NATO ölkələrinin Tramp təlaşı: Ukraynaya silah göndərmək üçün planlar hazırlanır
3-07-2024, 17:08
ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder nəşrə bildirib ki, Birləşmiş Ştatlar bu səylərə dəstəyi azaltsa və ya geri götürsə belə, onlar tamamilə yox olmayacaq.
Tramp ABŞ seçkilərində, Kiyevi dəstəkləyən əleyhdarlar isə Avropada seçkilərdə qalib gəlsə belə, NATO ölkələri Ukraynaya silah tədarükünün dayandırılmaması üçün tədbirlər hazırlayırlar. Bu barədə "Wall Street Journal" yazıb.
Qeyd olunur ki, məhz buna görə də Kiyevə silah tədarükünə görə məsuliyyət indi Vaşinqtondan NATO rəhbərliyinə keçir.
ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder nəşrə bildirib ki, Birləşmiş Ştatlar bu səylərə dəstəyi azaltsa və ya geri götürsə belə, onlar tamamilə yox olmayacaq.
Bildirilir ki, bu məqsədlə Kiyevə silah tədarükü üzrə ABŞ-ın deyil, bütövlükdə NATO-nun nümayəndəsi, koordinator göndəriləcək. Həmçinin ABŞ-ın deyil, NATO-nun himayəsi altında Kiyevə hərbi texnikanın verilməsini və Ukrayna Silahlı Qüvvələrinin sialhlılarının təlimini əlaqələndirmək üçün Visbadendə (Almaniya) yeni komandanlıq yaradılır.
Xatırladaq ki, bir müddət əvvəl "The Washington Post" qəzeti amerikalı məmurlara istinadən yazıb ki, ABŞ-la Ukrayna arasında imzalanmış təhlükəsizlik sazişinin Konqres tərəfindən ratifikasiya olunmaması, yenidən prezident seçiləcəyi təqdirdə Donald Trampın onu ləğv etməsinə imkan yaradır.
Həmin sənədə əsasən, 10 il müddətində Vaşinqton silah və texnikanın tədarükü, Ukrayna ordusunun təlimi və hava hücumundan müdafiə (HHM) sistemlərinin inkişafı vasitəsilə "Ukraynanın hərbi qüdrətini, eləcə də bütün döyüş funksiyaları spektri üzrə hərbi potensialının inkişafını və transformasiyasını dəstəkləyəcək" . Lakin hərbi əməliyyatlarda iştirak etmək üçün amerikalı əsgərlərin Ukraynaya göndərilməsi sazişdə öz əkisini tapmayıb.