Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 18:04
Minimum istehlak səbətinin tərkibi, yaşayış minimumu cəmiyyətdə heç vaxt birmənalı qarşılanmayıb. Çünki istehlak səbəti haqda çox danışılmır, məbləğ isə həmişə aşağı olur. Yaşayış minimumu 270 manata çatıb. Qarşıdakı iki il ərzində hər dəfə 15 manat artım gözlənilir. Yəni yaşayış minimumu yalnız 2026-cı ildə 300 manata çatacaq. Halbuki heç indi o məbləğə dolanmaq mümkün deyil.
Bizimyol.info xəbər verir ki, əməkqabiliyyətli bir nəfər üçün ildə ət və ət məhsullarının norması 32,9 kiloqramdır. Günə 90 qram düşür. Mütəxəsislər bildirir ki, böyük insan günə 148 qramdan az ət yeməməlidir. Hətta azı 180 qram yemək tövsiyə olunur. Avropanın bir sıra ölkələrində illik 95-100 kiloqram ət norması qeydə alınır. Göründüyü kimi, bizim istehlak səbətində azı iki dəfə aşağı göstəricidən danışılır. Hələ o məsələ mübahisəlidir ki, ölkə insanı bu qədər ət yeyir, ya yox. İllik 32,9 kiloqram ət norması da inandırıcı görünmür. Böyük ehtimalla bizim ölkədə orta göstərici daha aşağıdır.
Minimum istehlak səbətində illik 150 yumurta qeyd olunub. Çox gülməli göstəricidir. Yəni iki gün ərzində cəmi bir yumurta nəzərdə tutulub. Halbuki beynəlxalq normalarda illik 600-800 ədəd göstəricisi gözə dəyir. Ümumdünya Səhiyyə Təşkilatı da günə azı 1,5 yumurta yeyilməli olduğunu qeyd edir. Yəni minimum istehlak səbətində yumurta sayı azı üç dəfə az göstərilib.
Əməkqabiliyyəti əhali üçün illik meyvə və giləmeyvə norması 38 kiloqram götürülüb. Necə belə aşağı hədd müəyyənləşdirmək olar? Günə 100 qramdan bir az artıq düşür. Bir bananın orta çəkisi 210-250 qram olur. Belə çıxır ki, Azərbaycanda insana meyvə adına iki gündə bir dəfə banan yeməyi rəva görürlər. Başqa da heç nə yeməməlisən.
Biz hələ əməkqabiliyyətli əhalidən danışırıq. Pensiyaçılar və uşaqlar üçün göstəricilər daha aşağıdır. Uşaqlar kateqoriyasında yalnız meyvə və süd məhsullarının çox qəbulu qeyd olunub. Belə yaşayış minimumu hazırlamağa nə var ki?! Göstəriclər rüsvayçıdır. Yaşayış minimumu ən pis halda iki dəfə yüksək olmalıdır.