İndi şiə deyib sinəsinə döyənlərin bir çoxunun yanında İran niyə şiə qardaşı Azərbaycanı qoyub Ermənistanla dostluq edir,...
1-09-2020, 16:46
![İndi şiə deyib sinəsinə döyənlərin bir çoxunun yanında İran niyə şiə qardaşı Azərbaycanı qoyub Ermənistanla dostluq edir,...](/uploads/posts/2020-09/1598964224_1.jpg)
Kaş bu gün bu dəmdə,
Olaydım...Nardaranda
II yazı
Sonda deyəcəyim sözü başda deyim, sonra keçim izaha. Nardaran pirini, bütünlükdə Nardaran kəndini bu qədər – 5 il bağlı saxlamaq qətiyyən doğru addım deyil. Bu, Azərbaycan dövlətinin xarici təsirlər qarşısında zəif olduğu etiraf etməsi təsəvvürü yaradır. Vətəndaşla-hakimiyyət arasında vicdan azadlığı məsələsindəki bir sıra problemlər də elə lüzumsuz qadağalardan qaynaqlanır.
Ermənistanla məsafəsi 100 metrlərlə ölçülən kəndlərimizin giriş-çıxışı açıq ikən, ərazini hədəf seçən İrandan yüz kilometrlərlə uzaq Nardaranın “qapıları”nda 5 ildir polis postlarının qurulmasının bundan başqa izahı yoxdur.
Bir gündə kənddən 30 dəfə də çıxsan, 30 dəfə yoxlanacaqsan, postdan 20 metr uzaqlaşıb geri dönsən, yenə maşının saxlanacaq, yoxlanacaqsan, əzizin vəfat etdi, polisin müşayiəti ilə dəfn edəcəksən, evlərdə heç bir yığıncaq olmaz (pandemiyadan öncədən danışırıq – son 5 ildən), qonağın gələcəksə, saylarını, vaxtlarını polislə razılaşdıracaqsan. Adamlar tanıyıram, girişdə polislərlə çənə-boğaz etməməkçün Nardaran qəbristanlığında dəfn olunan əzizlərinin məzarına ziyarətə getmirlər – o qədər bezdiricidir yəni. 5-10 nəfərə görə bir kəndi hakimiyyətdən incik salmaq, qarşılıqlı etimadsızlıq mühiti yaratmaq nəyə gərəkdir? Bu durum vətəndaşı təhlükəsindən qorumaq istədiyimiz dini siyasətə alət edən kənar gücün xeyrinə deyilmi? “Hakimiyyət sizinlə inancınıza görə düşmənçilik edir” kimi saxta arqumenti onlara niyə veririk ki?
Nardaranla bağlı nə müzakirə açan var, nə kənd camaatının dərdini dilinə gətirən. Problemləri qaldırmalı olanlar, israrla susurlar. Ərazini Milli Məclisdə təmsil edən Eldar Quliyevdən əhali çoxdan əlini üzüb. O qədər hadisələr yaşandı, bir dəfə ağzını açmadı, “danış” dedik, bizim məhkəmə ilə hədələdi. 9 fevral seçkisində cuşa gəlmişdi amma. Öz maraqları üçün. Kənddəki evlərdən birində keçirdiyi qapalı görüşə baxdım, xəcalət çəkdim. 20 il siyasi vəzifə tutan - deputat olan bir adam Nardaranın əsas məsələsi ilə bağlı kəlmə də kəsmədi. Kəndə millətin dərdi üçün yox, bazarlıq üçün gəlmişdi...
Problemi qabartmalı, çözüm yolları təklif etməli olan ictimai institutlar da susqundurlar. Hansı məsələdə aktivdirlər ki? Vətəndaş cəmiyyəti qurumları aktiv olsaydılar, indi Azərbaycanda bir çox problemə ən azı konseptual baxış formalaşmışdı, məsələlər tərəflərin baxışları diqqətə alınaraq dərindən araşdırılmışdı.
