Tiflisdə daşqın qurbanlarının sayı 19-a çatdı
17-06-2015, 10:13
Iyunun 16-da Gürcüstan paytaxtındakı Qəhrəmanlar meydanının ətrafında baş verən təbii fəlakətdən sonra yararsız hala düşən avtomobil yolları açılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya Tiflis şəhər meri David Narimaniya bildirib. Onun sözlərinə görə, iyunun 17-də xilasetmə, təmizlik və bərpa işləri yenə də davam edəcək: "Bu gün biz Vera çayının sahilinə yerləşdirilən texnikanı çıxartdıq, çünki əgər yağış yenə yağarsa, texnikanı daşqın baş verən ərazidən çıxarmaq mümkün olmayacaq. Biz yalnız təbii fəlakət baş verən ərazidə yox, şəhər sakinlərinin yaşadığı evlərdə də təmizləmə və bərpa işləri aparırıq. Mütəxəssislərimiz bəzi evlərin yararsız hala düşdüyünü bildiriblər. Bu səbəbdən Svanidze küçəsində yaşayan 36 ailəni Tiflisdəki hotellərə yerləşdirmişik və meriyanın xidmət idarəsi onları hər gün ərzaq və yaşamaq üçün lazım olan əşyalarla təmin edir" D. Narimaniya vurğulayıb.
APA-nın müxbiri iyunun 16-da Qəhrəmanlar meydanında yerləşən qərargahda olub. Həmin gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, Tiflis şəhər meri David Narimaniya və digər rəsmi şəxslər fasilələrlə qərargaha baş çəkiblər. Gürcüstanın baş naziri İrakli Qaribaşvili qərargahda olarkən jurnalistlərə bildirib ki, zoopark yerləşən ərazi tamamilə yeniləşdiriləcək və istirahət parkına çevriləcək, zoopark isə başqa yerə köçürüləcək.
D. Narimaniya APA-ya açıqlamasında qeyd edib ki, Gürcüstan hökumətinin infrastrukturun bərpası üçün ayırdığı 40 milyon lari təxmini göstərilən rəqəmdir: "Biz əraziləri bütünlüklə təmizlədikdən sonra bu məbləğ ola bilər ki, daha da böyük olsun," mer bildirib.
Qeyd edək ki, Gürcüstan dövlətinin bu gün yaydığı rəsmi məlumata görə, daşqında 19 nəfər həlak olub və 300 nəfər evsiz qalıb, 6 nəfər itkin düşüb.