“Gürcü Arzusu” prezidentliyə keçmiş futbolçu Kavelaşvilinin namizədliyini irəli sürüb

Bu gün, 00:09           
“Gürcü Arzusu” prezidentliyə keçmiş futbolçu Kavelaşvilinin namizədliyini irəli sürüb
Hakim “Gürcü Arzusu” partiyası ölkə prezidenti postuna keçmiş futbolçu Mixeil Kavelaşvilinin namizədliyini irəli sürüb.

“Exo Kavkaza” xəbər verir ki, bu barədə partiyanın sədri, milyarder Bidzina İvanişvili məlumat verib.

“Dürüstlük, ədalət, vətənpərvərlik və prinsipiallıq. Bunlar Mixeil Kavelaşvilini fərqləndirən keyfiyyətlərdir. O, öz təbiətilə gürcü kişisinin ən yaxşı təcəssümüdür. O, əla həyat yoldaşı və dörd uşaq atasıdır... Əminəm ki, Mixeil Kavelaşvili Prezident institutunun müvəqqəti olaraq itirilmiş ləyaqətini tam bərpa edəcək”, İvanişvili bildirib.

Gürcüstan müxalifəti hakim partiyanın qərarını anti-Qərb siyasətin davamı kimi qiymətləndirib. “Birlik – Milli Hərəkat” üzvü Xatia Dekanoidze deyib ki, Kavelaşvili Qərbin ən böyük tənqidçilərindən biridir.

“Biz zarafat edə bilərik. Lakin İvanişvili ən böyük anti-Qərb adamını öz prezidenti etdi. O kobud və cahildir və ABŞ-la Aİ-nı xüsusilə kəskin tənqid edir”, deyə Dekanoidze Facebook sosial şəbəkəsində yazıb.

Kavelaşvili rəsmi olaraq hakim partiyadan ayrılan “Xalq Gücü” partiyasının liderlərindən biridir. O, IX və X çağırış parlamentin deputatı olub, oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə görə ("Gürcü Arzusu" partiyasının siyahısında 18-ci sırada) deputat olub. “Xalq Gücü” anti-Qərb ritorikası və “ənənəvi dəyərləri” dəstəkləməsi ilə tanınır.

53 yaşlı Kavelaşvilinin təhsili haqqında məlumat yoxdur. O, futbol veteranıdır. İdman karyerasına Tbilisinin “Lokomotiv”ində başlayıb, altıqat Gürcüstan çempionu olub. 1995-ci ildə Kavelaşvili Vladiqafqazın "Spartak-Alaniya" klubunda çıxış edib və onunla Rusiya çempionu olub. O, həmçinin "Mançester Siti"də və İsveçrənin müxtəlif klublarında çıxış edib.

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də, andiçmə mərasimi isə dekabrın 29-da olacaq. Zərurət yaranarsa, seçkilərin ikinci turu dekabrın 14-də də keçiriləcək. Gürcüstan prezidentini ilk dəfə əhali deyil, “Gürcü Arzusu”nun mandatların çoxluğuna sahib olacağı Seçicilər Kollegiyası seçəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.