Düşünməyin ki, vətəndaş cəmiyyətinin passivliyini ancaq bu sektoru təmsil edənlərin üzərinə qoyuruq. Əsla. Onlara kim meydan verdi, “oynamadılar”? Ölkənin bu zamana qədər olan genəl siyasəti beləydi. Korrupsiyanı çiçəkləndirmək, müstəqilliyin möhkəmlənməsinin qarşısını almaq üçün qapalı mühit yaratmaq istəyənlər danışan dilləri susdurdular, ictimai fəalları gözümçıxdıya saldılar, ölkənin, dövlətin xeyrinə olan bütün işlərin qarşısına kötük yuvarladılar. Siyasəti, ictimai fəaliyyəti qorxulu sənətə çevirməklə fəal, təşəbbüskar insanları proseslərdən uzaqlaşdırdılar, ölkəni vətəndaşın istəyinə uyğun deyil, öz maraqlarına görə gəlişdirdilər.
Bu gün Ramiz Mehdiyevin timsalında hakimiyyətdən uzaqlaşdırılan bu qanad inanclı insanların çoxuna “radikal dindar” adı qoyub hakimiyyətin hədəfinə çıxardı. Hər kəsi damğaladılar, heç bir halda Azərbaycanın xeyrinə olmayan süni gərginliklər yaradıb həssas bölgələrdə gərəkli zamanda partladılmağa hazır minalar basdırdılar.
Hayla gəlib toyla gedən bu komandanın izini ictimai-siyasi səhnədən – dövlət aparatından, Milli Məclisdən, prokurorluqdan, polisdən, mediadan nə qədər tez silə biləcəyiksə, müşküllərimizin asanlaşdırılmasına o zamandan başlaya biləcəyik.
Nardaran məsələsində hakimiyyətin məsuliyyəti vətəndaşın məsuliyyətindən qat-qat artıq olduğundan sıralamada ona öncəlik tanıdıq. Vətəndaşına yetərincə diqqət ayırmayan – onun təhsili, məşğulluğu, rahat həyatı, ən əsası da ləyaqətli həyatı üçün üzərinə düşəni etməyən hökumətlərin vətəndaşları ilə başqa ölkələrin hökumətləri “məşğul olur”. Bu, bir tək Azərbaycan, Nardaran üçün keçərli deyil, oxşar problemi olan bütün ölkələrdə belədir. Kənar güclər ölkəyə məhz belə boşluqlardan nüfuz etməyə çalışırlar. Ancaq bu o demək deyil ki, vətəndaşın bu məsələdə heç bir məsuliyyəti yoxdur. 21-ci əsrdə paytaxtda yaşayan insan ölkəsinin tarixi haqqında anlayışsızdırsa, sabitliyini, rifahını, ləyaqətli həyatını yalnız və yalnız güclü dövlətinin təmin edəcəyini dərk etmirsə, inancından yararlanıb ölkəsinə, dövlətinə, özünə qarşı qurulan xain planları görə bilmirsə, bu, faciədir.
İran bu məsələdə bizi çox həssas yerimizdən vurur – inancımızdan. Tehran 70 il qırmızı imperiyanın işğalı altında yaşadığımızı əsas gətirib bizə dinsiz müamiləsi göstərir. Sanki müstəqilliyimizin bərpasından sonra Azərbaycana göndərdiyi mollalar olmasaydı, burda nə şəhadət gətirən olardı, nə təkbir deyən. Birinci yazıda Sovetlər Birliyi Bakısında Aşura mərasimi haqqında ona görə detallı yazdım. 1920-ci ildə Azərbaycan işğal ediləndən sonra Kreml yüzlərlə ruhani güllələdi, sürgünə göndərdi, hər hansı səbəbdən həyatda qalanları ömürlərinin sonuna qədər təqib etdi, ancaq nə Allah sevgisini ürəyimizdən, nə dini məişətimizdən çıxara bildi. Doğulanda adımızı qulağımıza kəlimeyi-şəhadətlə oxudular, dünyadan gedəndə son sözümüz kəlimeyi-şəhadət oldu.
