İsrail rəsmiləri HƏMAS-ın atəşkəs təklifini araşdırır

5-07-2024, 15:54           
İsrail rəsmiləri HƏMAS-ın atəşkəs təklifini araşdırır
İsrail qüvvələri və Livanda yerləşən "Hizbullah" militant qruplaşması cümə axşamı sərhəd boyu bir-birinə qarşı hava hücumları həyata keçirib və bu, İsrailin Qəzza zolağında HƏMAS-a qarşı müharibəsinin daha geniş regional münaqişəyə yayılması qorxusunu artırıb.

"Hizbullah" hücumlar zamanı İsrail bazalarına 200-dən çox raket atdığını və "partlayıcı dronlardan" da istifadə edildiyini deyib. İranın dəstəklədiyi qrup bunu İsrailin çərşənbə günü komandirlərindən birini öldürməsinə cavab adlandırıb.

"Hizbullah"ın hücumu İsrailin şimalında hava hücumu sirenlərinə səbəb olub. İsrail ordusu mərmilərin çoxunun qarşısını aldığını və Livandakı atış mövqelərinə havadan yeni zərbələr endirdiyini bəyan edib.

Zorakılıq İsrail rəsmilərinin HƏMAS-ın Qəzzada saxlanılan girovların azad edilməsini nəzərdə tutan atəşkəs təklifinin son variantına cavabını nəzərdən keçirdiyi vaxt baş verib.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi çərşənbə günü bildirib ki, İsrail HƏMAS-ın Qətər vasitəçilərinə göndərdiyi "bəzi ideyaları" araşdırır.

Netanyahunun ofisindən verilən açıqlamada "Girov razılaşmasının vasitəçiləri danışıqlar qrupuna HƏMAS-ın girov razılaşması ilə bağlı təklifini verib. İsrail cavabı araşdırır və vasitəçilərə cavab verəcək" deyilib.

Qətər, Misir və Birləşmiş Ştatlar vasitəçiləri girovları azad edəcək və hərbi əməliyyatları dayandıracaq razılaşma əldə etmək üçün aylardır çalışır. HƏMAS-ın çərşənbə günü təqdim etdiyi ideyalar ABŞ prezidenti Co Baydenin mayın sonunda müzakirəyə çıxardığı üç fazalı sazişi əhatə edir.

Birləşmiş Millətlər Təşkilatı İsrailin Qəzza zolağının təxminən üçdə birini əhatə edən və 250 minə qədər mülki vətəndaşa təsir edən Xan Yunis və Rəfah vilayətlərinin böyük hissəsindəki son təxliyə əmrindən narahatlığını ifadə edib.

BMT-nin Fələstin ərazilərində humanitar məsələlər üzrə ofisinin rəhbəri Andrea De Domeniko "Son iki gündə, bazar ertəsi günortadan sonra evakuasiya əmrinin verildiyi vaxtdan bəri insanların daimi axınının şahidi olduq" deyib.

O, çərşənbə günü Qüdsdə keçirdiyi video-brifinqdə jurnalistlərə deyib ki, BMT-nin yardım agentlikləri və onların tərəfdaşları İsrailin evakuasiya əmrindən sonra əməliyyatlarını bərpa etməli olacaq.

"Bizim üçün çatdırılma, sözün əsl mənasında gündəlik mübarizədir" - deyə, Andrea De Domeniko bildirib.

Qəzzada müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə 1200 nəfərin ölümü, 250 nəfərin girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayıb. İsrailin Qəzzada əks-hücumu nəticəsində 38 minə yaxın fələstinli ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.