«RUSİYA FƏLAKƏTİN YARI YOLUNDA DAYANIB…» - Putin nə üçün qorxudur?
15-03-2016, 10:01
Putin siyasətinin dayaqları – televizor və soyuducudur! Başqa sözlə ifadə etsək, təbliğat və istehlakdır. İndi rusiyalılar boş soyuducular görürlər, televizor isə onları qorxudur ki, bütün bunlar Qərbin hesabına baş verir. Bu haqda Kremlin keçmiş müşaviri Sergey Quriev danışır.
“Newsweek Polska”: NATO xəbərdarlıqla bildirir ki, Rusiya Polşa ilə Litva arasından keçən və Suvalsk dəhlizi adlanan sərhəd zolağına zərbə endirmək istəyir. Bu Belarusdan keçmək şərti ilə, Rusiya ilə Kalininqrad vilayəti arasında yol yaratmağa imkan verə bilər. Digər tərəfdən isə Baltik ölkələrinin Avropalı müttəfiqləriylə quru sərhəddi kəsiləcək. Doğrudanmı, Putinin belə bir planı var?
Sergey Quriev: Onun hansı planlarının olması barəsində mən bir şey bilmirəm. Ancaq onun bu cür hərbi imkanları dəqiq olaraq var və o, bunu nümayiş etdirir. Bu nümayişə təkcə Baltik dənizindəki vəziyyətin gərginləşməsi aid deyil. Rusiyanın fəliyyətinin Qərbi təxribata çəkməyə hesablanmasını, Şimal dənizində rus aviasiyasının uçuşları və Türkiyə ilə yaşanan qalmaqal da göstərir. Kreml, bu hərəkətlərlə Avropa və Amerikaya demək istəyir ki, ən yaxşısı Rusiya ilə sizin dil tapıb danışmağınızdır. Mən, bir iqtisadçı kimi düşünürəm ki, Rusiyanın havada qılınc oynatmağı dəlilikdir. Rusiya soyuq müharibə illərində olduğu kimi, silahlanma yaraşına girişməyi və gərginliyin qızışdırılmasını özünə rəva görə bilməz. İndi Rusiya iqtisadiyyatı elə bir vəziyyətdədir ki, Kreml çarəsizlikdən məntiqə zidd olan addımlar ata bilər.
- Əgər belə güman etsək ki, həqiqətən də Putin qarşısına Avropaya müdaxilə etməyi məqsəd qoyub, onda onun taktikası effektsizdir. Çünki problemlərinin olmasına baxmayaraq, NATO öz gücünü artırır.
– Putinin məqsədi müdaxilə yox, hakimiyyəti saxlamaqdır. Beynəlxalq gərginliyin qızışdırılması iki nəticə verir. Birincisi, bu, rusiyalıların səfərbər edilməsidir. Suriyadakı əməliyyat klassik müharibə təbliğatıdır. Məsələn, biz Rusiya versiyasına bənzər şounu Amerikanın İraq müharibəsində də görmüşük.
İkicə gün Rusiya televiziyasına baxın. Oradakı materialların yarısı Suriya müharibəsinə həsr olunub. Televiziya vasitəsilə “vəhşi islamçıları” və onları məhv edən rus qırıcılarını göstərirlər. Televiziyada göstərilənlərin digər yarısında isə mühacirlərdən, NATO, Ukrayna “faşistlərindən” və sairə bəhs edilir. Bütün bunlar ona xidmət edir ki, rusiyalılar qorxsunlar və desinlər ki, təhlükəsizlik naminə əriyib gedən rifahımızı qurban versək də olar. Onların artıq Misirə dincəlməyə yollanmağa və ya yeni avtomobil almağa imkanları çatmır, ancaq eybi yoxdur: dünya elə təhlükəlidir ki, ən yaxşısı Putinə arxalanmaq lazımdır. Putin isə son dövrlər ordu üçün nə qədər çoxlu silah aldığını göstərir.
- Bəs, Kremlin təcavüzkar hərəkətlərindən çıxan ikinci nəticə hansıdır?
– Kreml dünyanı əmin edir ki, o, irimiqyaslı hərbi əməliyyatlar keçirməyə qadirdir və öz maraqlarını qorumaq naminə ordudan istifadə edilməsi məsələsində tərəddüd göstərməyəcək. Artıq Moskva bunu Ukrayna müharibəsində nümayiş etdirib, indi isə Suriya müharibəsində Putin fürsətdən bir daha yararlanır. Hazırda Avropa daha çox Ukrayna və ya Rusiyadan deyil, Yaxın Şərqdəki qaçqın axınından narahatdır. Onlar Putin ilə böyük həvəslə razılığa gələrdilər. Putin də bunu yaxşı anlayır və ona görə də, gərginlik dozasını bacarıqla artırır. Məsələn, indi o, Ukraynadakı vəziyyəti sakitləşdirmək istəyir. Putin bilir ki, Rusiyanın üzərindən sanksiyaların götürülməsi – bu Donbasa sülhün gətirilmsi və Ukrayna-Rusiya sərhəddinin Kiyevin nəzarətinə qaytarılması şərti ilə həyata keçiriləcək.