Nardaranda, ya da Azərbaycanın digər bölgələrində yaşayıb İranın felinə uyanların şiəlik haqqında yaxından-uzaqdan bilgiləri olsaydı, Tehran mollalarına təriqətin qurucuları, onu dövlət ideolojisi səviyyəsinə ilk yüksəldənlərin kimliyi haqqında dərs keçərdilər. Şah İsmayıl Xətainin adını qorxusundan dilinə almayanlar bu gün cahilcə “Azərbaycan İrandır” deyirsə, bu, tək Tehranın məkrli siyasətinin sonucu deyil, təhsilimizin, vətəndaş yetişdirmək işində nə qədər axsadığımızın sübutudur. Biz vətəndaş yetişdirə bilsəydik, din üzərindən Azərbaycanda kök salmaq istəyən erməni dostlarının qarşısına çıxara biləcəyimi onminlərlə inanclı ordumuz var idi indiyə.
İndi şiə deyib sinəsinə döyənlərin bir çoxunun yanında İran niyə şiə qardaşı Azərbaycanı qoyub Ermənistanla dostluq edir, onun blokadaya düşməsinə imkan vermir, niyə şiə farslar sənin qardaşın şiə türkü dar ağacından asdırır, dilində təhsil almağa qoymur, zindanlarda çürüdür, amma sənin düşmənin ermənini başı üstündə saxlayır de, gör nə hoqqa çıxarırlar. İmam Hüseyn qənim olsun belələrinə...
Biz vətəndaş yetişdirsəydik, İranın təsiri altına salmaq istədiyi gənclərimiz farslardan soruşardılar ki, siz belə din keşikçisi, müqəddəs zatlarsınızsa, Musa əl-Kaziminin qızları, 8-ci imam Əli ibn Musa ər-Rizanın bacıları Həkimə xanımla, Rəhimə xanım niyə sizə - ərazicə yaxın farslara deyil, Bakıya sığındılar? Niyə onların uyuduğu İslam aləminin müqəddəs məbədləri sırasında yer alan Bibi-Heybət Məcsidi və Nardaran piri sizin yox, Azərbaycanın ərazilərindədir?
Biz bu gün dini dəyərlərimizin qorunmasına elə dini baxışlar üzərindən kənar qüvvələrin hədəf seçdiyi bölgələrdən başlamalıyıq. Nardaran pirinin imkanları Bakıda dini mərkəz qurulması üçün nəcə də münasibdir... Böyük kompleks, Bakı koloriti... İslam dünyasında Azərbaycanın bundan gözəl təbliğatı?
İldə 4 dəfə dünyanın ünlü İslam alimlərinin qatıldığı simpoziumlar, konfranlar, dinləmələr... Nəhəng kitabxana. Araşdırma mərkəzi. Təhsil kompleksi. Nələr yaratmaq olar, nələr... O zaman Azərbaycan ideoloji idxalçı mövqeyindən, ideoloji ixrac edən ölkəyə çevrilər, regionda iqtisadi gücümüzlə deyil, ideoloji gücümüzlə də önə çıxarıq.
Üstəlik Azərbaycanın, Bakının çox ciddi dini turizm potensialı var. Təkcə Nardaran piri müsqəqil kompleks kimi İslam dünyası üçün misilsiz ziyarətgahdır. Bakının az qala hər kəndində ziyarətgahlar yerləşir. Bibi Heybət Məscidindən, Aqil baba türbəsindən, “Əli ayağı”ndan, Seyid Yahya Bakuvi məqbərəsindən Beşbarmaq dağına, Əshabi-kəfə qədər nə qədər əsrlərdir ibadət yeri olan müqəddəs məkanlarımız var. Bu sektor işlənsə, Bakı İslam dünyasında haqq etdiyi yeri tutmaqla şiəliyi siyasətə alət edən İranın təsirindən getdikcə qurtula bilər.
Nardaranda kimi dindirsən, deyir, kaş prezident xanımı ilə gəlib piri aça. Yaxşı arzudur. Açarı öz əlimizdə olan bütün işlərdə Azərbaycan üçün xeyir var. Arzulara qoşuluruq.
Aygün Muradxanlı
01.09.2020
Teref.az