İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır?
Bu gün, 17:18

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp dünən Kanadada keçirilən G-7 zirvəsinin tamamlanmasını gözləmədən öz ölkəsinə qayıdıb. Onun Ağ Evdə keçirilən qapalı təhlükəsizlik müşavirəsində iştirak etmək üçün bu addımı atdığı bildirilir. Məlumata görə, keçirilən müşavirənin gündəliyində dayanan əsas məsələ İranın bombalanmasında ABŞ-ın iştirak edib-etməməsi mövzusu idi. “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadla məlumat yayıb ki, müşavirə ABŞ-ın İrana zərbə endirməsi ilə bağlı qərar qəbul olunmadan başa çatıb.
Sual oluna bilər: İsrail niyə ABŞ-ın bu hücuma qatılmasını istəyirdi?
Bunun başlıca səbəbi İsrailin əlində yetərli gücdə silahların olmamasıdır. Ona İranın son nüvə obyekti olan və uranın ən yüksək səviyyədə zənginləşdirilməsi üçün nəzərdə tutulan Fordo Nüvə Zənginləşdirmə Zavodunu məhv etmək üçün 15 tonluq meqa bomba lazımdır. Belə bomba isə yalnız ABŞ-da var.
Fordo Nüvə Zənginləşdirmə Zavodu Tehrandan iki saat cənubda, Qum şəhəri yaxınlığındakı bir dağın təxminən 300 fut (91.5 metr) altında yerləşir. Onu dağıtmağa gücü yetən bomba isə GBU-57A/B Massive Ordnance Penetrator kimi tanınır və Boeing tərəfindən ABŞ Hərbi Hava Qüvvələri üçün dizayn edilib.
Onun ağır çəkisi yalnız B-2 Spirit bombardmançı təyyarəsi ilə çatdırılmasına imkan verir. Söhbət İsrail hava qüvvələrinin malik olmadığı reaktivdən gedir. Təbii ki, o da ABŞ-da var və hazırda 6 ədəd B-2 Spirit bombardımançısı İrandan 3000 km. uzaqlıqda yerləşən Diego-Garcio adasında Trampdan gələcək vur əmrini gözləyir.
Netanyahunun ABŞ-dan istədiyi bomba olduqca bahalı partladıcıdır. Wall Street Journal-da 2013-cü ildə dərc edilmiş məqaləyə görə, ABŞ ordusu bu raket üçün 500 milyon dollardan çox xərc çəkib və o vaxt 20 bomba istehsal edilib. Fordo kompleksindəki nüvə sentrifuqalarını məhv etmək üçün kifayət qədər dərinliyə nüfuz etməyə imkan verən spesifikasiyalara uyğun olaraq düzəldilib.
Əgər ABŞ bu qeyri-adi güclü silahla İsrailə kömək etməyi seçsə, demək olar ki, qranit və polad təbəqələri ilə qorunan nüvə obyekti xarabalığa çevriləcək. Atılacağı təqdirdə böyük tektonik silkələnmə yaradan bu bomba ilə Fordo kimi təhlükəli səviyyədə zənginləşdirilmiş nüvə materialı ilə dolu bir zavodun vurulmasının nüvə partlayışına yol açmayacağı güman olunur. Çünki partladılacağı planlaşdırılan zavod çox dərindədir və bu da ciddi partlayışın qarşısını alır. Amma radiasiyanın ətrafa sızması ehtimalı da yox deyil.
"Çəki və kinetik qüvvəyə görə GBU-57A/B Ordnance Penetrator, zərbədən əvvəl yerə müəyyən bir məsafəyə qədər nüfuz etmək üçün nəzərdə tutulub. Buna görə də belə bunker busterlərə Penetratorlar deyilir. Onlar partlamadan əvvəl yerə nüfuz edirlər və partlayış strateji baxımdan gecikdirilir", - “West Point” hərbi akademiyasının Müasir Müharibə İnstitutunun şəhər müharibəsi proqramının rəhbəri Con Spenser “The Post” nəşrinə açıqlamasında belə deyib.
Massive Ordnance Penetrator-un yol açdığı partlayışın miqyasına gəlincə, Spenser bunu yalnız təxmin edə biləcəyini bildirib. "Mən 500 funt gördüm və onlar partlayanda dişlərin birinə dəyir. Bu, zəlzələ kimi bir şeydir. Bəhs olunan bombanın təsiri isə bundan qat-qat çox olmalıdır”.
Bir sözlə, uranı kimi, özünü də yerin dərin qatlarında gizlədən dini liderin hakimiyyət ehtirası İran şiələrinin dini mərkəzi Qumdan tutmuş Tehrana qədər geniş əraziləri radiasiya təhlükəsi ilə üz-üzə qoya bilər.
Heydər Oğuz