- Sanksiyaların ləğvi onun üçün mühüm mövzudur?
– Putinin əlacsızlığını anlamaq üçün, Rusiya iqtisadiyyatına nəzər yetirmək kifayətdir. Hər şey bərbaddır. Rusiya fəlakətin yarı yolunda dayanıb. Bunu Rusiya hakimiyyətinin büdcə ilə əlaqədar göstərdiyi “fokuslardan” da görmək olur. Büdcəyə daim yenidən baxılır, yenidən əl gəzdirirlir.
Büdcəni Ehtiyat Fondun vəsaitləri hesabına xilas edirər. Bu fondun kisəsi neft qiymətlərinin çiçəkləndiyi dövrdə doldurulub. Ancaq bu kisənin də dibi var. Digər fond isə Milli Rifah Fondu, demək olar ki, infrastruktur layihələrinə və Qərb sanksialarından ziyan çəkən konsernlərin itkisinin kompensasiyasına sərf olunub. Fondlara yığımlar bu ilin ortasında sona çatmağa başlayacaq.
- Bəs, onda nə olacaq?
– Rusiyanın iflas olmaması üçün Kremlə kredit lazımdır. Kreml öz vətəndaşlarından pul götürə bilməz, çünki heç bir rusiyalı indi dövlət istiqrazlarını almaz. Bundan əlavə bizdə yerli maliyyə bazarı praktik olaraq yoxdur. Kimin ki, əlinə böyük pul düşür, tez onu xaricə çıxarır. Oliqarxların ölkədən çıxardıqları kapitalı geriyə qaytarmağa məcbur etmək alınmayacaq. Həmin qaytarılacaq vəsaitlərin hakimiyyətlə bölüşülməyəcəyi barəsində təminat olmalıdır. Lakin Putin buna razılaşaraq, oliqarxların oyuncağına çevrilmək istəməz.
Beləliklə, maliyyə nöqteyi-nəzərindən Rusiya prezidentinin ixtiyarında manevr etmək üçün daha az meydan qalır. Putin üçün xarici kreditlərə çıxış lazımdır, maliyyə təminatına ehtiyacı var, yoxsa onun heç televizora da pulu çatmayacaq.
- Televizora?
– Yəni təbliğata. Onun hakimiyyətinin dayağı televizor və soyuducudur. Əvvəllər soyuducu dolu idi, istehlak və rifah vardı. İndi soyuducu boşalıb və tezliklə də dolmayacaq. Maliyyələşmə isə yalnız televiziyaya yönəlir.
- Rusiyalılar nə vaxta kimi təbliğata inanacaqlar?
– Bu çox vacib məsələdir. Məncə, hətta Putin də başa düşür ki, əhalinin qorxu ilə səfərbər edilməsinin də bir həddi var. Payızda Rusiyada parlament seçkiləri keçirilməlidir. Hətta Rusiya kimi demokratiyanın yalnız pərdədən ibarət olduğu ölkədə belə, bu həlledici məqam sayılır. Hakimiyyət gərgin vəziyyətə düşərək, seçiciləri inandırmalıdır ki, soyuducular dolacaq. Yoxsa, onlar seçkilərin boykot olunması, etirazlar və proqnozlaşdırılması çətin olan hadisələrlə üzləşə bilərlər.
Digər tərəfdən isə payızda növbəti ilin büdcəsi tərtib ediləcək. Hesab edirəm ki, Kreml hər halda bunun öhdəsindən gələcək.
- Əgər sanksiyalar qalxarsa, Putin xaricdən kredit götürə biləcəkmi? Bu onun hakimiyyətini uzadacaqmı?
– Rusiya iqtisadiyyatını, hətta, kreditlər də xilas etməyəcək. Bu iqtisadiyyatın rəqabət qabiliyyəti olmadığı üçün, onun dünya bazarında şansı yoxdur. Maliyyə kapitalı, nisbətən ucuz işçi qüvvəsi və xammal məhsullarının bolluğu yetərli deyil. İqtisadi böyümənin düşüşü və sərmayənin ölkədən qaçışı, hələ sanksiyalardan da qabaq başlamışdı. Əlbəttə, burada Kreml rəhbərliyi günahkardır. Hamı bilirdi ki, bürokratiya və korrupsiya iqtisadiyyatı əzir. Bu barədə, hətta hakimiyyətin özü danışırdı! Özünün illik mətbuat konfransının gedişində Putin Rusiya iqtisadiyyatındakı təhlükələr və problemlərdən danışır. Bəs sonra nə olur? Fundamental islahatlar keçirmədən Rusiya böhrandan çıxa bilməz!
