Hacı Şahin: “Dinimiz məzarın açılmasına o zaman icazə verir ki...”
1-02-2020, 10:00
Yanvarın 26-da vəfat edən, Milli Azadlıq Hərəkatının liderlərindən olan, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov yaşadığı İsveçrənin Letsern şəhərində müsəlman qaydası ilə torpağa tapşılıb. İctimaiyyətdə Tofiq Qasımovun Azərbaycana gətiriləcəyi gözənilsə də, bu, baş verməyib. Məlumatlara görə, onun xaricdə dəfn edilməsinə ya özünün vəsiyyəti, ya da ailəsinin fikri ilə qərar verilib.
Məlumat üçün bildirək ki, Tofiq Qasımov 1992-ci ilin mayında Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq vəzifəsindən gedib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T. Qasımov daha sonra İsveçə mühacirət edib. Oradan isə İsveçrəyə gedib. İki qızı var. O, vəfat edənə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayırdı.
Bəzi şəxslər bildirirlər ki, Tofiq Qasımovun nəşi Azərbaycana gətirilməlidir. Bəs İslam dini baxımından bir şəxsin qəbrinin açılması, onun meyitinin digər yerə keçirilməsi uyğundur?
“Yeni Müsavat”a danışan ilahiyyatçı Hacı Şahin Həsənli bildirdi ki, İslama görə, kiminsə qəbrinin açılması uyğun deyil: “Bir insan əgər dəfn olunubsa, onun məzarını açmaq haramdır. Lakin ciddi səbəb olarsa, bunu etmək olar. Məsələn, qəsbi olarsa, hansısa ekspertiza, araşdırma üçün açıla bilər. Eyni zamanda hər hansı ictimai şəxsin də digər yerə köçürülməsinin önəmi varsa, o halda məzarın açılmasına istisna hal kimi icazə verilir. Digər hallarda məzarın açılması haram sayılır”.
Məzarın açılması hüquqi termin olaraq “ekshumasiya” adlanır. “Ekshumasiya” sözü latın dilindən Azərbaycan dilinə hərfi mənada “torpaqdan çıxarılma” (exhumatio: ex - çıxarılma, humus - torpaq) anlamına gəlir. Ümumi mənada isə meyitin dəfn olunan yerdən çıxarılmasına “ekshumasiya” deyilir.
Ekshumasiya işinin şəri-hüquqi və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsi (CPM) ilə tənzimlənən tərəfləri var. Cinayət Prosesual Məcəlləsində (CPM) (maddə 237) ekshumasiyaya müstəqil prosessual hərəkət kimi baxılır. İstintaq hərəkəti kimi ekshumasiyanın 3 fərqləndirici cəhətlərinin olduğu göstərilir.
CPM-də yalnız meyitlərin ekshumasiyasından söhbət gedir. Digər əşyaların torpaqdan çıxarılması isə başqa prosessual hərəkətlərin dairəsinə aid hesab olunur.
CPM-si əvvəllər basdırılmış meyitlərin ekshumasiyası hallarını tənzim edir. Burada meyitin qəbul olunmuş qaydalara müvafiq basdırılıb-basdırılmamasından asılı olmayaraq cinayət izini açmaq üçün onun basdırıldığı yerdən çıxarılması nəzərdə tutulur. Bu zaman basdırılma yeri yalnız qəbir deyil, digər yerlər - mavzoley tipli məzarlar, divarlar, boşluqlar, sərdabələr, yandırılmış meyitlərin külü olan yerlər, su hövzələri və digər yerlər ola bilər.
III. CPM-də qaldırılmış və istintaq olunan cinayət işinin aparılması çərçivəsində istintaq hərəkətlərindən söhbət gedir.
Meyitlərin ekshumasiya olunmasına əsas və hadisələrin təsnifatını aşağıdakı kimi xarakterizə olunur:
Meyitin rəsmi qaydada icazəli ekshumasiyası;
Məhkəmə-tibbi məqsədlərlə;
Qəbiristanlığın bir yerdən digər yerə köçürülməsi;
Meyitin bir qəbiristanlıqdan başqa bir qəbiristanlığa köçürülməsi;
Basdırılanın şəxsiyyətinin müəyyən edilməsi məqsədilə (şəxsiyyətin cinayət istintaqı axtarışı ilə bağlı olmayan hallarda) çıxarıla bilər.
Əli RAİS,
“Yeni Müsavat”