"Görünür, məqsədyönlü təxribat kampaniyası təşkil olunub" - deputat

15-07-2022, 09:06           
"Görünür, məqsədyönlü təxribat kampaniyası təşkil olunub" - deputat
“Bu ayın sonuna qədər Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur”. Bunu “REAL TV”yə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Nazir müavini həmçinin qeyd edib ki, ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərərçəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib, onlara 191 min xidmət göstərilib. 93 min nəfərə 104 min sosial ödəniş təyin olunub. Sosial ödənişlər vətəndaşların müraciəti olmadan, elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Dia.az-ın məlumatına görə, millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, qazilərin sosial təminatı ilə bağlı araşdırma aparılsa, aydın olar ki, diqqət kifayət qədərdir. Buna görə ilk növbədə qazilərin psixoloji problemlərini həll etmək lazımdır: “İcra başçısı, yaxud başqa bir məmur istəsə belə, qazi və şəhid ailələrini diqqətdən kənarda saxlaya bilməz, çünki dövlət başçısının bu məsələdə konkret mövqeyi var. Digər tərəfdən, Vətən müharibəsindən sonra cəmiyyətin bu məsələyə münasibəti dəyişib. Dövlət hər qazi, ya da şəhid ailəsinin qapısına polis qoya bilməz. Onların problemlərini müvafiq orqanlara QHT çatdırmalıdır. Problemlərin bu qədər qabarmasının əsas səbəblərindən biri də bələdiyyə sisteminin işləməməsidir. Mərkəzləşmiş qaydada hər kəsin qayğısına qalmaq mümkün deyil. Qazilərin və şəhid ailə üzvlərinin onlarla problemi var: sağlamlıq, təhsil, işsizlik və s. İntihar edənlər təkcə qazilər deyil. Sıxıntı içində saysız-hesabsız vətəndaş var. Onların problemlərini araşdırıb həll etmək lazımdır. Özəl sektor sıradan çıxarılıb. İcra başçıları şəxsi imkan hesabına müəyyən yardımlar etsələr də, bütün problemləri həll edə bilməzlər”.

F.Mustafa müharibə iştirakçılarının və şəhid ailələrinin problemlərinin həlli üçün mərkəzləşmiş bir qurumun yaradılması fikrinə də münasibət bildirdi: “Qarabağla bağlı onlarla qurum yaradılıb. Onların fəaliyyəti görünürmü? Yeganə çıxış yolu işlək mexanizmin yaradılmasıdır. Vətən cəmiyyəti institutlarına qrant almaq üçün şərait yaratmaq lazımdır. Hazırkı qrant imkanları yetərli deyil. QHT təşkil edənlərin hamısı vətən xaini deyil ki?! Əlbəttə ki, vəziyyətin bu həddə çatmasında xarici ölkələrin də müəyyən rolu var. Özünü müxalifətçi sayan bir sıra qruplar durumu sevinclə qarşılayırlar. Sonuncu hadisəyə diqqət edək. Sabirabad rayonundan olan millət vəkili Kamal Cəfərov Qarabağ qazisi Elvin Cəfərovla Qurban bayramında görüşüb, yardım edib. Amma bu gün yazırlar ki, deputat maraqlanmadı. Görünür, məqsədyönlü təxribat kampaniyası təşkil olunub. Müharibənin alovundan çıxmış qəhrəmanlara ailələri də çox zaman kömək edə bilmirlər. İnstitutlar işləsə, qazilərin sosiallaşması təmin olunsa, belə problemlər yaranmaz. Cəmiyyətin rolunu da gözardı etmək olmaz”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ötən dövrdə Vətən müharibəsi şəhidlərinin 8 minədək ailə üzvünə 16 minədək sosial ödəniş (Prezident təqaüdü, müavinət və ya pensiya) təyin olunub, 3 151 müharibə iştirakçısına əlillik və bununla bağlı sosial ödəniş təyin olunub. Cari ildə “Müharibə veteranı” adı verilmiş 81 856 şəxsə də Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yekunlaşdırılıb. Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği 2021-2022-ci illərdə orta hesabla 60% artırılıb. 1 yanvar 2021-ci ildən Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü, 1 yanvar 2022-ci ildən isə Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü təsis olunub.

Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə isə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.Dəstək tədbirləri çərçivəsində müharibə əlillərinin atomobillə təminatı işləri də davam etdirilib. Postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. Bugünədək bu kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub.

Postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər də daxil olmaqla 13 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 7,8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib. Bu ilin 1 iyul tarixinə “Məşğulluq marafonu”na qoşulan 649 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2423 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.Həmçinin 9 mindən artıq şəxsə 28,5 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1456 müharibə əlilinə 20 766 reabilitasiya vasitəsi verilib. Dövlət başçısının göstərişi ilə 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatına başlanıb ki, bu proqram çərçivəsində Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub.

Şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara mərkəzi və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 istiqamətdə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edildiyi vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib. Sosial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.