərtərəfli müayinə üçün məni İrana dəvət etdi. Həkim onu da dedi ki, yalnız öz xəstəxanalarının cavabına etibar edir. Razılaşdıq, bir həftədən sonra İrana getdim” - bunu Bakı şəhər sakini 47 yaşlı Nailə Bağırova deyir.
N.Bağırovanın sözlərinə görə, həkimin şəxsi klinikası bir otaq və dəhlüzdən ibarət olub: “Dəhlizdə qoyulan masalarda 2-3 nəfər oturmuşdu. Növbədənkənar qəbul üçün 20 dollar, həkimin qəbulu üçün isə 50 dollar ödədim. Həkim analizlər təyin etdi. “Khazar” klinikasında UZİ, rentgen etdilər, başqa bir xəstəxanada isə qan analizi verdim. Həkim analizlərə baxandan sonra məndə şiş xəstəliyi olduğunu dedi. Hətta Azərbaycandakı həkimləri savadsızlıqda, xəstələri aldatmaqda da günahlandırdı. Şişin yaxşı, yoxsa pis olduğunu müəyyənləşdirmək üçün təkrar analizlər yazdı”.
Boğazında şiş olduğunu öyrənən qadının təzyiqi yüksəlib, huşunu itirib: “Həmin gün məni təcili xəstəxanada yerləşdirdilər. Bir gecə xəstəxanada qalmaq üçün də 400 dollar ödədim. Təsəvvür edin, sakitləşdiricilər də kömək etmirdi, səhərə kimi ağladım. Növbəti müayinələrdən sonra dərmanları alıb Bakıya qayıtdım”.
Bakıya geri dönən ailə evi satıb İrana köçmək istəyib: “Həkim məni İranda müalicənin ucuz başa gəldiyinə inandırmışdı. Buna görə də evi satıb İrana köçmək istəyirdik. Ev satılmadığından bankdan kredit götürdük, yenidən İrana qayıtdım. Həkim böyrəyimdə çöküntü, mədəmdə yara olduğunu söyləmişdi. Gündə bir neçə dəfə dərman qəbul edirdim, daim yuxulayırdım, başım hərlənirdi. Qəbul etdiyim dərmanlardan sonra arıqlamağa başlamışdım”.
Qohumlarının təkidi ilə Bakıda həkimə gedən N.Bağırovaya zob diaqnozu qoyulub: “İranlı həkimin şiş dediyi xəstəlik zob imiş. Zobun zəhərli olub-olmadığını analiz ediblərmiş. Təkrar analizlər də məndə xərçəng olmadığını təsdiqlədi. Həkimə zəng vurub vəziyyəti danışdım. Mənə qəribə açıqlama verdi. Dedi ki, o da zob diaqnozu qoyub. Sadəcə mən onu düzgün anlamamışam, şişin xərçəng olduğunu zənn eləmişəm. Halbuki o, məni hər dəfə qorxudurdu. Nəticədə fikirdən əsəb xəstəsi olmuşam. İndi həm də əsəbə görə dərmanlar qəbul edirəm. Həkim azərbaycanlı həmkarlarını pisləməklə mənim etibarımı qazanmışdı. Həm pulum getdi, həm də əsəblərim pozuldu. Hələ də banka kredit veririk”.
Masallı rayon sakini, 14 yaşlı Sevinc Nuriyevaya isə düyünlü zob diaqnozu qoyulub.
Sevincin anası Xatirə Nuriyeva deyir ki, qızı azyaşlı olduğundan diaqnoza inanmayıb. Buna görə də Bakıya getməkdənsə İrana üz tutub: “Qonşum İrana müalicəyə getmişdi, onu bir qadın sağaltmışdı. Mənə onu aparan taksi sürücüsünün nömrəsini verdi. İranlı sürücü ilə danışdım. O, bizi sərhəd-keçid məntəqəsində qarşıladı. Əvvəlcə uşağı Parsabadda bilici yanına apardıq. Uşağı əli ilə yoxladı, otlardan hazırladığı suyu içirtdi. Sonra onu qurbağa ilə müalicə edəcəyini dedi.
Doğrusu, Bakıda da zobun qurbağa ilə müalicə edildiyini eşitmişdim. Fikirləşdim ki, qız uşağıdır, bunun gələcəyi, ana olması var. Ona görə də dərmanla müalicə olunmasını istəmirdim. Uşaq qorxsa da razı olduq. Qurbağanı boğazına yapışdırırdı. Beləliklə 9 gündən bir Farsabada gedib-gəlirdik”.
