Rusiya Türkiyədən asılı vəziyyətə DÜŞDÜ: ABŞ da bu güzəştlərə GEDƏCƏK

27-05-2022, 09:02           
Rusiya Türkiyədən asılı vəziyyətə DÜŞDÜ: ABŞ da bu güzəştlərə GEDƏCƏK
Ukrayna savaşından sonra formalaşma ehtimalı olan yeni dünya düzənində Türkiyənin avanqard dövlətlərin sırasında yer ala biləcəyi artıq şübhə doğurmur… Rəsmi Ankara Rusiyanın çəkilmək məcburiyyətində qalacağı regionları, o cümlədən də, Cənubi Qafqazı öz nəzarəti altına almaq imkanlarını əldən vermək niyyətində deyil…

Türkiyənin beynəlxalq mövqeyi güclənməkdə davam edir. Belə ki, rəsmi Ankara Türkiyənin maraqları çərçivəsində siyasi iradəsini beynəlxalq iradə mərkəzlərinə diqtə etməyə başlayıb. Üstəlik, Türkiyənin prinsiöial mövqeyi Qərb siyasi dairələrini bu reallıqla barışmaq məcburiyyətində buraxır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, rəsmi Ankaranın İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinə veto qoymaq qərarını elan etməsindən sonra Türkiyənin beynəlxalq nüfuzu daha qabarıq şəkildə ortaya çıxdı. Düzdür, bəzi Qərb siyasi dairələri Türkiyəni NATO-dan ixrac etməklə hədələdilər. Ancaq bu, rəsmi Ankaranı qətiyyən narahat etmədi. Əksinə, prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyət ortağı, MHP başqanı Dövlət Baxçalının “Türkiyə NATO üzvü olmadan da mövcud idi, bu alyansdan çıxdıqdan sonra da yox olmaz” dedikdən sonra rəsmi Ankaraya qarşı təzyiq metodları arxa plana keçirildi.

Halbuki, rəsmi Ankara istəməzsə, Türkiyənin NATO-dan çıxarılması mexanizmi mövcud deyil. Üstəlik, ikisinin birlikdə cəmisi 30 min nəfərlik ordusu olan İsveç və Finlandiyanın NATO üçün əhəmiyyətini güclü Türkiyə ilə müqayisə belə, etmək mümkün deyil. İsveç və Finlandiyanı haqlı olaraq, terrorizmə dəstək verməkdə ittiham edən Türkiyə NATO üzvləri arasında ABŞ-dan sonra ikinci ən güclü orduya malikdir.

Ona görə də, hazırda NATO Türkiyəyə qarşı təzyiq göstərməyə deyil, məhz rəsmi Ankara ilə anlaşmağa üstünlük verir. NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyənin şərt-tələblərinə daha realist mövqedən yanaşması da rəsmi Ankaranın haqlı olduğunu göstərir. Yens Stoltenberq vurğulayıb ki, NATO üzvü olan başqa heç bir ölkə Türkiyə qədər terror hücumlarına məruz qalmayıb: “Türkiyə NATO-nun vacib müttəfiqidir və İŞİD terror təşkilatına qarşı mübarizədə həlledici rol oynayıb”.

NATO baş katibinin fikrincə, strateji coğrafi mövqedə yerləşən Türkiyə bütün alyans üçün olduqca vacib müttəfiqdir. Y.Stoltenberq hesab edir ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlıqlarının mütləq həll olunması vacibdir: “Biz oturmalı və irəliyə doğru bir yol tapmalıyıq”.

Yens Stoltenberqin bu açıqlaması NATO baş katibinin Türkiyə tərəfindən irəli sürülən şərtləri haqlı hesab etməsi anlamına gəlir. Çünki bu açıqlamada Türkiyənin terrora məruz qalan dövlət olduğu açıq şəkildə etiraf edilir. Eyni zamanda, İsveç və Finlandiyanın da terrorizmə dəstək verdiyinin reallıq olduğuna dolayısı eyham vurulur. Və bu baxımdan, NATO dövlətlərinin rəsmi Ankaranın şərtlərini yerinə yetirmə ehtimal kifayət qədər yüksəkdir.

