London İrlandiyanın birləşməsinə dair referendum keçirməyə hazırlaşmır

8-07-2024, 11:04           
London İrlandiyanın birləşməsinə dair referendum keçirməyə hazırlaşmır
Böyük Britaniya hökuməti yaxın vaxtlarda Şimali İrlandiyanın İrlandiya Respublikasına birləşməsinə dair referendum keçirməyə hazırlaşmır.

APA-nın xəbərinə görə, bunu Britaniyanın Şimali İrlandiya işləri üzrə naziri Hilari Benn “Sky News” telekanalına müsahibəsində bildirib.

Hilari Benn deyib ki, hazırda belə referendumun keçirilməsi üçün şərait yaranmayıb: “Belfast müqaviləsi diqqətlə öyrənilib, müzakirə olunub və imzalanıb. Sənəddə referendumla bağlı şəraitə və kriteriyalara dair sərhədlər müəyyənləşib. Referendum yalnız o halda mümkündür ki, Şimali İrlandiya məsələləri üzrə nazir Şimali İrlandiya sakinlərinin İrlandiya Respublikasına birləşməyə səs verəcəklərinə əmin olsun. Hazırda belə şəraitin olmasına dair heç bir sübut yoxdur”.

Qeyd edək ki, Belfast müqaviləsi 1998-ci ildə imzalanıb. Müqavilə Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində qalmasını dəstəkləyən loyal protestantlarla Şimali İrlandiyanın müstəqil İrlandiya Respublikasına birləşməsini dəstəkləyən millətçi katoliklər arasında silahlı qarşıdurmaya son qoyub. 30 il davam edən bu münaqişə nəticəsində 3.5 min nəfər ölüb, 50 minə yaxın insan xəsarət alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.