Anası deyir ki, iki aydan sonra uşağın vəziyyəti daha da pisləşib: “Uşağın çəkisi 53 kiloqramdan 38 kiloqrama düşdü. Yemək yeyəndə ürəyi bulanırdı, tərləyirdi. Buna görə də rayonda xəstəxanaya apardım. Həkim İranda qurbağa ilə müalicəni eşidəndən sonra isə əsəbiləşdi, hətta məni xəstəxanadan qovmaq istədi. Mən neyləyim axı?! Evdəkilər də türkəçarə ilə müalicəyə inanırdılar. Deyirdilər ki, qızı həkimə aparma, kənddə söhbət olar, uşağın üstünə ad qoyma, sonra qapımızı açan olmayacaq.
İrana da özümü müalicə etdirmək adı ilə gedib-gəlirdim. Sonra həkimlər deyirlər ki, uşaq qorxudan xəstəlik tapa bilərdi, qurbağadan infeksiya keçərdi”.
İranda taksi sürücülərinə etibar edirlər, amma...
Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyir ki, Azərbaycanda qalxanvari vəzin müalicəsi üçün bütün şərait mövcuddur: “Mən 3 il İranda çalışmışam. İranda güclü mütəxəssislər var. Amma məsələ burasındadır ki, bizim xəstələr taksi sürücülərinin və ya tanışlarının məsləhəti ilə həkim seçir. Belə olanda isə iranlı həkimlər azərbaycanlı xəstələrə xəstə kimi deyil, müştəri kimi yanaşırlar”.
Babək Salek onu da qeyd etdi ki, İranda müayinə və dərmanların ucuz olması reklam edilir. Əslində isə orada tibbi xidmət İran vətəndaşları üçün güzəştlidir: “İran vətəndaşları mütəxəssis təyinatından sonra müayinələrin, eləcə də dərmanların 25 faizini ödəyirlər. Yerdə qalan 75 faizi isə sığorta şirkətləri ödəyir. Azərbaycanlı xəstələrə müayinə və ya dərmanlarda güzəştlər yoxdur. Lakin İrana gedən xəstələr hərtərəfli müayinədən keçməyə razı olurlar. Biz bəzən xəstələri UZİ, rentgen müalicəsinə göndərməkdə çətinlik çəkirik. Halbuki hərtərəfli müayinə dəqiq müalicə üçün ən əsas şərtdir. Hətta belə bir deyim var: yaxşı diaqnoz qoyursansa, yaxşı da müalicə edəcəksən”.
Həkim hərtərəfli müayinə olmadan müalicə təyin edilməsinin fəsadlara yol aça biləcəyini dedi: “Zobun düyünlü, toksiki və daha bir neçə forması var. Bəzən müayinə olunmadan dərman təyin edilməsinin şahidi oluruq. Məsələn, hormonlar yoxlanılmır, UZİ, rentgen edilmir, amma dərman yazılır. Halbuki toksiki zobun müalicəsində təyin edilən dərmanlar düyünlü zob üçün əks göstəricidir. Düyünlü zobda biopsi götürülməlidir, analiz edilməlidir. Biz çox zaman qalxanvari vəzin xərçənginə rast gəlirik. Xərçəngin erkən aşkarlanması xəstəliyin müalicəsində vacib şərtdir”.
Direktor müavininin sözlərinə görə, xəstələr həkimə əksər hallarda xəstəliyin son mərhələsində müraciət edirlər: “Ötən həftə müraciət edən xəstələrin birində zob daşlaşmışdı, kələ-kötür idi. Biz həmin xəstəni təcili əməliyyata göndərdik. Xəstə zobun onu incitmədiyini deyir. Xərçəngin öldürücü gücü ondadır ki, ilkin mərhələdə xəstə ağrı hiss etmir, yalnız son mərhələdə ağrı verir. Xəstə isə yalnız ağrı hiss edəndə həkimə müraciət edir”.
Azərbaycanda zob geniş yayılıb. Lakin qalxanvari vəzin xəstəlikləri ilə bağlı qeydiyyata götürülənlərin sayı çox deyil.
Babək Salekin sözlərinə görə, bütün yaş qruplarında zob xəstəliyinə rast gəlinir: “Ailəsində zob xəstəsi olanlar, əvvəllər yod çatışmazlığı olan rayonlarda yaşayanlar mütləq müayinədən keçməlidir. Çünki zob çox zaman təsadüfən aşkarlanır. Məsələn, sonsuzluğun müalicəsi üçün qadın ginekoloq yanına gedir, amma qalxanvari vəz xəstəliklərindən müayinə olmur. Halbuki qalxanvari vəz xəstəlikləri sonsuzluğa səbəb ola bilər. Problem yenə də diaqnozla bağlıdır, xəstələr hərtərəfli müayinədən keçrilmədən müalicə olunmamalıdır”.
