Elektrik enerji tarifləri endirilməsə, aksiyaları davam etdirəcəyik - “Ayağa qalx, Ermənistan” hərəkatı
15-07-2015, 21:03
Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan “Ayağa qalx, Ermənistan” hərəkatının üzvləri prezident Serj Sarkisyana ünvanlanan məktubu iqtidar partiyasının ofisinə təqdim ediblər.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, məktubda elektrik enerji tariflərinin artırılması qərarının ləğvi tələb olunur.
Məktubda bildirilir ki, əgər elektrik enerjisi tariflərinin artırılması haqqında qərar avqustun 1-dək ləğv olunmasa, fəallar mərhələni üç mərhələdə davam etdirəcəklər. Onlar habelə ölkənin böyük şəhərlərinin əsas küçələrini bağlamaq üçün plan hazırlayacaqlar.
Təşəbbüs qrupunun üzvü, “İrs” partiyasının mətbuat katibi David Sanasaryanın sözlərinə görə, onlar S. Sarkisyanı Ermənistan prezidenti kimi qəbul etmədiklərinə görə məktubu onun iqamətgahına deyil, məhz iqtidar partiyasının ofisinə təqdim ediblər.
“Ölkənin enerji sistemi talan edilib. Serj Sarkisyan bəyanatında etiraf edib ki, bu sistem dağılmaq ərəfəsindədir. Audit problemin həllinə kömək etməyəcək. Ona görə də cinayət işi açılmalıdır”, - deyə o vurğulayıb.