II Qareginin keçmiş cangüdənindən şok ittihamlar: ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Bu gün, 09:27

“Bu adamın bir neçə qadından bioloji övladları var. Amma onlara atalıq etmir. Əgər özü inkar etsə, adlarını açıqlayacağam – mən onları tanıyıram...”
Ermənistan İctimai Televiziyasının efirində “bütün ermənilərin katolikosu” sayılan II Qareginin keçmiş əsadaşıyanı (yəni müşayiətçi keşişi, yaxud cangücəni) Xoren Vartabed Hovhannisyan katolikosla bağlı sensasiyalı açıqlamalar verib.
Moderator.az xəbər verir ki, bu haqda “Armenian Tayms” məlumat yayıb.
Keşişin sözlərinə görə, hazırkı katolikos II Qaregin “Rusiya xüsusi xidmət orqanlarının agentidir” və “ölkədə çevrilişə səbəb olacaq sarsıntılar yaratmaqla Ermənistanın suverenliyini ləğv edib onu Moskvanın bir quberniyasına çevirmək” missiyası ilə hərəkət edir.
O, iddia edir ki, bu prosesdə Qarabağdakı keçmiş “partkom”lar - Robert Köçəryan və Serj Sərkisyan da iştirak edir:
“Onlar böyük pullara, mediaya və təsir vasitələrinə malik olsalar da, çevriliş edə bilmirlər. Son ümidləri isə ‘üçbaşlı əjdaha’ dediyim Ketriç Nersisyan – yəni II Qaregindir. Bu insanlar ölkənin inkişafına mane olur”.
Xoren Vartabed daha da irəli gedərək bildirib ki, II Qaregin 1979-cu ildə Almaniyadan agent kimi ifşa edilərək qandallarla Moskvaya deportasiya olunub. Hətta 2005-ci ildə onun Almaniyaya səfəri zamanı Angela Merkel də onunla görüşməkdən imtina edib.
Ən qalmaqallı iddialardan biri isə katolikosun şəxsi həyatı ilə bağlıdır. Keçmiş cangüdən keşiş açıq şəkildə bildirir:
“Bu adamın bir neçə qadından bioloji övladları var. Amma onlara atalıq etmir. Əgər özü inkar etsə, adlarını açıqlayacağam – mən onları tanıyıram.”
Xoren Vartabedin bu cəsarətli çıxışları Ermənistanda böyük rezonans doğurub. Qeyd edək ki, rəsmi dairələr və II Qaregin tərəfindən hələlik heç bir cavab verilməyib.
S.Laçın