Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur?
Bu gün, 00:06
Son vaxtlar əmək bazarında işlə təmin olunan şəxslərin əksəriyyəti xaricdə təhsil alanlardır.
Sahibkarlar vətəndaşın bilik və bacarığından asılı olmayaraq xaricdə təhsil almasına daha çox üstünlük verirlər. Bu da bir həqiqətdir ki, bizim ali təhsil ocaqlarımızın heç də hamısı keyfiyyətli təhsil vermir, hətta məzunlar arasında sonradan keçirilən imtahanlardan keçə bilməyənlər də var.
Ancaq sahibkarlar üçün də xaricdə təhsil bir dəb halını alıb. Xaricdə təhsil alanlar keyfiyyətli məzunlardır, yoxsa bizim universitetlərin məzunları bazarın tələblərinə cavab vermir?
Təhsil eksperti Rizvan Fikrətoğu qeyd edib ki, Azərbaycan universitetlərində verilən təhsil hələ də xaricdən qat-qat aşağıdır:
"Xarici universitetlərə attestatla müraciət edənlər və distant təhsil almış şəxslərin diplomlarına ölkəmizdə üstünlük verilmir. Bu diplomların bir qismi formal xarakter daşıyır.
Ancaq dövlət proqramı və təqaüdlə Avropa ölkələrinin bir sıra universitetlərini bitirmiş şəxslərin diplomlarına daha çox üstünlük verilir. Bu isə həmin universitetlərdə təhsil səviyyəsinin yetərincə yüksək olması ilə bağlıdır.
Bizim universitetlərin verdiyi təhsil, sözügedən xarici universitetlərin təhsilindən olduqca aşağı səviyyədədir. Biz əksər yüksək vəzifəli şəxslərin dosyelərinə (müəyyən şəxs barədə sənədlər və materiallar toplusu) baxsaq, görərik ki, bakalavr, magistratura və ya doktorantura təhsilini beynəlxalq reytinq cədvəlində öndə olan universitetlərdə alıblar. Buna görə də bacarıqları yüksək olan kadrlara bu halda daha çox yer verilir".
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elmin Nuri "Cebheinfo.az"-a bildirib ki, bu gün ölkədə sahibkarları, yaxud digər işəgötürən kəsimin daha çox xarici vətəndaşlara üstünlük verməsi ilə bağlı dəqiq statistikası yoxdur:
"Ancaq olsa da belə, mən bunu o qədər də uğurlu yanaşma hesab etmirəm. Çünki bir insanın nəzəri biliyini və praktiki bacarıqlarını, onun xaricdə oxuması və yaxud oxumaması, onun ölkə universitetlərinin hər hansı birində təhsil alması həll etmir.
İnsanın nəzəri bilik və bacarıqları, praktiki qabiliyyəti bununla ölçülə bilməz. Sual oluna bilər ki, Amerikanın hər hansı bir universitetində İnformasiya Texnologiyaları sahəsinin bitirənlə bizim universiteti bitirən mütəxəssis arasında fərq var? Təbii ki, var, bu fərq gələcəkdə də olacaq.
Ancaq yüksək nüfuzlu universitetlərdə təhsilalanlar ümumi xaricdə təhsil alanların çox cüzi hissəsini təşkil edir. Bizim tələbələr dövlət sifarişi hesabına yüksək statuslu Amerika, İngiltərə, Yaponiya, Sinqapur, Kanada və s. universitetlərdə oxuyurlar. Bunların əmək bazarında daha çox diqqət çəkməsi başadüşüləndir. Ancaq xaricdə təhsil alanların böyük əksəriyyəti, 90 faizdən yuxarı bir rəqəmdir, əsasən Türkiyə, digər qonşu dövlətlərin o qədər də nüfuzlu olmayan universitetlərində oxuyan şəxslərdir.
Həmin şəxslər oxuduğu universitetlərlə bizim universitetlər arasında bir o qədər də fərq yoxdur. Hətta bizim elə universitetlərimiz var ki, məsələn, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, yeni açılan iki universitetimiz - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetində də keçirilən təhsilin səviyyəsi, hətta Bakı Dövlət Universitetini göstərə bilərik ki, həmin xarici universitetlərin bəzilərindən daha yaxşıdır".
Ekspertin sözlərinə görə, işəgötürmə prosesində bu diqqət sırf psixoloji bir xarakter daşıyır:
"İşəgötürmə prosesində şəxsin, məzunun bilik və bacarıqları, əmək qabiliyyətinin tələb etdiyi meyarlara uyğunluğu analiz olunmalıdır, onlar yoxlanılmalıdır. Bunlar məsələnin texniki hissələridir.
Təəssüflər olsun ki, bu cür psixoloji baryerlər hələ də qalmaqdadır. Nəinki xaricdə təhsil alanlarla bizim universitetdə təhsil alan arasında bu fərq var, həm də daxildə belə, böyük yerli universiteti bitirənlə kiçik yerli universiteti bitirən məzun arasında fərq olur.
Məsələn, Bakı Dövlət Universitetini bitirənlə Avrasiya Universitetini bitirən şəxs arasında fərq qoyulur. Ancaq bu əvvəllər daha çox idi, indi dayandırılıb. Çünki işə götürən şəxsi qarşısındakı insanın onun tələblərinə uyğunluğu, praktiki bacarıqları daha çox maraqlandırır.
Bu gün bir çox qurumlarda tələbələrin diplomu yox, tələbənin praktiki bacarıqları, beyninin çevikliyi, barmaqlarını kompüter üzərindəki "rəqsi" daha vacibdir. Elə iş yeri ola bilər ki, orada təkcə bir proqramın mükəmməl bilinməsi tələbənin hansı universiteti bitirməsini kölgə altına salır.
Çünki işəgötürənə bu lazımdır. Bu gün də əsl sahibkar onun işinə yarayan şəxsi, onun tələblərinə cavab verən şəxsi axtarmalıdır, nəinki onun oxuduğu universiteti maraqlı görməlidir".