Həkim söyləyir ki, bəzən İran həkimləri xəstəyə ümid verərək aldadırlar: “Bəzən İranda xərçəng xəstələrinə ümid verilməsi ilə bağlı hallarla qarşılaşırıq. Halbuki xəstəlik son mərhələdədir, müalicəsi mümkün deyil. Bəzən elə xəstəliklər olur ki, onun müalicə metodu Azərbaycanda da, İranda da, hətta Almaniyada da eynidir. Lakin İran həkimləri azərbaycanlı həmkarlarını tənqid etməklə xəstəni digər metodla müalicə etdiklərinə inandırır. Taksi sürücülərinin vasitəsilə həkim seçən xəstələr bilməlidir ki, insan olan yerdə fırıldaq da var. Xəstəyə müştəri kimi yanaşan həkim onun sonrakı taleyi üçün cavabdeh olmur. Təəssüf ki, Azərbaycan mediası İranda xəstələrin başına gələnləri, neçə xəstənin öldüyünü, neçəsinin sağaldığını işıqlandırmır. Amma Azərbaycanda baş verən neqativ halları həkimlərin günahı kimi təqdim edirlər. Məsələn, biz həkim briqadası ilə rayonlara gedəndə müxtəlif hadisələrin şahidi oluruq. Adamın ayaq barmaqları qanrqena olub, amma bir dəfə də olsun corabını çıxarıb ayaqlarına baxmayıb, təmizliyə riayət etməyib. Ayaqları kəsiləndən sonra isə həkimi günahlandırır. Ana ölümlərində və digər əməliyyatlarda da həkim günahlandırılır. Nəticədə insanların həkimə etibarı azalır. Halbuki İran səhiyyəsində də nöqsanlar olur”.
Babək Salek Azərbaycan dərman bazarının da İrandan üstün olduğunu dedi: “Hazırda Azərbaycana Fransa, Almaniya və dünyanın müxtəlif ölkələrindən dərman gətirilir. İran isə daha çox yerli zavodların istehsal etdiyi dərmanları satır. Məsələn, Azərbaycanda xəstələrə pulsuz verilən insulinlər, insulin qələmi İranda yoxdur”.
Həkim İradə Məmmədli isə deyir ki, Azərbaycanda zobun və ya qalxanvari vəzin xərçənginin müalicəsi mümkündür: “Zob normal haldan təxminən iki dəfə artmış, yəni ağırlığı 40 qrama çatmış qalxanabənzər vəzdir. Hazırda zobun müalicəsi ilə məşğul olan peşəkar həkimlər, müasir müayinə üsullar var. Doğrudur, son vaxtlar qalxanabənzər vəzin xərçənginə də tez-tez rast gəlinir. Amma hazırda Milli Onkologiya Mərkəzində bu sahə ilə məşğul olan şöbə fəaliyyət göstərir. Zəhərli uru (toksiki ur-zəhərli zob) inkişaf etmiş xarici ölkələrdə, məsələn, ABŞ-da hansı üsullarla müalicə edirlərsə, Azərbaycanda da eyni üsullarla müalicə aparılır. Buna görə də bu xəstəliklər üzrə xaricə getmək lazım deyil”.
İ.Məmmədli İranda müalicə olunaraq fəsadlaşmış halda geri dönən xəstələrin olduğunu da xatırlatdı: “Bizim xəstəxanaya müraciət edən xəstə hər 20 gündən bir İrana, həkim müayinəsinə gedib. Sonradan maddi vəsaiti olmadığından gedə bilməyib. Müalicəni dayandırdığından vəziyyəti ağırlaşmışdı. Bəzən isə hərtərəfli müayinə aparılmadan dərman təyinatının şahidi oluruq. İranda, daha çox da Ərdəbildən qayıdan xəstələrə sakitləşdirici və ağrıkəsicilərin tətbiq edildiyinin şahidi oluruq. Hətta sonsuzluğa qarşı müalicə olunan qadına zəhərli zob diaqnozu qoyulmuşdu, gündə bir neçə dəfə qəbul etməklə sakitləşdirici təyin edilmişdi”.
...Son 1 ildə İranda əcnəbi vətəndaşlara göstərilən tibbi xidmətin qiyməti 3 dəfə artırılıb. Daha “ucuz və keyfiyyətli tibbi xidmət” reklamları işə yaramır. İndi “son nailiyyətlər”, “möcüzələr” kimi vədlər işə düşüb.
Seçim sizindir, amma unutmayaq ki, evin çölü heç də həmişə cənnət olmur...