Neftin qiyməti təhlükəli həddə yaxınlaşdı – SON QİYMƏT

3-02-2020, 09:44           
Neftin qiyməti təhlükəli həddə yaxınlaşdı – SON QİYMƏT
London birjasındakı hərraclarda Brent nefti 55 dollaradək ucuzlaşıb.
FED.az xəbər verir ki, hərracın gedişində neftin qiyməti 55,46 dollara enib. Sonradan qiymət yenidən 56 dolları keçərək 56,12 dollarda dayanıb. Bu bir gün əvvəllə müqayisədə 0,72% azdır.

WTI neftinin qiyməti isə hərracların gedişində 50 dollara enib. Qiymətlər qısa müddətə 50.61 dollar olub. Sonradan isə 51,33-də sabitləşib.
Əvvəlki günlə müqayisədə WTI nefti 0,23% ucuzlaşıb.
İqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, korona virusu dünya iqtisadiyyatını çox pis dövrdə yaxalayıb: «Adətən işgüzar fəallığın aşağı düşdüyü ilin əvvəlində üstəlik virusun da yaratdığı qlobal təhlükələr artıq beynəlxalq maliyyə və əmtəə bazarlarından exo verir. Belə ki, fond birjalarında səhmlər dəyərsizləşir, əmtəə bazarlarında xammal (neft-qaz, mis, dəmir filizi, qızıl, gümüş və s.) ucuzlaşır.
Nüfuzlu Goldman Sachs investisiya bankının hesablamalarına görə korona virus Çin iqtisadiyyatlnda artım ən azı 0,4 faiz aşağı salacaq və onun başlıca təsirləri həmçinin ABŞ və Yapon iqtisadiyyatına olacaq.
Bu virusun təsirindən cari ilin birinci rübündə Çində neftə olan gündəlik tələbat orta hesabla 250 min barreldən çox azalacaq. Təbii ki, bu azalmanın trendə keçməsi və getdikcə böyüməsi dünya bazarında neftin qiymətlərini də ucuzlaşdırır».
Qeyd edək ki, Azərbaycanın 2020-ci ilin büdcəsində baza qiyməti olaraq barrel üçün 55 dollar götürülüb. Ötən həftə sonu Azərbaycan neftinin satış qiyməti hələlik açıqlanmasa da, birjalarda bir qayda olaraq Azərbaycan nefti Brentdən 1,5-2 dollar baha olur.
İqtisadçı bildirib ki, bu arada qaz qiymətləri daha sürətlə ucuzlaşır: «Son 1 ildə 31 faiz dəyər itirən qazın qiymətində eniş davam edəcək. Bunun xüsusilə də Azərbaycanda qaz hasilatında artım dövrünə təsadüf etməsi ölkənin gəlirlərini azaldacaq.
Korona virusun dünya birjalarında səhmlərin qiymətinə mənfi təsirləri nəticəsində Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin idarəedilməsindən gəlirlər də aşağı düşəcək. Belə ki, ARDNF-nin aktivlərinin 69,6 faizi istiqrazlar və pul bazarı alətlərində, 13,4 faizi səhmlərdə, 11, 4 faizi qızılda və 5,6 faizi əmlakda yerləşdirilib.
Çin və Azərbaycan arasında investisiya, ticarət və səyahət əlaqələri də bu virusdan dolayı mənfi yöndə təsirlənəcək.
Çox şey korona vurusuna əlacın nə vaxt tapılacağından asıldır. Əgər, bu tez baş verərsə, onda sabitləşmə də erkən başalyacaq. Əks təqdirdə qlobal iqtisadiyyat hər növbəti həftə əvvəlkindən daha çox ziyan çəkəcək».fed.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.