Hökumət aldadılan yüzlərlə insanın ümidini dəfn edib - dövlət hansı gün üçündür?
17-05-2022, 11:10

Makievalli məşhur "Hökmdar" əsərində yazırdı ki, insanlar valideynlərinin təhqir olunmasına belə bəlkə göz yuma bilər, amma mülkiyyətinin əlindən alınmasını əsla bağışlamazlar. Bu, olduqca ağır və sərrast fikirdi. Üstəlik, Roma dövrünə aid seçilmiş ifadədir. Lakin əsrlər ötür, dövr və nəsillər yenilənir, nəticə dəyişmir, yenə də həmin söz aktuallığını itirmir. Nədən? - Çünki ədalətsiz idarəetmə olduğu bütün yerlərdə vətəndaşların mülkiyyət hüquqları tapdanır və insanlar buna görə dövləti bağışlamırlar. Hətta Kafkanın təqdim etdiyi üslubda - dövlət qara və qorxunc bir qüvvə kimi görünsə də, insanlar ev-eşiyi, mal-mülkü əlindən alınanda artıq Dövlət Aparatına, yəni Sistemə inamı itirirlər. Eynilə Azərbaycanda olduğu kimi... Oruell yazırdı ki, kütlələrə müqayisə imkanı verilməyənə qədər təzyiq altında yaşadıqlarını hiss etmirlər. Bizdə isə cəmiyyət çox tezliklə alternativləri görməyə başladı - Türkiyədə, hətta İranda, demokratikləşən, hüququ dövlətə çevrilən Gürcüstanda vətəndaşların mülkiyyət haqları qorunur, dövlət onun namusu satılan evinə kobud müdaxilə etmir. Bu fərqi yaxın qonşusunda belə görməyə başlayanda, yəni Avropa deyil, ətrafımızda eşidəndə təbii ki, iki hiss oyanmaqda idi - bizi təhqir edib ələ salırlar, biz nadan və qorxaq olduğumuz üçün mübarizə apara bilmirik. Anaxeber.info yazır ki, məhz bu analogiyalar indi cəmiyyətin aldadılmış, haqqı tapdanmış, mülkiyyət fırıldağı, mənzil dələduzluğu ilə üzləşmiş yüzlərlə üzvünə ağır təsir edir. Və onlar getdikcə dövlətə inamı itirir, sarsılır, güvən yerindən qopurlar. Təsəvvür edin, dövlət nə onlara sahib çıxmır, nə problemin həllini göstərmir. Bu, seçici itirmək, iqtidara etimadsızlıq yaratmaq deməkdir. Son illər Azərbaycanda yüzlərlə istehlakçı dövlət adamlarının himayəsində olan tikinti şirkətləri tərəfindən aldadılıb, amma yenə dövlətə üz tutublar. Minlərlə adamın evsiz qalıb, dövlət maraqlanmır. Çoxlu nümunələr gətirə bilərik - "Sahil İnşaat" MTK, "İnşaat Konstruksiyaları" MMC, "Sipark" MTK, "Proqress 2016" MTK və xeyli belə faktlar var. Elə ilk adını çəkdiyimiz şirkəti götürək: Yeni Günəşlidə tikinti yarımçıq qalıb, sahibləri dələduzluğa görə həbs edilib, amma bu heç də yüzlərlə sakinin mənzil probleminə son qoymayıb. Hələ də insanlar evlərinə köçə bilmir. Dövlət məhz belə məqamda işə qarışıb vətəndaşını razı salmalı, problemdən çıxış yolu göstərməlidir. Bəs, dövlət vətəndaşa hansı gündə lazımdır? Bəs, dövlət orduya çağıranda kasıb oğlunu göndərir, vergi istəyəndə ödəyir, işıq, qaz pulunu canın ala-ala çıxarır, müharibəyə dözür, pandemiyaya səbr edir, yarıac, yarıtox yaşayır, bahalaşma, işsizliyə qatlaşır, yəni dövlət babanın bütün yaşatdığı əzabları çəkir, səsini çıxarmır, amma hakimiyyət bir dəfə də vətəndaş üçün çalışmır. Prezident Administrasiyasında "N" şöbələr var, hərəsində xeyli əməkdaşı, yüksək maaş, xətir-hörmət, bağ-bağat, amma bu şöbələrin biri məsələni ölkə rəhbəri qarşısında qaldırmır ki, bu şirkətlərdən ev alan, kreditlə ev götürüb kirayədən xilas olmaq istəyən yüzlərlə insan ümidini itirib, pulu batıb, mənzilinə köçə bilmir. Bəs, dövlət nə üçündür? Bu adamlara bir də nə vaxt dövlət dayaq olacaq? Axı bu insanlar hakimiyyətə olan inamı itirirsə, başqa hansı yerdən mədəd umsun? Əlbəttə ki, haqlı olaraq sual verilir - Bakının şəhərsalma komitəsi, meriyası şirkətə bina tikməyə ərazi ayırır, inşa işlərinə icazə verir, sərəncam imzalanır, deməli, dövlətin xəbəri və razılığı olur. Ona icazə verəndə dövlət var, vətəndaş aldadılanda yoxdur. Bu binaya rəy verən Fövqəladə Hallar Nazirliyi, Ekologiya Nazirliyi, müxtəlif qurumlar var, yəni dövlətin strukturları bu prosesdə iştirak edirlər, müqavilə hazırlanır, ancaq mənzil dələduzluğu olanda dövlət və qurumları yoxa çıxır. Vətəndaşın inamını dəfn etmək olmaz. Dövlət xalqa xidmət etməlidir. Amma hakimiyyət başında olanlar minlərlə belə insanı Allahın ümidinə buraxıb. Bu isə Makiavelli dediyi nəticəyə çıxarır - insanlar mülkiyyət haqlarının pozulmasını qətiyyən bağışlamırlar və unutmurlar... Hazırda hökumət mənzil fırıldağı ilə üzləşən "Sahil İnşaat" MTK və digər şirkətlərin qurbanları ilə görüşməli, çıxış yolları göstərməli, təklif verməlidir. İnsanlar küçələrə çıxmaqdan, şikayət yazmaqdan yorulublar. Nədir bu susqunluq? Dövlətin qəsdi varmı? Niyə bu binəva adamlara əlac qılınmır? Dövlət aparatının funksiyası nədən ibarətdir? PA-da vətəndaşların qəbulu şöbəsi var, nə üçün mülkiyyət hüquqları ayaqlar altına atılmış adamlarla bağlı kompleks araşdırma aparılmır? - Suallar çoxdur, cavablar isə...
Azər Talıbov