Qərb İranı aldatdı: Məqsəd nüvə məsələsi deyil
17-07-2015, 11:22
İranla əldə olunan razılıqda Qərbin əsas məqsədi nüvə məsələsi deyildi.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O, İranla “Altılıq” arasında əldə olunan razılığın mahiyyətində çox mühüm məqamlar dayandığını deyib:
“Hazırda Qərbin Rusiya ilə qarşıdurması fonunda İranla yaxınlaşması kifayət qədər önəmli bir amilə çevrilir. Çünki bir tərəfdən İran neytrallaşdırılır, başqa bir tərəfdən isə nüvə proqramı dondurularaq faktiki olaraq nəzarətə götürülür. Burda başqa bir önəmli amil də var ki, diqqət çəkməyə bilməz. Qərb üçün nüvə proqramı o qədər də önəmli və birinci dərəcəli məsələ deyildi. Çünki Qərb, xüsusi ilə də ABŞ İranın Yaxın Şərqdə bir çox radikal qruplaşmalarla bağlantısını və onlara köməklik etdiyini çox yaxşı bilir. Bu kontekstdən yanaşsaq və diqqət etsək, Qərbin İranla müəyyən sazişlərə imza atmaqda əsas məqsədinin də elə məhz bunun olduğunu çözmüş olarıq. Qərbin bu planı faktiki işləməkdədir. Tel-Əviv isə Tehrana sonuna qədər inanmır və inanmayacaq da. Çünki İran dəfələrlə meydanlarda verdiyi sözə əməl etməyib. Bunun arxasında isə bəlli məqsədlər var. Bu gün İranın xarici siyasətinin əsasını İsraili xəritədən silmək təşkil edir. İsrail İranın güclənməsindən narahat olmaqda haqlıdır. Əgər bütün qüvvələr bu məsələyə öz razılığını bildirsəydi, onda paradoksal vəziyyət yaranardı. İran, Rusiya və ABŞ-da müəyyən qüvvələr Ağ Evin tələsdiyini və bu razılığın Qərbə heç nə verməyəcəyini düşünürlər. Çünki sözügedən razılıqdan dolayı Qərbin əsas məsələdən yayına biləcəyindən ehtiyat edirlər. İranla Qərb arasında isə heç bir zaman həqiqi müttəfiqlik olmayacaq”.