Zelenski Kyivdə Sloveniya prezidenti ilə görüşüb

29-06-2024, 12:08           
Zelenski Kyivdə Sloveniya prezidenti ilə görüşüb
Ukrayna prezidenti Volodimir Zelenski ikinci sülh sammitinin planlarını və ikitərəfli təhlükəsizlik sazişini müzakirə etmək üçün Kyivdə Sloveniya prezidenti Nataşa Pirts Musarı qəbul edib.

Sloveniya liderinin cümə günü səfəri Zelenskinin bütövlükdə Avropa İttifaqı (Aİ) ilə uzunmüddətli saziş də daxil olmaqla, üç təhlükəsizlik sazişi imzaladığı Aİ-nin sammitində iştirakından bir gün sonraya təsadüf edib.

Cümə günü X sosial media hesabında dərc olunan bəyanatında Zelenski bildirib ki, Ukrayna “bütün Avropa ölkələri ilə bu cür razılaşmalar üçün hərtərəfli çərçivə yaratmağa çalışır. Bu, təkcə Ukraynanı deyil, bütün qitədə təhlükəsizliyi gücləndirəcək”.

Zelenski birgə mətbuat konfransında deyib ki, o, Sloveniya prezidenti ilə bu ayın əvvəlində İsveçrədə keçirilən sammitdəki kimi ikinci sülh sammitinin planlarını da müzakirə edib. Həmin görüş üçün 15 və 16 iyun tarixlərində 101 ölkə və təşkilatın liderləri Burgenstok kurortuna toplaşmışdı.

Zelenski bir qrup ölkəni həmin görüşdə müzakirə olunan "sülh düsturları" üzərində işləməyə hazırladıqlarını deyib. Sammit iştirakçılarının əksəriyyəti ərazi bütövlüyü, beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsinin Ukraynada Rusiya müharibəsinə son qoymaq üçün istənilən sülh danışıqlarının əsası olmalı olduğu üzərində razılaşıb.

Pirts Musar bu düsturu dəstəklədiyini bildirib. O, həmçinin Sloveniya hökumətinin Ukraynaya təxminən 5 milyon dollarlıq humanitar yardım paketini təsdiqlədiyini bəyan edib.

Bu arada, Rusiya Müdafiə Nazirliyi cümə günü verdiyi açıqlamada, rəsmilərə ABŞ dronlarının Qara dəniz üzərində uçuşlarına "təcili cavab" hazırlamağı əmr etdiyini deyib ki, bu, Moskvanın Amerika kəşfiyyat təyyarəsini dəf etmək üçün güclü addımlar ata biləcəyinə dair açıq-aşkar xəbərdarlıq olaraq görülür.

Müdafiə nazirliyi bəyanatında bildirib ki, ABŞ Qərb dövlətlərinin Ukraynaya Rusiya ilə müharibəsində istifadə üçün tədarük etdiyi dəqiq silahların kəşfiyyatı və hədəflənməsi məqsədilə Qara dəniz üzərində strateji pilotsuz uçuş aparatları əməliyyatları keçirir.

Bəyanatda "Bu, ABŞ və NATO ölkələrinin Ukraynadakı münaqişədə Kyiv rejiminin tərəfində iştirakının artdığını göstərir. Bu cür uçuşlar Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilə hava məkanında insidentlərin baş vermə ehtimalını artırır ki, bu da alyansla Rusiya arasında birbaşa qarşıdurma riskini artırır. NATO ölkələri buna görə məsuliyyət daşıyacaqlar" deyilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.