Rusiyaya qarşı 3-cü cəbhə:Baltik dənizi yeni toqquşma məkanına çevrilə bilər
27-02-2016, 09:06

"Baltik dənizində NATO ilə Rusiya arasında qarşıdurma çıxa bilər"
Strateq.az xəbər verir ki, bunu İsveç Baş qərargah rəisi Maykl Bayden deyib.
Litvada rəsmi səfərdə olan Bayden, Baltik xəbər agentliyinə (BNS) açıqlamasında Rusiyanın bölgədəki hərəkətləri və NATO-nun buna adekvat addımlarının xoşagəlməz hadisələrə səbəb ola biləcəyi ehtimalından danışıb.
Rusiyadan öz ölkəsinə birbaşa hərbi təhdid hiss etmədiklərini bildirən Baydenə görə, İsveç Rusiyanın siyasi hədəflərə çatmaq üçün hərbi gücündən istifadə etmək niyyətini və bölgədə qüvvələrini artırdığı bir mühitdə yaşayır: “Digər tərəfdən, NATO da öz gücünü artırır. Baltik dənizi bölgəsində NATO ilə Rusiya orduları arasında qarşıdurma çıxa bilər”.
Baş verə biləcək bir qarşıdurmanın İsveçə də mənfi təsir göstərəcəyini söyləyən Bayden, Baltik ətrafındakı digər ölkələrlə birlikdə məsuliyyət altına girməyə hazır olduqlarını qeyd edib.
Xatırladaq ki, dünən ABŞ ordusunun Avropa qoşunları komandanı general Filip Breedlove də isveçli hərbi yetkilinin əndişələrini təsdiqləyəcək fikirlər səsləndirmişdi. O, ABŞ Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komissiyasındakı çıxışında Rusiyanın son zamanlar “qoca qitə”də fəallaşdığını və lazım gələrsə, bu ölkəyə hücum edə biləcəklərini bildirmişdi.
İndi eyni fikirlərin Baltik ölkələrinin generalları tərəfindən də dilə gətirilməsi NATO qüvvələrinin Rusiyaya qarşı şimal-qərb cəbhəsini açmaq istəmələri ehtimalını ağla gətirir.