Avropa İttifaqı İsrail və Hizbullah arasında atəşkəsə çağırır
Bu gün, 08:54
Avropa İttifaqının xarici siyasət şöbəsinin rəisi Cozep Borrell İsraili çərşənbə axşamı Livanda qərargahlanan Hizbullah militant qrupu ilə atəşkəsə razılaşmağa çağırıb və “artıq bəhanələrin olmadığını” deyib.
İtaliyada Böyük Yeddilər Qrupunun iclasından öncə müxbirlərlə danışan Borrell deyib ki, İsrail-Livan sərhədində aylardır davam edən şiddətli döyüşlər səbəbilə didərgin düşən insanlar üçün atəşkəs “tamamilə zəruridir.”
O, İsrail Baş naziri Benyamin Netanyahu hökumətinin “bu gün” razılığı ləngidəcək və ya pozacaq şərtlər əlavə etməyə çalışmadan atəşkəs razılığını təsdiqləyəcəyinə ümib bəslədiyini bildirib.
“Əlavə bəhanə olmasın. Əlavə tələb olmasın. Bu döyüşə son qoyun. İnsanları öldürməyi dayandırın. Gəlin sülh haqqında düşünməyə başlayaq,” Borrell deyib.
ABŞ rəsmiləri bazar ertəsi İsraillə Hizbullah arasında atəşkəs razılığının yaxın olduğuna dair ümidini ifadə edib.
Milli təhlükəsizlik sözçüsü Con Kirbi mətbuatla telefon görüşü zamanı Beyrutda ABŞ elçisi Amos Hokstinin başçılığı ilə aparılan danışıqları “konstruktiv” adlandırıb və əlavə edib ki, “Biz hesab edirik ki, bunun trayektoriyası çox müsbət istiqamətdə gedir.”
İsrailin BMT-dəki səfiri Danni Danon bazar ertəsi Nyu Yorkda deyib ki, İsraillə İranın dəstəklədiyi livanlı şiə qruplaşması olan Hizbullah arasında döyüşlərə son qoymaq məqsədi daşıyan danışıqlar “irəliləyir,” amma hələ “yekunlaşdırılmayıb.”
O əlavə edib ki, İsrail hər hansı razılıq altında belə Livanın cənubuna zərbə endirmək imkanını əlində saxlayacaq.
“Biz Livanın cənubunda qarşısı alınmayacaq istənilən təhlükəni zərərsizləşdirmək imkanımızın olacağından əmin olacağıq. Ümid edirəm ki, Livan ordusu gələcəkdə bunu həll edəcək, lakin onlar yenə müvəffəq olmasalar, biz orada olacağıq,” Danon bildirib.
Bu arada isə Livan sözçüsünün müavini Elias Bu Saab deyib ki, ABŞ-ın təklif etdiyi və İsrailin Livanın cənubundan geri çəkilməsini, və 60 gün ərzində Livan qoşunlarının yerləşdirilməsini tələb edən atəşkəs razılığını həyata keçirməyə heç bir böyük əngəl yoxdur.
Bu Saabın dediyinə görə, prosesə ABŞ-ın sədrlik etdiyi və Fransanın da daxil olduğu beş dövlətdən ibarət komitə nəzarət edəcək.
Dövlət Departamentində rəsmilər atəşkəs təklifinin təfərrüatları və şərtləri ilə bağlı şərh verməkdən imtina ediblər, ancaq razılaşma yolunda “əhəmiyyətli irəliləyişin” əldə edildiyini etiraf ediblər.
“Biz hələ ki, razılaşmanın olduğuna inanmırıq. Biz razılığa yaxın olduğumuza inanırıq. Biz boşluğu xeyli daraltdığımıza inanırıq. Amma hələ də atıldığını görməli olduğumuz addımlar var,” sözçü Metyu Miller bazar ertəsi brifinq zamanı deyib, amma bu addımların nə olduğunu açıqlamayıb.
Hizbullah bir ildən bir az çox bir müddət əvvəl, 2023-cü ilin oktyabrında İsrailə hücum edən və o vaxtdan bəzi Qəzzada İsraillə döyüşən HƏMAS militantlarına dəstək məqsədilə İsraili atəşə tutmağa başlayıb.
Döyüşlər humanitar böhrana səbəb olub, yüz minlərlə insan evlərindən didərgin düşüb.
Bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Livanda münaqişə başlayandan bəri yarım milyondan çox insana təcili yardım göstərdiyini açıqlayıb. Təşkilat bir milyon insana yardım çatdırmağı planlaşdırdığını və münaqişənin təsirinə məruz qalan icmalara kritik yardım çatdırmaq üçün yorulmadan işləməyə davam etdiyini bildirib.
HƏMAS militantları 2023-cü il oktyabrın 7-də Qəzzada hazırda davam edən müharibəyə səbəb olan İsrailə hücumunda 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb. İsrail HƏMAS-ın hələ də 101 nəfəri girov saxladığını bildirir. Ordu onlardan 35-nin öldüyünə inanır.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya əks-hücumu nəticəsində ən azı 44,235 fələstinli ölüb.
HƏMAS və Hizbullah ABŞ, Böyük Britaniya və digər Qərb ölkələri tərəfindən terror qrupları kimi tanınıb.