May ayından bəri Qəzzada ilk tibbi təxliyə həyata keçirilib
29-06-2024, 11:15
Cümə axşamı çox sayda xəstə və yaralı qəzzalı Misirə aparılıb. Bu, Misirə sərhəd-keçid məntəqəsinin may ayında bağlanmasından bəri ilk dəfədir ki, tibbi təxliyə həyata keçirilib.
İsrail ordusunun məlumatına görə, ABŞ, Misir və beynəlxalq ictimaiyyətin rəsmiləri ilə razılaşdırılan təxliyə zamanı 19-u xəstə və yaralı uşaqlar, eləcə də onları müşayiət edən şəxslər olmaqla, Misirə 68 nəfər keçib.
France-Presse xəbər agentliyinin bildirdiyinə görə, Qəzzadan olan 21 xərçəng xəstəsi müalicə üçün Birləşmiş Ərəb Əmirliklərinə aparılıb. Xərçəng xəstələrinin təxliyə edilən 68 nəfərin arasında olub-olmadığı bəlli deyil.
Qəzza xəstəxanalarına rəhbərlik edən Məhəmməd Zaqut Qəzzada 25 mindən çox xəstənin xaricdə müalicəyə ehtiyacı olduğunu və Kərəm Şalom keçid məntəqəsindən Misirə gedən marşrutun Qəzzanı Misirlə birbaşa birləşdirən Rəfah keçid məntəqəsini əvəz etmədiyini deyib.
İsrail qüvvələri cümə axşamı Qəzza şəhərinin bir məhəlləsinə daxil olub və HƏMAS militantlarına qarşı mübarizənin son mərhələsi kimi təsvir etdikləri əməliyyatdan əvvəl fələstinlilərə cənuba doğru hərəkət etmələrini əmr edib.
Fələstinli Mülki Müdafiə Xidmətinin məlumatına görə, Şicayyədə azı 7 nəfər ölüb.
Şicayyə sakinləri Reuters agentliyinə onların məhəlləsində tankların və pilotsuz təyyarələrin atəş səslərini eşidəndə təəccübləndiklərini bildiriblər. Bəzi mülki şəxslərin dağıntılar altında qalması və xilasetmə qruplarının onlara dərhal yardım edə bilməməsi səbəbindən daha çox itki gözlənilir.
İsrail ordusunun cümə axşamı bildirdiyinə görə, İsrailin işğalı altında olan İordan çayının qərb sahilində keçirilən əməliyyat zamanı əsgərlərindən biri ölüb, digəri isə ağır yaralanıb.
Əməliyyat Cenin şəhərində keçirilib, şahidlər orada əldəqayırma partlayıcı qurğunun işə salındığını deyib.
Ordu terrorçuların fəaliyyətinin qarşısını almaq məqsədi daşıyan səylər çərçivəsində İsrail qüvvələrinin Cenin və İordan çayının qərb sahilindəki digər bölgələrdə müntəzəm reydlər həyata keçirdiyini bildirib. Reydlər İsrailin Qəzza zolağındakı HƏMAS militantlarına qarşı hücum boyunca davam edib və İsrail İordan çayının qərb sahilində 1700-dən çox HƏMAS üzvünün həbs edildiyi bildirib.
İsrail ordusu cümə axşamı Qəzzanın cənubundakı Xan Yunis şəhərinə havadan zərbələr endirib.