NATO Türkiyəyə təzyiq yox, danışıqlar variantını seçir

26-05-2022, 08:13           
NATO Türkiyəyə təzyiq yox, danışıqlar variantını seçir
İlyas Hüseynov: “Blok rəhbərliyi Ərdoğanın təzyiqlərə boyun əyən lider olmadığını bilir”
“Türkiyə ilə dialoq qurulmalı və Finlandiya, İsveçin alyansa potensial üzvlüyü ilə bağlı narahatlıqlar aradan qaldırılmalıdır”. Bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq deyib. Stoltenberq Finlandiya və İsveçin NATO-da iştirakı ilə bağlı Türkiyə ilə görüşməli və narahatlıqlarını aradan qaldırmalı olduğunu, bunun nəticə verəcəyinə inandığını bildirib.

Stoltenberq həmçinin xəbərdarlıq edib ki, 5G şəbəkələrində və “Şimal axını 2" boru kəmərinin tikintisində Çinin bəzi texnologiyalarından istifadə ilə bağlı mübahisələrə istinad edərək, Qərb ölkələri təhlükəsizliklərini iqtisadi mənfəət üçün alver etməməlidirlər.

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda görüşən iş adamları qarşısında çıxış edən Stoltenberq deyib ki, iqtisadi seçimlərimizin təhlükəsizliyimiz üçün nəticələri olduğunu qəbul etməliyik: “Azadlıq azad ticarətdən daha vacibdir. Mən Çinlə ticarətin əleyhinə deyiləm, lakin deyirəm ki, 5G şəbəkələrinə nəzarət həyati əhəmiyyət kəsb edir”.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə iclasda F-16 prosesinin normal şəkildə davam etdiyini və NATO ilə bağlı məsələlərin bu gündəmdən kənarda qaldığını bildirib. Nazir Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı “Konkret addımlar ata biləcəyimizi söylədilər, yazılı razılaşma istəyirik” deyib.

Qeyd edək ki, Finlandiya və İsveç rəsmilərindən ibarət heyət Ankaraya gəlir. Üçtərəfli görüş nəzərdə tutulur. Türkiyə, Finlandiya və İsveç ortaq masada bir araya gələcək.

Politoloq İlyas Hüseynov bildirdi ki, Finlandiya və İsveçin NATO üzvlüyünə qəbuluna qarşı çıxmasında Türkiyənin öz mülahizələri, öz yanaşması var. Bu da Türkiyənin milli maraqlarından irəli gəlir: “Türkiyə terrordan əziyyət çəkən dövlətdir, terrora qarşı mübarizə aparır. Bu baxımdan da PKK terrorçularına və FETO-çulara sığınacaq yeri kimi tanınan İsveçin və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxması müəyyən mənada əsaslıdır. Eyni zamanda Türkiyənin İsveç və Finlandiyaya ”stop" işığını yandırmasında Rusiya-Türkiyə münasibətlərinin də təsirinin olması istisna deyil. Türkiyənin mövqeyində israrlı olduğunu artıq Finlandiya və İsveç özləri üçün qətiləşdiriblər. Ona görə də hər iki ölkənin rəsmilərindən ibarət heyət Ankaraya gəlir. Üçtərəfli görüş nəzərdə tutulur. Türkiyənin şərtləri nümayəndə heyətinin nəzərinə bir daha çatdırılacaq və yəqin ki, şərtlərin ən azı müəyyən qismi İsveç və Finlandiya tərəfindən qəbul oluna bilər. Əgər bu baş verəcəksə, Ankaranın mövqeyində yumşalma ola bilər. NATO baş katibinin “Türkiyə ilə dialoq qurulmalı və Finlandiya, İsveçin alyansa potensial üzvlüyü ilə bağlı narahatlıqlar aradan qaldırılmalıdır” açıqlaması həm də o deməkdir ki, alyans rəhbərliyi Türkiyəyə təzyiq variantı ilə deyil, danışıqlarla təsir etməyin tərəfdarıdır. NATO rəhbərliyi Rəcəb Tayyib Ərdoğanın təzyiqlərə boyun əyən lider olmadığını bilir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.