Onu da qeyd etmək lazımdır ki, bu istiqamətdə ilk real addım məhz Böyük Britaniya tərəfindən atılıb. Belə ki, rəsmi London Türkiyəyə hərbi texnika satışına qadağa qoyan bütün embarqoları artıq ləğv edib. Və Böyük Britaniyanın bu addımı digər NATO dövlətləri üçün də ciddi örnək rolunu oynaya bilər.

Bütün bunlar onu göstərir ki, Türkiyə diplomatiyası öz parlaq dövrünü yaşayır. Rəsmi Ankara hər bir siyasi-diplomatik addımı məhz lazım olan anda atmağı bacarır. Türkiyənin hədəflərinə çatmasına göstərdiyi cəhdlərdə tələskənliyə və gevikməyə yol vermir. Ən əsasısa, Türkiyənin milli maraqlarına zidd olan heç bir məsələdə güzəştə getmir.

Ona görə də, hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq edilsə də, rəsmi Ankaranın Kremllə münasibətləri normaldır. Eyni zamanda da Türkiyə rəsmi Kiyevlə də anlaşma vəziyyətdə olduğundan, Ukrayna savaşına münasibətdə də tərəfsiz vasitəçilik missiyasını qoruya bilir. Və bütün bunlar Türkiyənin beynəlxalq siyasət məkanında manevr imkanlarını genişləndirir.

Maraqlıdır ki, Türkiyə ABŞ-la olan uzunmüddətli problemlərini də tədricən həll etməkdədir. Ağ Ev Türkiyənin önəmini indi daha çox qəbul etdiyindən, Rusiyadan alınmış “S-400” zenit-raket kompleksləri ilə bağlı ziddiyyətləri də nisbətən arxa plana keçirtməyə üstünlük verir. ABŞ-ın rəsmi Ankaranın istəyinə uyğun olaraq, Türkiyəyə 40 ədəd “F-16” döyüş təyyarəsinin satmasına və 80 “F-16”-nın isə modernləşdirilməsinə icazə verilməsi ilə bağlı problem də artıq həll olunmaq üzrədir.

Bütün bunlara paralel olaraq, Rusiyanın Türkiyədən asılığı artır. Rusiyanı tərk edən Qərb şirkətlərindən boşalan yeri Türkiyə firmaları doldurmağa başlayıb. Eyni zamanda, Türkiyənin Böyük Britaniya ilə strateji tərəfdaşlığının güclənməsi də rəsmi Ankaranın beynəlxalq mövqelərini möhkəmləndirir. Yəqin ki, bütün bunlar Ukrayna savaşından sonra formalaşma ehtimalı olan yeni dünya düzənində Türkiyənin avanqard dövlətlərin sırasında yer almasını təmin edə bilər.

Onu da qeyd edək ki, Türkiyə həm də Rusiyanın çəkilmək məcburiyyətində qalacağı regionları da öz nəzarəti altına almaq imkanlarını əldən vermək niyyətində deyil. Böyük ehtimalla savaşdan sonra Rusiyanın tədricən çəkilməli olacağı regionlardan olan Cənubi Qafqazda Türkiyənin əsas geopolitik oyunçuya çevrilməsi qətiyyən çətinlik törətməyəcək.

Əslində, rəsmi Ankara yeni dünya düzənində Türkiyənin rolunu elə artıq indidən təmin etməyə cəhd göstərir. Buna misal olaraq, Rusiyanın Suriyadan öz hərbi kontingentini çıxartmağa başlamasından sonra atılan addımları göstərmək olar. Belə ki, Rusiya hərbi kontingenti Suriyada Türkiyənin təhlükəsizlik bölgəsi yaratması qarşısında əsas əngəllərdən sayılırdı. İndi Rusiya hərbçilərinin Suriyadan çıxması Türkiyəyə bu problemi həll etmək imkanları açıb.

Son məlumatlara görə, rəsmi Ankara yaxın günlərdə Suriya ərazisində YPG terror təşkilatına qarşı hərbi əməliyyatlara başlamaq qərarı verib. Düzdür, ABŞ Türkiyənin bu qərarına müqavimət göstərməyə çalışır. Ancaq rəsmi Ankaranın beynəlxalq məkanda etdiyi siyasi-diplomatik manevrlərinin Ağ Evi Türkiyənin maraqları ilə hesablaşmaq məcburiyyətində qoya biləcəyi də qətiyyən istisna deyil.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.