Viktor Yanukoviç “Maydan” qurbanlarının ailələrindən üzr istədi
29-11-2016, 01:30
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç 2014-cü ilin qışında Kiyevin mərkəzində baş vermiş iğtişaşlarda həlak olan vətəndaşların ailələrindən üzr istəyib.
“Strana.ua” xəbər verir ki, bu barədə o, Maydan hadisələri ilə bağlı canlı videokonfransla dindirilmə zamanı bildirib.
“Mən xüsusilə, bu zalda əyləşən həlak olmuş insanların ailələri və ya onları təmsil edənlərdən üzr istəyirəm. Bilməyinizi istərdim ki, mən hər şeyi bu faciənin baş verməməsi üçün etmişəm”, - V.Yanukoviç söyləyib.
Onun sözlərinə görə, Maydanda baş vermiş hadisələrin siyasi məsuliyyətini aksiya iştirakçılarının liderləri daşıyır: “Bu, hakimiyyəti ələ keçirən Maydan liderlərinin mənafyi üçün nəzərdə tutulmuşdu, nəinki mən və mənim komandam üçün...Biz əlimizdən gələn hər şeyi etdik ki, buna yol verməyək”.
Qeyd edək ki, V.Yanukoviç bu gün Maydan hadisələri ilə bağlı təxminən 6 saat dindirilib. (Qafqazinfo)