"1.3 milyondan çox avtomobilin 80 faizi Bakı şəhərindədir"

16-11-2021, 11:08           
"1.3 milyondan çox avtomobilin 80 faizi Bakı şəhərindədir"
İstiqamət: Ekologiya və ətraf mühitin mühafizəsi

"Respublikamızda nəqliyyat vasitələrinin günbəgün artdığı dövrdə onların ətraf mühitə təsiri böyük şəhərlərdə, magistral yollarda, digər sahələrdə özünəməxsus problemlər yaradır".

Bu sözləri Sonxeber.az-a açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev deyib.

O vurğulayıb ki, Bakı-Quba, Bakı-Astara, Bakı-Gürcüstan magistral yollarından gün ərzində 30-50 min avtomobil keçir, bu isə yolətrafı təbiətə ciddi ziyan vurur:

"Bununla bərabər, respublikamızın digər şəhərlərində, xüsusən Bakıda olan xeyli sayda avtonəqliyyat vasitələrini də bura əlavə etsək, o zaman hər gün təbiətimizə dəyən ziyanı görmüş olarıq.

Nəqliyyat vasitələrinin artması, landşaft komponentləri kimi, torpaq qatına da ciddi şəkildə təsir göstərir.

Atmosferlə bərabər, landşaft komponentlərinə, eləcə də torpaq mühitinə bunlar ciddi şəkildə təsir göstərir.

Hazırda respublikamızda olan 1.3 milyondan çox avtomobilin 80 faizi Bakı şəhərindədir. Bu səbəbdən də Bakıda olan ekoloji problemlər onların hesabına daha qabarıq görünür. Hər gün biz istər-istəməz çirkli hava ilə nəfəs almağa məhkum oluruq. Bununla bərabər, bu çirkli hava, həmçinin, ağacların, yarpaqların da üzərinə çökür. Bizim hesabımızla, bu çirkin təxminən 45 faizi yağışla yuyulsa da, qalanı qalır. Bu, həm də bəzi meyvə bağlarında və digər sahələrdə problem yaradır.

Avtonəqliyyat vasitələrinin çoxluğu, həmçinin, magistrallarda torpaq qatına da ciddi təsir göstərir.

Apardığımız tədqiqatların nəticəsi olaraq, deyə bilərəm ki, magistrallardan keçən avtomobillərin daxiliyanma mühərriklərindən havaya atılmış 260-dan çox zərərli maddələr yol boyu torpaq qatına da ciddi təsir göstərir.

Təhqiqatlar göstərir ki, yolətrafı torpaqların 10 sm qatı da daxil olmaqla, hər iki tərəfə 100 metr məsafə boyu təsir edir.

Torpaq qatının çirklənməsi ərazinin iqlim şəraitindən də aslıdır. Əgər Bakıda yağış çox yağsaydı, bu çirklənmənin böyük bir hissəsi yuyulub gedə bilərdi. Amma təəssüf ki, Bakı yarımsəhra şəhəridir və burada havadakı çirklənmələrin yarıdan çoxu insan orqanizminə nüfuz edir, digər yarısı isə üzərimizə tökülür.

Bilirsiniz ki, magistral yolların çoxunun ətrafı meyvə bağları və bostan bitkiləri ilə zəngindir. Əgər biz meyvələri və bostan məhsullarını yaxşı yumasaq, gigiyenik normalara ciddi riayət etməsək, bu, gec-tez sağlamlığımıza mənfi təsir göstərəcək.

Bundan əlavə, yolətrafı sahələrin otları ilə qidalanan heyvanların da məhsullarından istifadə etdikdə sağlamlığımıza eyni təsir göstərəcək.
Adətən avtomobillərin işlətdikləri yanacaq məhsullarının tərkibində olan ağır mikroelementlər torpağa tökülür və yağan yağıntı vasitəsi ilə onun alt qatlarına keçərək, bioloji dövrana qoşularaq nəhayət bizim istifadə etdiyimiz qidalarımıza da daxil olur. Əsas problem də elə buradan yaranır.

Tədqiqatlar göstərir ki, torpaqdakı bu maddələr kimyəvi, biokimyəvi və bioloji cəhətdən möhkəm xarakterə malik olsalar da, torpaqdakı digər maddələrlə birləşərək daha qorxulu kanserogen maddələrə çevrilirlər.

Məsələn, ən qorxulu elementlərdən olan qurğuşun torpaq qatında çətin hərəkət etsə də, torpaq tərkibindəki fosfolitlərlə birləşərək daha aşağı qatlara keçə bilir.

Son nəticədə isə onlar bitki kökləri vasitəsi ilə məhsullara keçə bilirlər. Bu proses nəticəsində ağır metalların insan orqanizminə daxil olması, xüsusən də uşaqlar və hamilə qadınlarda bir sıra ağır xəstəliklərin yaranmasına səbəb olur. Həmin xəstəliklər isə insan beyninə neyrotoksik maddələr şəklində təsir edir.

Bununla bərabər kadmium adlı mikroelement insan orqanizmində çox toplandığı zaman sümüklərdə kövrəklik yaradır. Hazırda bir çox insanların onurğa sütununda, oynaqlarında olan xəstəliklər bu elementin çoxluğundan yaranır. Bununla bərabər, bəzi elementlərin azlığı da problem yarada bilir.

Göstərilən bu faktları nəzərə alaraq, bildirmək istəyirəm ki, istər magistral yollar ətrafında, istərsə də şəhərlərimizdə yaşıllıq zonalarının artırılmasına və onların mühafizəsinə daha ciddi fikir verməyimiz sonda sağlamlığımızın qorunması deməkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.