Yer üzündə ən hərəkətsiz canlı: Yeddi il ərzində yerindən tərpənməyib
Bu gün, 17:18

Avropanın Balkan bölgəsindəki sualtı mağaralarda yaşayan nadir salamandra növü olan olmlar yer üzündə ən hərəkətsiz heyvan kimi tanınıb. Onlardan bəzilərinin yeddi il ərzində tamamilə hərəkətsiz qaldığı müəyyən olunub.
Bu barədə "IFLScience" nəşri məlumat yayıb.
Tədqiqatçılar 2010-2018-ci illər ərzində Bosniya və Herseqovinada yerləşən sualtı mağarada 26 olm üzərində müşahidələr aparıblar. Nəticələrə əsasən, bu canlılar bir il ərzində orta hesabla cəmi 5 metr məsafə qət ediblər. Ən qeyri-adi müşahidə isə 2569 gün - yəni düz 7 il ərzində bir nöqtədən belə tərpənməyən bir fərdin qeydə alınması olub.
Olmlar tam qaranlıqda yaşadıqları üçün görmə qabiliyyətlərini zamanla itiriblər. Onların gözləri inkişaf etməmiş və dəri ilə örtülüdür. Lakin yüksək həssaslığa malik kimyəvi reseptorlar vasitəsilə suda olan ən kiçik orqanik hissəcikləri belə hiss edə bilirlər. Bu sayədə əsasən həşərat sürfələri, kiçik xərçəngkimilər və molyuskalarla qidalanırlar.
Eyni zamanda, olmlar uzun müddət qidasız qala bildikləri üçün ov axtarışına enerji sərf etməyə ehtiyac duymurlar. Bu xüsusiyyət onların təbiətdə olduqca hərəkətsiz həyat sürməsinə səbəb olur.
Maraqlıdır ki, laboratoriya şəraitində olmlar daha fəal davranış nümayiş etdirir, gizlənir və sosial münasibətlər sərgiləyirlər. Alimlər hesab edirlər ki, təbiətdəki passiv həyat tərzi enerji ehtiyatlarının qorunmasına və uzunömürlülüyə xidmət edir. Bu növ təqribən 100 il yaşayır və yalnız 12,5 ildən bir çoxalır.
Araşdırmada iştirak edən populyasiyada genetik müxtəlifliyin olduqca aşağı olması isə bu davranış xüsusiyyətlərinin yalnız həmin qrup üçün xarakterik ola biləcəyini istisna etmir.