Tatum O’Nil, aktyor kimi ən gənc yaşda “Oskar” kinomükafatı alan qız.
Bu gün, 15:54

O, bu uğura nail olanda 10 yaşı vardı.
Tatum O’Nil 1963-cü il noyabrın 5-də Los-Ancelesdə aktyorlar Rayan O’Nil və Coanna Murun ailəsində doğulub. Bir ildən sonra onun qardaşı Qriffin dünyaya gəlib. 1967-ci ildə valideynləri boşanıblar və Tatum atası ilə qalmağa başlayıb.
O, 1973-cü ildə atası ilə “Kağız ay” (“Paper Moon”) filmində çəkilir. Bu filmdə ehtimalən doğma atası olan fırıldaqçı kişinin ortağına çevrilən qızın rolunu ifa edir. Tatum 1974-cü ildə ikinci planda ən yaxşı qadın roluna görə “Oskar” mükafatına layiq görülür. O, həm də “İlin yeni ulduzu” kateqoriyasında “Qızıl qlobus” qazanır.
Tatumun sonrakı karyerası uğurlu olmur. O, az çəkilir və ilk filmindəki uğurunu heç zaman təkrar etmir.
1986-cı ildə məşhur tennisçi, keçmiş №1 Con Makinroy ilə evlənir. Səkkiz il sonra boşanan cütlüyün 3 övladı olur.
Tatum 1980-ci illərdən narkotikə qurşanmışdı. Hətta dediyinə görə, arada əri ilə birlikdə narkotik qəbul edirmiş. Boşanandan sonra isə əməlli-başlı narkomana çevrilir. Bu üzdən 1998-ci ildə məhkəmə uşaqları Makinroya verir.
Aktrisa dəfələrlə reabilitasiya kursu keçsə də hər dəfə yenidən narkotiklərə qayıdır. 2008-ci ildə krek alarkən polis tərəfindən saxlanılır, amma yenidən reabilitasiya kursu keçmək şərti ilə sərbəst buraxılır.
2020-ci ildə Tatum ağır insult keçirir. O, revmatoid artriddən müalicə üçün yazılmış dərmanlardan “peredoz” olur. Ayyarım komada qalan aktrisa bir müddət danışa, yaza və oxuya bilmir. Son məlumatlara görə, hələ də tam reabilitasiya olmayıb.
***
Kişilər arasında “Oskar” alan ən gənc aktyor isə Timoti Hantondur. O, “Sadə adamlar” (“Ordinary People”) filmində oynadığı rola görə 1980-ci ildə, 20 yaşında ikinci planda ən yaxşı kişi roluna görə bu mükafata, eləcə də “Qızıl qlobus”a layiq görülüb.
Birinci planda ən yaxşı qadın roluna görə rekordçu isə Marli Metlindir. O, bu mükafata 1987-ci ildə 21 yaşında layiq görülüb - “Kiçik tanrının övladları” filmindəki roluna görə. Marli Metlin bu kateqoriyada mükafatı qazanan yeganə eşitmə əngəlli adamdır. Onun oynadığı Sara Norman obrazı da eşitmir.
Birinci planda ən yaxşı kişi roluna görə ən gənc qalib isə Edrien Broudidir. O məşhur “Pianoçu” (“The Pianist”) filmində baş roluna görə 2003-cü ildə bu mükafatı qazananda 29 yaşı vardı.
Yadigar Sadigli
TEREF