- Korrupsiya ilə mübarizə, bu Putinin vətəndaşlarla təmas qurduğu “qaynar televiziya xətti”ndəki başlıca mövzudur. Rusiyalılar inanırlar ki, hər şeydə yalnız məmurlar günahkardırlar. Hamı günahkardır, ancaq Putindən başqa. İndi onun populyarlıq reytinqi 80 faizdir. Hansı möcüzə ilə belə bir şey alınır?
– Televizor işləməkdə davam edir. Təbliğat rusiyalıların ağlına güclü təsir göstərir. Hamı əmindir ki, Putin böyük dəstəyə malikdir və bu belə də olmalıdır. İnsanlar fikirləşir ki, nəyə görə küçəyə çıxıb etiraz etməliyəm? Axı, müxalifətçiləri döyürlər və hətta Boris Nemtsovu öldürürlər, həm də ki, müxalifət azlıqdadır, əhalinin əksəriyyəti isə Putini dəstəkləyir. Əslində, insanlar şikayət edirlər, amma sakitcə və yalnız öz evində. Heç də hamı hakimiyyətin dediyi kimi, Rusiyanın Krımı tutmasından böyük sevinc hissi keçirmir. Rusiyalıların əksəriyyəti düşünür ki, əgər ərzağa böyük qənaət olunursa, bəs, onda Sevastopol bizə nə verir? Ancaq hələki onların etirazları öz mətbəxlərinin kandarından kənara çıxmır.
- Əgər Qərb Ukraynadakı vəziyyətin normallaşacağına inanıb sanksiyaları ləğv edərsə, onda rusiyalılar öz mətbəxlərindən heç zaman çıxmayacaqlar. Bəlkə yaxşı olar ki, sanksiyalar ləğv edilməsin?
– Mərkəzi Avropa ölkələrinin Viktor Orban kimi siyasətçiləri ortaya çıxıb, birbaşa deyirlər ki, Moskva ilə dostluq əməkdaşlığına qayıtmaq lazımdır. Əvvəllər Rusiya bazarlarında işləmiş lobbistlər və banklar mövcuddur ki, onlar böyük həvəslə Rusiyaya pul verməyə hazırdırlar. Digər tərəfdən isə, Putinin aqressiv siyasəti də hesaba qatılır. Orta bir variant da seçilə bilər. Məsələn, əsas iqtisadi sanksiyalar aradan qaldırılır, lakin Avropa Birliyinə gəlməyə qadağa qoyulan siyahıdakı Rusiya siyasətçılərinin üzərindən sanksiya götürülmür.
- Hansı variant daha çox ehtimal olunandır?
-Düşünürəm ki, sanksiyaların ləğv edilməsi, hansısa şərtlər daxilində ola bilər. Kreditlərin verilməsi isə islahatların keçirilməsi tələbi ilə həyata keçirilməlidir. Sözsüz ki, kreditlərin gəlməsi və sərmayələr, yalnız müvəqqəti yüngüllük yaradacaq. İslahatların baş tutacağını söyləmək isə çox çətindir.
- Onda onları tələb etməyin nə mənası var?
-Həlledici məsələ tamamilə başqa bir şey ola bilər: rusiyalılar görərlər ki, kral çılpaqdır və Putin öz işinin öhdəsindən gələ bilmir. O, qılıncını oynatmaqla deyil ki, hər necə olsa da, Qərbə tərəf yan almağa məcburdur, çünki Rusiya iqtisadiyyatı və daha geniş götürsək, Rusiya bir dövlət kimi işləməz strukturdur. Neftin ucuz qiyməti və avantürist xarici siyasət hesabına “qazanılan” sanksiyalar Rusiyanın çiçəklənməsinin illyuziya olduğunu əyani formada ortaya qoyur. Hal-hazırda əslində heç sanksiyalar da əhəmiyyət daşımır. Biz yaxınlaşan fəlakətin bütün simptomlarını və dövlətin Putin modelinin iflasa uğramasını görürük. Mən düşünürəm ki, sadəlövhlükdə ittiham olunan Qərb siyasətçiləri bunu çox gözəl anlayırlar. Onlar bilirlər ki, Rusiyadakı mövcud sistemin erroziyaya uğraması prosesinin sadəcə işə düşməsi lazımdır. Soyuducuların boşalması ilə televizorun təsir imkanı zəifləyəcək.
Ancaq imkan vermək olmaz ki, Putin çarəsizlikdən, televiziyada nümayiş etdirdiyi təhlükəli hərəkətləri reallıqda da həyata keçirsin və buna görə də, Suvalkini qorumağa da hər hansı bir ehtiyac yaransın.
strateq.az