Kyiv müttəfiqlərini Ukraynanın qərbində uçuşa qadağa zonası yaratmağa təşviq edir
29-06-2024, 11:34
Rəsmilərin France Press xəbər agentliyinə verdiyi məlumata görə, Rusiyanın amansız hücumlarını dəf etmək üçün kifayət qədər zenit sistemləri olmayan Ukrayna Avropalı müttəfiqlərini qonşu Polşa və Rumıniyada hava hücumundan müdafiə sistemləri yerləşdirməklə, ölkənin qərbində uçuşa qadağa zonası yaratmağa təşviq edir.
Kyiv son aylar Rusiyanın hücumlarına məruz qalan sənaye, enerji infrastrukturu və mülki əhalinin kütləvi dağıntılardan qoruna bilməsi üçün Ukraynanın qərbində təhlükəsiz məkan yaratmaq istəyir.
Deputat Oleksiy Qonçarenko ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərini nəzərdə tutaraq, "NATO-nun "Patriot" sistemlərini Polşa sərhədi boyunca nəyə görə yerləşdirmədiyini başa düşə bilmirəm" deyib.
"Axı Rusiya raketləri artıq Polşa və Rumıniyanın hava məkanına daxil olub. Bu, Polşa və Rumıniya sərhədlərini qoruyacaq, Ukraynanın qərbində və cənubunda təhlükəsiz zona yaradacaq," o, əlavə edib.
Bu tələbi keçən həftə Fransa Beynəlxalq Münasibətlər İnstitutu (IFRI) və yerli “Yeni Avropa Mərkəzi”nin təşkil etdiyi səfər zamanı Ukraynanın bir neçə mülki və hərbi rəsmisi Kyivdə France Press agentliyinə müsahibə verərkən təkrar edib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba may ayında bununla bağlı debatı açaraq, "tərəfdaşlarımızın Ukrayna ərazisi üzərində Rusiya raketlərini öz ərazisindən vurmasına mane olan heç bir hüquqi, təhlükəsizlik və ya mənəvi arqument yoxdur" demişdi.
Prezident Volodimir Zelenski aylarla Qərb tərəfdaşlarından daha çox hava hücumundan müdafiə sistemləri istəsə də, yeni təchizat məhdud miqdarda daxil olub.
Kyivin son uğurları sırasında Rumıniyanın "Patriot" raketdən müdafiə sistemi ilə bağlı vədi də var və Birləşmiş Ştatlar Ukraynaya ehtiyatlarını artırmaq üçün növbəti 16 ay ərzində zenit-raket komplekslərinin satışını prioritetləşdirəcəyini bildirib.