Artıq pul olsa qızıl, yoxsa ev alaq?
Bu gün, 15:28

Ekspert: “İnvestisiyalar barədə danışarkən iki istiqamətə diqqət etmək lazımdır - divident gətirən və kapital qazandıran”
Azərbaycanda investisiya üçün müxtəlif sahələr mövcuddur. İnvestisiya etmək istəyən şəxslər ilk növbədə hansı sahəyə maraqlı olduqlarını müəyyənləşdirməlidirlər. Daha sonra investisiya risklərini və potensial gəlirlərini diqqətlə araşdırmalıdırlar.
Bizim reallığımızda seçim çox deyil. Adətən risksiz aktivlər - bank depozitləri, daşınmaz əmlak və dövlətin qiymətli kağızları nəzərə alınır. Risk etməkdən qorxmayanlar şəxsi biznes, yaxud partnyorluq əsasında biznes aça bilərlər. Əgər kimsə “gəl birlikdə iş quraq, mənə 10 min manat ver, sənə 50 faiz gəlir qaytaracağam” vəd etdikdə, onun biznes planını diqqətlə nəzərdən keçirmək lazımdır. Maliyyə savadlılığını artırmaq da bunun üçün vacibdir.
“Yastıq altında” böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi mümkündür.
Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu, nağd vəsaitlərin banklar vasitəsilə real sektora yönəlməsinə gətirib çıxara bilər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu ilin əvvəlində təqdim etdiyi rəsmi açıqlamaya əsasən, son bir ildə depozit faizlərində ciddi artım müşahidə edilir. Belə ki, əvvəllər 3-4 % ilə təklif edilən manat əmanətləri üzrə faizlər hazırda 10-12 % intervalında dəyişir. "Faizlərin artması banklara olan marağı artırıb və nəticədə bəzi evdə saxlanılan vəsaitlər banklara daxil olub. Əmanət hesablarının artım dinamikası xüsusilə 2024-cü ilin may ayından daha nəzərəçarpan olub. Ötən il ərzində unikal şəkildə 30 mindən çox yeni hesab açılıb, bu da bank sektoruna 30 min yeni müştərinin qoşulduğunu göstərir", - deyə məlumatda qeyd olunub. Onu da bildirək ki, ötən il Azərbaycan bank sektorunda müddətli unikal əmanətçilərin sayı 41% artaraq 150,5 min nəfərə çatıb. Azərbaycan Mərkəzi Bankının yanvar ayında açıqladığı məlumatda qeyd olunub ki, bu, ötən dövrlərlə müqayisədə əhəmiyyətli bir irəliləyişdir.
“Artımın böyük hissəsi xırda məbləğli əmanətçilərin hesabına baş verib. Belə ki, yeni unikal əmanətçilərin 77,6%-ni 30 000 manatadək məbləğdə əmanətləri olanlar təşkil edib. Bu tendensiya əhalinin banklara olan etimadının artdığını göstərir”, - AMB qeyd edir.
Bank sektorunda “unikal” əmanətçi dedikdə, bir və ya bir neçə bankda müddətli əmanətləri olan şəxslər nəzərdə tutulur. Məsələn, bir şəxsin 5 müxtəlif bankda müddətli əmanəti mövcuddursa, o, ümumi statistikada yalnız bir unikal əmanətçi kimi qeyd olunur. Bu yanaşma, bank sektorunda əmanətçilərin real sayını daha dəqiq təyin etməyə imkan verir", - deyə Mərkəzi Bankdan bildirilib.
Unikal əmanətçilərin sayının artmasının gəlincə, AMB bunun bir neçə əsas səbəbi olduğunu vurğulayıb. Pul siyasətinin təkmilləşdirilməsi, vergi güzəştlərinin tətbiqi və əmanətlərin sığortalanması bu dinamikanı şərtləndirən amillərdən hesab olunur. Mərkəzi Bank vurğulayır ki, faiz kanalının ötürücülüyünü artırmaq istiqamətində atılan addımlar əmanətlərə marağı yüksəldib. Bununla yanaşı, milli valyutada olan əmanətlər üzrə tətbiq edilən vergi güzəştləri əhalini vəsaitlərini banklarda yerləşdirməyə həvəsləndirib. Əmanətlərin artımına, həmçinin xüsusilə xırda məbləğli əmanətçilər üçün risklərin azalması səbəb olub. Bu müsbət dinamika ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsinə, bank sektorunun stabil inkişafına və iqtisadiyyatda vəsaitlərin daha effektiv dövriyyəsinə töhfə verir.
İqtisadçı Xalid Kərimli hesab edir ki, investisiya istiqamətləri çox genişdir, lakin riskləri nəzərə almaq lazımdır. “Yeni Müsavat”a şərhində X.Kərimli diqqətə çatdırıb ki, investisiyanın gəlirliliyi artdıqca risk də artır: “Təbii olaraq, risk çox olduqda investisiya yatırmaq şübhəli görünür. Buna görə də investisiya cəlb etmək istəyənlər gəlirliliyi artırırlar ki, kapital gəlsin. Belə deyək, gəlirliliklə risk arasında balanslaşdırılmış sistem mövcuddur. İnvestisiyalar barədə danışarkən iki istiqamətə diqqət etmək lazımdır - divident gətirən və kapital qazandıran. Məsələn, qızıla investisiya qoymaq faiz gətirmir, torpaq da həmçinin. Amma gözlənti budur ki, zamanla qızılın və torpağın qiyməti artacaq və sərmayə itməyəcək. Təəssüf ki, Azərbaycanda səhm bazarı inkişaf etməyib. İstiqraz alışı Azərbaycanda populyar deyil. Səhm instrumenti isə faiz qazandırsa da, ölkəmizdə nadir tapılır. Hökumət, Mərkəzi Bank bu sahəni inkişaf etdirməyə çalışır. Daşınmaz əmlakın isə kateqoriyaları var - qeyri-yaşayış sahələri, mənzillər, bağ evləri və s. Mənzil alışı torpaq sahəsindən sonra nisbətən az riskli investisiya istiqaməti kimi ikinci yerdədir. Yeri gəlmişkən, şəxsi evlər biznes obyektlərinə nisbətən daha az risklidir. Bundan başqa, əgər kifayət qədər bacarıq varsa, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olar. Hər hansı şirkətdə təsisçi pay da almaq, başqa sözlə desək, passiv, yaxud aktiv investor olmaq olar. Eyni zamanda kriptovalyuta da almaq barədə düşünmək olar. Azərbaycanda kriptovalyuta almaq üçün pulu ölkədən çıxarmaq olmaz, lakin yerli kriptovalyuta birjalarından istifadə etməklə, fərdi hesablar vasitəsilə müəyyən məbləğdə valyuta almaq mümkündür. O ki qaldı valyuta depozitlərinə, onlar 2,5 faizə qədər, 100 min manata qədər sığortalanır. Amma sığorta bankın müflis olmaq riski ilə əlaqədardır. Valyuta ilə bağlı riski heç kim almaq istəmir”.
X.Kərimli əlavə edib ki, ölkə daxilində investisiya etmək istəməyənlər ölkədən pul çıxarmaqla bağlı qanunvericiliyə uyğun olaraq, müxtəlif investisiya şirkətlərinə yatırım edə bilərlər: “Hər bir şəxs özü üçün risk profili çıxarmalıdır-riskə dözümlüdür, ya yox? Pulu hansı müddətə qoyur? Gəlir nə zaman lazım olacaq? Qərar bütün bu amilləri nəzərə alaraq verilməlidir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”