Netanyahu İsrailin Baydenin Qəzza planına sadiq olduğunu bəyan edib
30-06-2024, 18:54
İsrail ABŞ prezidenti Co Baydenin təklif etdiyi, Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsini nəzərdə tutan plana sadiq qalır.
Bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib və onun həyata keçirilməsinə bütün maneələrin Fələstinin radikal HAMAS hərəkatı tərəfindən yaradıldığı fikrini ifadə edib.
“Girovlarımızı azad etmək kimi müqəddəs missiyaya gəlincə, İsrailin prezident Baydenin dəstəklədiyi azad etmə planı ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Bu gün hamı sadə bir həqiqəti bilir: girovlarımızın azad edilməsinə yeganə maneə HAMAS-dır. Diplomatik və hərbi təzyiqləri birləşdirərək, onların hamısını - 120 girovu geri qaytaracağıq. Həm diriləri, həm də ölüləri”, - deyə Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib.