“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
Bu gün, 11:16

"DİA-AZ"a Naxçıvanla bağlı olduqca ilginc iddiaların yer aldığı məlumat daxil olub. söhbət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun dövründə fəaliyyət göstərmiş "NaxçıvanBank"da toplanmış böyük həcmli vəsaitin şübhəli şəkildə yoxa çıxmasından gedir.
"DİA-AZ" xatırladır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli Qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib.
O zaman bu barədə məlumat yuyan AMB-nin rəsmi xəbərində deyilirdi ki, fiziki şəxslər “Naxçıvanbank”dakı hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə 25.07.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bül-Bül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər:
“Bildiririk ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Naxçıvanbank” ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə keçmişdir”.
"DİA-AZ" bildirir ki, amma indi aydın olur ki, “Naxçıvanbank”da saxlanılan vəsaitin əhəmiyyətli hissəsi "YOXA ÇIXIB.
Qeyd edək ki, daha əvvəl “Naxçıvanbank” səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus oldub. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verdikdən sonra “Naxçıvanbank”ın səhmdarları dəyişib. Amma buna rəğmən yenə də keçən il bankın fəaliyyəti birdəfəlik olaraq dayandırıldı.
"DİA-AZ"a danışan məlumatlı mənbə iddia edir ki, “Naxçıvanbank”dakı pulun əhəmiyyətli hissəsi - 1.2 milyard manatlıq vəsait şübhəli şəkildə yoxa çıxıb. Mənbə iddia edir ki, əslində həmin pullar Naxçıvanda Talıbovların fəaliyyətləri boyunca mənimsədikləri - əslində Naxçıvandan oğurladıqları pullar olub: "Amma həmin pullar geriyə - Naxçıvanın büdcəsinə qaytarılmadı, heç ümumi Azərbaycan büdcəsinə də qaytarılmadı... hara yoxa çıxdı... rəsmən elan olunmur..."
Məlumatı verən mənbə bildirir ki, əslində bu vasit Naxçıvanın özünə xərclənməli idi: "Nəinki bu vəsaitə əl qoyuldu, hətta Naxçıvanın əvvəlki büdcəsi - 450 milyon manatdan 380 milyon manata qədər azaldıldı ki, bu da əslində birbaşa olaraq əhalinin sosial rifahına mənfi təsirini göstərdi..."
Qeyd edək ki, həmin 1.2milyard manatın aqibəti ilə bağlı müxtəlif fərziyyələr də var. Bu barədə növbəti yazımızda ətraflı danışacağıq. Bizi izləyin...