İşğal olunan ərazilərin ilhaqına doğru və ya Kremlin 11 sentyabr hazırlığı

15-07-2022, 09:08           
İşğal olunan ərazilərin ilhaqına doğru və ya Kremlin 11 sentyabr hazırlığı
Konstantin fon Eqqert: “Putinə bəzi regionlar yox, bütün Ukrayna lazımdır”

Elxan Şahinoğlu: “Rusiyanın saxta referendum yolu ilə Donetsk və Luqanska bənzər "Xerson Xalq Respublikası" təsis etməsi realdır”

“Rusiya əsas məqsədinə - Ukraynanı işğal etməyə nail olmayıb və artıq işğal olunmuş əraziləri ilhaq etməyə hazırlaşır”. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

"Rusiyanın ərazimizin tam işğalı ilə bağlı strateji məqsədinə nail olunmayıb. İkincisi, biz aydın görürük və məlumatlara sahibik ki, hazırda Rusiya Federasiyasının qanunverici orqanı, hökuməti və digər strukturları bütün məsələlər üzərində fəal işləyir. Onlar müvəqqəti olaraq işğal olunmuş ərazilərimizin Rusiya Federasiyasına siyasi, iqtisadi və ərazi baxımından inteqrasiyası ilə məşğuldurlar. Bunun necə olacağını, biz payıza yaxın görəcəyik. 11 sentyabrda vahid səsvermə keçirəcəklər", - Skibitski bildirib.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi qeyd edib ki, kəşfiyyat Donetsk, Xerson, Luqansk vilayətlərində işğal olunmuş ərazilərin ilhaqına yönəlmiş fəaliyyətin canlandığını müşahidə edir:

“Bu, “referendumlar”a sistemli hazırlıqdır. Bizdə olan məlumatlara görə, Rusiyada qanunvericilik təşəbbüsləri hazırlanır ki, hazırlanan sənədlərdə ərazilərimizin Rusiya Federasiyasına inteqrasiyası və ya birləşdirilməsi yolu ilə vətəndaşlıq almaq proseduru sadələşdiriləcək”.

Rusiya Federasiyasında ümumi səfərbərliyə gəlincə, Skibitski qeyd edib ki, rəsmi müharibə elan olunanda bunu elan edə bilərlər: “Putin qısa müddətdə əsas işğal məqsədinə çatmadığını etiraf etmir, “xüsusi hərbi əməliyyat” adlanan əməliyyatı davam etdirir və bunun genişmiqyaslı müharibə olduğunu etiraf etmək istəmir. Lakin ərazilərimizin işğalı Ukrayna dövlətinə, Ukrayna xalqına qarşı genişmiqyaslı müharibənin olması deməkdir”.

Rusiyalı politoloq Konstantin fon Eqqert hesab edir ki, Kreml təkcə Donbasla kifayətlənməyəcək. AYNA-nın məlumatına görə, ekspert hesab edir ki, Donbas uğrunda döyüş Rusiyanın Ukraynaya təcavüzünün final yox, aralıq mərhələsidir: “Putinə bəzi regionlar yox, bütün Ukrayna lazımdır”.

Onun fikrincə, Donbas uğrunda döyüş mühüm məqamdır, lakin Rusiya ilə Ukrayna arasında müharibə aylarla, bəlkə də illərlə davam edəcək: "Putinin anlayışına görə, hətta Rusiya Federasiyasının ərazisi ilə Krım arasında bir növ quru dəhlizinin yaradılması da Ukrayna probleminin bütövlükdə həlli demək deyil. Müharibə davam edəcək, çünki Rusiyaya tamamilə tabe olan Ukrayna lazımdır. Ona görə də Putin bu ideyanın prinsipcə mümkün olmadığına əmin olana qədər hansısa formada Ukraynanı özünə tabe etdirməyə çalışacaq”.

"Rusiya işğal etdiyi Ukraynanın Xerson bölgəsində "referendum" keçirmək istəyir. Doğrudur, rusiyalı rəsmilər hələ ki, bu xəbəri təsdiq etmirlər, ancaq bu, heç nəyi dəyişmir. Ona qalsa, Rusiya rəsmiləri işğalçı müharibədən bir neçə gün əvvəl yalandan açıqlama verirdilər ki, Ukraynaya hücum etmək kimi planları yoxdur”.

Bu sözləri isə azərbaycanlı politoloq Elxan Şahinoğlu bildirib. Analitikin sözlərinə görə, Rusiyanın saxta referendum yolu ilə Donetsk və Luqanska bənzər "Xerson Xalq Respublikası" təsis etməsi realdır: “Bu zaman təbii ki, Kiyevin Moskva ilə danışıqları mümkün olmayacaq, yaxud danışıqların əhəmiyyəti qalmayacaq".

Politoloq vurğulayıb ki, Xerson Rusiya üçün vacib bölgədir: “Krımın 85 faiz su ehtiyatı Xersondan keçən kanal vasitəsilə təmin olunur. Krım 2014-cü ildə ilhaq olunanda Kiyev kanaldan yarımadaya suyun verilməsini kəsdi. Rusiya Xersonu işğal etdikdən sonra kanaldan Krıma su çatdırılmasını təmin edib. Digər tərəfdən, rusiyalı hərbçilər Xersonun bütün administrativ binalarında Ukrayna bayraqlarını yığışdıraraq Rusiya bayraqlarını sancıblar. Bütün bunlar varkən, Rusiyanın Xersonda nə etmək istədiyi aydın olur".

Yeri gəlmişkən, bir neçə gün öncə işğalda olan Xerson vilayətinin “rəhbərliyi”nin saxta referendum hazırlıqlarına başladığı açıqlanıb. Vilayətin Hərbi-Mülki Administrasiyasının “rəhbəri”nin müavini Kirill Stremousov deyib ki, “referendum” zamanı sözügedən regionun Rusiyanın tərkibinə qatılması məsələsi həll olunacaq: “Bəli, biz referenduma hazırlaşırıq və biz onu keçirəcəyik. Qəribə səslənsə də, Xerson vilayəti Rusiyaya birləşmək barədə qərar qəbul edəcək, Rusiyanın tam hüquqlu subyekti olacaq”.

Beləliklə, Ukraynanın kəşfiyyat orqanının rəsmisi Rusiyanın ilhaqa hazırlaşdığı, qondarma referendum keçirəcəyi haqqında dedikləri ciddiyə alınmalıdır. Ekspertlər hesab edirlər ki, Rusiyanın bu addımlarının qarşısının alınmasının bir yolu var – Ukrayna Ordusunun effektli əks hücuma keçməsi və işğalda olan ərazilərini geri qaytarması. İyulun sonu və avqust-sentyabr aylarında Ukraynanın əks hücuma keçəcəyi gözləniləndir. Ukraypa Prezidenti Volodimir Zelenskinin ölkənin cənubunu işğaldan azad etməklə bağlı komandanlığa verdiyi əmr də bunun göstəricisidir. Bununla da söyləmək olar ki, Rusiya-Ukrayna müharibəsi qarşıdakı günlərdə daha da şiddətlənəcək.

Müəllif: Turan Abdulla












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.