Tailandda seks qalmaqalına görə doqquzuncu rahib vəzifəsindən getdi

Dünən, 17:09           
Tailandda seks qalmaqalına görə doqquzuncu rahib vəzifəsindən getdi
Tailandda daha bir rahib seks qalmaqalına görə vəzifəsindən imtina edib.

Oxu.Az bu barədə "Bangkok Post"a istinadən xəbər verir.

Tailandın ən iri məbədlərindən biri olan "Wat Tha Luang"ın baş keşişi Phra Thepvatçararsitthimeti çərşənbə axşamı rəsmi şəkildə rahiblikdən imtina edib.

Beləliklə, o, Sika Qolf adlı qadın ətrafında baş verən seks qalmaqalına görə istefa verən doqquzuncu yüksəkrütbəli buddist ruhani olub.

Rahiblikdən imtina mərasimi Nakhonsavan əyalətinin Tak Fa rayonundakı "Wat Tak Fa" məbədində, yüksəkrütbəli rahiblərin iştirakı ilə baş tutub. Ayindən sonra sabiq dini lider adını dəyişərək Virax kimi dinc həyata qayıdıb və müqəddəs məkanı tərk edib. O, gələcək planları ilə bağlı heç bir açıqlama verməyib.

"Mən hamını məni incitdikləri şeylərə görə bağışlayıram", - deyə o, toplaşanlara bildirib.

Qeyd edək ki, Phra Thepvatçararsitthimeti daha əvvəl Phiçit şəhərindəki məbədi də idarə edib. Onun adı Sika Qolf ləqəbi ilə tanınan qadınla bağlı istintaq çərçivəsində hallanıb.

Bazar ertəsi, yəni istefa qərarından bir gün əvvəl, sabiq baş keşiş gizli şəkildə Phiçitdəki məbədinə qayıdaraq yuyunub, sonra isə yenidən yoxa çıxıb. Hazırda onun rezidensiyası bağlıdır.

Tailandda rahiblər seks qalmaqalı ilə bağlı aparılan istintaq çərçivəsində vəzifəsindən uzaqlaşdırılıblar. Tailand Polis İdarəsinin Korrupsiyaya Qarşı Mübarizə Şöbəsi həmin rahiblərlə danışıqlar aparıb və onlardan buddizmin nüfuzuna daha çox zərər vurulmaması üçün könüllü şəkildə vəzifələrindən imtina etmələri xahiş edilib. Məlumatlara görə, bu şəxslər Sika Qolfla romantik münasibətlərdə olublar. Qalmaqal iyulun 4-də baş verən ev axtarışı zamanı üzə çıxıb. Polis əməkdaşları qadının evindən beş mobil telefona baxış keçirərək 80 minə yaxın seksual xarakterli foto və video aşkarlayıblar. Kadrlarda qadının yüksəkrütbəli buddist rahiblərlə cinsi əlaqədə olduğu açıq-aşkar görünür.

Təhlükəsizlik orqanları bu materialların yayılmasının ictimaiyyətə, xüsusilə buddist icmaya ciddi mənəvi zərbə vurduğunu qeyd edib. İstintaq davam edir və digər şübhəli şəxslərin də məsuliyyətə cəlb olunacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru