Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq

30-04-2024, 00:09           
Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq
Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub.

Tribunainfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stolteneberq Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz həmçinin iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlığı müzakirə etdik. Cənab Prezident, mən sizi həmin görüşdə qarşılamağı səbirsizliklə gözləyirəm”, – Stoltenberq bildirib.

Baş katib qeyd edib ki, NATO müttəfiqləri Ukraynaya yardımın sürətləndirilməsi və artırılması barədə razılığa gəlib. Baş katib ABŞ, Böyük Britaniya, Almaniya və Niderlandın Ukraynaya hərbi yardımla bağlı elanlarını xatırladıb.

“Mən ümid edirəm ki, daha çox ölkə bu yardımlara qoşulacaq və bu mənada tezliklə yeni yardım bəyanatları gözləyirəm. Biz Ukraynanın təcili ehtiyaclarını qarşılamaq üçün çalışırıq. Mənim mövqeyim hər zaman aydın olub. Mən bildirmişəm ki, əgər müttəfiq ölkələr NATO-nun hərbi büdcəsi üzrə tələbləri qarşılamaq, yoxsa Ukraynaya dəstək verməklə bağlı seçim qarşısında qalsalar, onlar Ukraynaya dəstək verməlidirlər. Boşalan hərbi anbarları doldurmaq olar, ancaq itirilən həyatları geri qaytarmaq mümkün deyil”, – Stoltenberq vurğulayıb.

Baş katib əlavə edib ki, Ukraynanın haqlı yeri NATO-dadır, Ukrayna NATO-nun üzvü olacaq: “Bu gün bizim qət etdiyimiz yol onu NATO üzvlüyünə yaxınlaşdırır. Vaxtı çatan kimi Ukrayna dərhal üzv olacaq. NATO-nun mənzil-qərargahında Ukraynanın bayrağının dalğalanacağı günü səbirsizliklə gözləyirəm.

NATO Ukraynanın və özünün təhülkəsizliyi üçün bu ölkənin yanında dayanır”.

Baş katib onu da bildirib ki, Ukraynanın NATO-ya üzv olması üçün 32 müttəfiq buna razılıq verməli, bunun reallaşması üçün konsensus olmalıdır. Yens Stoltenberq deyib ki, iyulda keçiriləcək sammitə qədər bu konsensusun olacağını gözləmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.