Putinin Suriyadan çəkilməsindən qorxuya düşdülər: - “Bizə hücuma keçmək üçün məşq edirdi...”
18-03-2016, 20:40
Rusiya prezidenti Vladimir Putinin Suriyadan hərbi qüvvələri qəfil geri çəkməsi çoxlu suallarla yanaşı onun yeni intervensiya planları ilə bağlı şübhələr də yaradıb.
Virtualaz.org xəbər verir ki, Baltik ölkələrində Putinin Suriyadan qüvvələri geri çəkməsindən hətta qorxuya düşüblər. Hesab edilir ki, Rusiyanın Suriyadan çəkilməkdə məqsədi Baltik regionuna müdaxilə hazırlıqları ilə bağlı ola bilər.
“Delfi” (Litva) agentliyi yazır ki, siyasi şərhçi Audryus Baçyulus Rusiyanın Suriyadan qüvvələri çıxarmasının Litva üçün yaxşı heç nə vəd etmədiyinə əmindir. “Mən bunu pis piymətləndirirəm. Rusiya Suriyada ilişib qalmadı. Putin ora girmişdi ki, ordusunu xüsusən də aviasiyanı yoxlasın, b vaxta qədər geniş tətbiq edilməyən ən yeni silahları və hərbi texnikanı sınaqdan keçirsin, habelə pilotlara dağınıq piyada qruplarına hücum etməyi öyrətsin”-o deyib.
Baçyulisin fikrincə Rusiya hərbi qüvvələri Suriyada məhz Litva və digər Baltik ölkələrinin qüvvələrinə oxşayan, döyüş texnikası məhdud, ancaq piyadaların sayı çox olan qüvvələrə qarşı döyüşməyi öyrəndi. “Suriyada Rusiya hərbçiləri quru əməliyyatlarına girişmədi, onlar açıq döyüşə çoxsaylı yerüstü qüvvələr göndərməli olmadılar. Rusiya döyüşdən uğurla çıxdı”-şərhçi deyib.
Baçyulis deyib ki, hələlik Rusiyanın Suriyadan çəkilməsinin əsl məqsədi məlum deyil. “Ancaq Baltik ölkələri üçün əsas budur ki, Putinin Suriyada döyüşdüyü vaxtda onun haradasa Rusiyanın sərhədləri yaxınlığında yeni müharibəyə başlamaq üçün nə gücü, nə pulu, nə vaxtı yox idi. İndi isə onun əlləri sərbəstdir”-ekspert bildirib.
Ekspertin fikrincə bu il Putinin “heç olmasa Baltik ölkələrinə qarşı” hərbi aqressiya başlatmaq üçün bütün imkanları var. Baltik ölkələri bu yaxınlarda yeni silahlar sifariş veriblər, hərbçilərin sayını artırıblar, ancaq mahiyyətcə Litva və onun qonşularının orduları əvvəlki vəziyyətində qalır.
“Bu ilin ikinci yarısında Baltik ölkələrində Amerika hərbçilərninin sayı artırılacaq, gələn ildən isə biz normal silahlanmağa başlayacağıq. Əvvəlcə qaubitsalar gələcək, sonra Baltik ölkələrində və Polşada Amerika tanklarının, zirehli texnikasının sayı artacaq. Ona görə də Rusiya üçün hücuma keçmək gec olacaq. Sentyabr ayına qədər isə biz Putinin asanlıqla yığa biləcəyi məhsul olaraq qalacağıq”.
Digər siyasi şərhçi Neriyus Malyukyaviçyus isə hesab edir ki, Rusiyanın Suriyadan çəkilməsi Baltik ölkələri üçün təhlükəni artırmır. “Məncə ictimai panikaya uymaq lazım deyil. Suriyada nə baş verdiyinə baxmaqdansa biz öz müdafiə imkanlarımızı gücləndirməliyik. O ssenariyə keçmək lazım deyil ki, Rusiyanın növbəti hədəfi Baltik ölkələri olacaq”-ekspert bildirib.
Xatırladaq ki, Baltik ölkələrində Rusiya xofu Ukrayna hadisələrindən sonra kəskin artıb. Buna ciddi əsaslar da var. Rusiya Kalininqrad vilayətində böyük sayda hərbi qüvvələr və texnika cəmləşdirib. Baltik ölkələrinə qarşı “hibdid müharibə” taktikasının bir çox elementlərini işə salıb. Bu yaxınlarda ABŞ-ın hərbi araşdırmalar üzrə “Rand Corporation” şirkəti Pentaqonla birlikdə keçirdii kabinet hərbi təlimlərindən sonra belə nəticəyə gəlmişdi ki, Rusiya hücuma keçsə Baltik ölkələrinin orduları və hazırda orada yerləşdirilmiş NATO qüvvələri heç 3 sutka da dayana bilməz. Şirkət bu qənaətə gəlmişdi ki, bunun qarşısını almaq üçün ABŞ və NATO ölkələri təcili olaraq Baltik ölkələrində minlərlə hərbçi, zirehli texnika yerləşdirməlidir.