MTN işi daha bir nazirliyi vurdu - Nazirlidə yoxlamalar başlayıb

28-10-2015, 13:53           
MTN işi daha bir nazirliyi vurdu - Nazirlidə yoxlamalar başlayıb
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının çoxu telefon danışıqlarının qanunsuz dinlənməsi ilə əlaqədar hazırda dindirilir".

Bunu ANS PRESS-ə nazirliyin əməkdaşlarından biri deyib. Onun sözlərinə görə, ciddi yoxlamalar bir neçə gün öncə başlayıb. Demək olar ki, əməkdaşların çoxu artıq dindirilib. Hazırda da bu dindirmələr davam etdirilir.

Mənbə nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovla bağlı da açıqlama da verib və bildirib ki, o həbs edilməyib. "Ancaq o, bir neçə gündür ki, dindirilir. Lakin bu dindirilmələrin nə zaman bitəcəyi barədə heç bir məlumat verilmir".

Xatırladaq ki, dünən kütləvi İnformasiya Vasitələrində (KİV) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun həbsi ilə bağlı xəbərlər yayılmışdı. Yayılan məlumatlarda deyilirdi ki, V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir. Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati - təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra öz qohumu Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyində rəhbər vəzifəyə gətizdirib.

B.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.