Azərbaycanda bu xəstəliklərdən ölənlərin sayı artır – İnanılmaz səbəb
Bu gün, 11:34

Azərbaycanda ürək və böyrək xəstəlikləri ilə bağlı vəziyyət getdikcə ağırlaşır. Son illər bu diaqnozlarla müraciət edənlərin və ölənlərin sayında artım müşahidə olunur. Gənclər arasında da bu xəstəliklərin yayılması narahatlıq doğurur.
Ürək və böyrək xəstəliklərinin sürətlə yayılmasının səbəbi nədir?
TEREF bildirir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri fiziki hərəkətin azalmasıdır:
“Bütün dünyada avtomobillər və digər nəqliyyat vasitələri geniş yayılıb. Nəticədə piyada gəzmək, hərəkət etmək, fiziki iş görmək vərdişləri tədricən itir. Bununla yanaşı, insanlar artıq miqdarda qida qəbul edirlər. Bu gün istehlak edilənlərin böyük əksəriyyəti aşağı keyfiyyətlidir – xolesterinli, palma yağı ilə zəngin, konservləşdirilmiş məhsullar və sair. Bu məhsulların tərkibində müxtəlif konservantlar və zərərli maddələr var. Qidalanma düzgün olmadıqda və fiziki aktivlik azaldıqda maddələr mübadiləsi pozulur, xolesterin damar divarlarında çökür və nəticədə damarlar daralır”.
Ekspert bildirib ki, əslində insanlar çox vaxt qan damarlarının qocalması səbəbindən ölürlər:
“Böyrək xəstəlikləri də çox zaman damarlarla bağlı olur. Arteriyalarda daralma baş verir, nəticədə böyrəklərdə büzüşmə, funksional çatışmazlıq və şəkərli diabet kimi problemlər yaranır. Qeyd edim ki, şəkərli diabetin özü də böyrəkləri zədələyən əsas xəstəliklərdən biridir. Bu, həm də qidalanma, oturaq həyat tərzi, çəki artımı və insulin dirənci ilə bağlı bir xəstəlikdir”.
Professorun sözlərinə görə, prosesin qarşısını almaq üçün idmanla məşğul olmaq vacibdir:
“Avropa ölkələrində insanlar az da olsa, qidalanmalarına diqqət edilər, idmanla məşğul olurlar, həyat tərzlərinə önəm verirlər. Təəssüf ki, müsəlman ölkələrində vəziyyət belə deyil. Qeyd etdiyim məsələlər ömrün qısalmasına, əmək qabiliyyətinin vaxtından əvvəl itirilməsinə, əlilliyə və ölüm hallarının artmasına səbəb olur”.