Afinada Azərbaycana “qaniçən” deyən Mirzoyanın DİLİ KƏSİLMƏLİDİR ...

15-07-2022, 10:12           
Afinada Azərbaycana “qaniçən” deyən Mirzoyanın DİLİ KƏSİLMƏLİDİR ...
Bir neçə gündür Avropada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Afinada Yunanıstanın “Katimerini” qəzetinə verdiyi müsahibədə həmişə olduğu kimi, Azərbaycan və Türkiyənin üzərinə nifrətini töküb. O, türkləri Ermənistan və Yunanıstanın ortaq düşməni kimi göstərib.

“Sülhsevər” xislətini göstərməyə çalışan A.Mirzoyan uzun müddətdir Ermənistanın sülh sazişinə necə nail olmaq “istədiyi” mövzusunda danışıb, “qaniçən” Azərbaycanın isə buna əngəl törətdiyini sayıqlayıb. Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə separatçıların qalıqlarını, az qala “ayrı-ayrı beynəlxalq səviyyədə tanınan dövlət qurumu” kimi təqdim edərək yalan danışıb.

Mirzoyan iddia edib ki, Bakı Ukrayna ətrafında yaranmış vəziyyətdən istifadə edərək hərbi əməliyyatları bərpa edə bilər. Ermənistan XİN rəhbərinin bütün yalanları onu sübut edir ki, Ermənistan tərəfi səngiməkdə olan münaqişə ilə bağlı dünya ictimaiyyətinin rəyini öz tərəflərinə dəyişmək və Azərbaycana təzyiq göstərmək cəhdlərindən əl çəkmirlər. Üstəlik, Türkiyə-Ermənistan münasibətlərinin, sərhədlərin açılması istiqamətində baş nazir Nikol Paşinyan müsbət mesajlar verdiyi bir vaxtda onun xarici işlər naziri Bakı və Ankaranı açıq hədəfə almasının səbəbi nədir?

Əvvəla, Yunanıstan Aİ-nin üzvü kimi ölkəni Cənub Qaz Dəhlizinin strateji TAP/TANAP layihələri çərçivəsində qazla təmin edən Azərbaycanla hərtərəfli iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Yunanıstan Ermənistanla ənənəvi dostluq əlaqələrinə baxmayaraq, heç vaxt Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmayıb.

Mirzoyanın cəhdlərinə baxmayaraq, Yunanıstanı Azərbaycana qarşı qızışdıraraq antitürk əhval-ruhiyyəsi üzərində oynamaq mümkün deyil. Amma istənilən halda, bu kimi cəhdləri Paşinyan önləməlidir. Ölkənin baş naziri bir siyasət, xarici işlər naziri başqa bir siyasət yürüdə bilməz... Dia.az-ın məlumatına görə, politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan xarici işlər nazirinin Yunanıstanda verdiyi bəyanatı təəccüb doğurmamalıdır. Çünki biz 30 ildən bəri buna alışığıq. Bu tipli bəyanatlar Nikol Paşinyan hakimiyyəti dövründə də xüsusi şəkildə qabarıq formada özünü göstərməkdədir: “Ermənistan tərəfi anlamalıdır ki, məhz bu cür təfriqəçi bəyanatların Ermənistan üçün bədəli həddən artıq ağır oldu. 2020-ci ildə də məhz bu cür bəyanatlar, düşmənçilik hissinin qızışdırılması, Azərbaycana qarşı yeni iddialar Ermənistanı faciəyə gətirib çıxardı. Ararat Mirzoyanın Azərbaycanı düşmən obrazında təqdim etməsi və ittihamlar irəli sürməsi Ermənistanın həm rəsmi siyasətinin təzahürüdür, həm də, ümumiyyətlə, erməni millətinin xislətinə uyğun açıqlamadır. Çünki erməni tərəfi hər fürsətdə auditoriyalara uyğun olaraq çox ziddiyyətli bəyanatlar səsləndirməyə vərdişkardır. Mirzoyanın Yunanıstanda verdiyi bəyanat da bu qəbildən qəbul olunmalıdır. Digər tərəfdən, Ermənistan hesab edir ki, Yunanıstanla tarixi və ənənəvi münasibətləri var və bu münasibətlər Bakı-Afina əlaqələrinə hansısa formada təsir etməlidir. Ermənistan Yunanıstanla Türkiyənin münasibətlərindəki gərginlikdən yararlanmaq istəyir. Hesab edirlər ki, Yunanıstan Ermənistanın təbii müttəfiqidir və ortaq düşmənləri Türkiyədir, Azərbaycandır. Amma onların anlamadığı və qəbul etmədiyi bir məqam var. Bu da ondan ibarətdir ki, Ermənistanla Yunanıstan arasında həm sərhəd baxımından kifayət qədər ciddi məsafə var, eyni zamanda Yunanıstanın həm hərbi, həm iqtisadi imkanları ermənilərin arzuladığı planları həyata keçirməyə imkan vermir.

Digər tərəfdən, Ermənistan o tipli dövlət deyil ki, məhz Türkiyə və Yunanıstan münasibətlərində hansısa formada araya girə bilsin. Ermənistan ən azı bütün potensialına və yerləşdiyi coğrafi şəraitə görə ağır durumda olan bir ölkədir. Yunanıstan da Ermənistanın fitnələrinə uyası deyil. Xüsusilə də Azərbaycanla enerji sektorunda olan əlaqələri və TAP layihəsi üzrə Azərbaycanla əməkdaşlığı Yunanıstanın Ermənistana açıq dəstəyinin qarşısını alan amillərdəndir. Sadəcə olaraq, Mirzoyan və o tipli erməni siyasətçilər publikaya oynamaq istəyirlər və niyyətlərini də bu zaman göstərməyə çalışırlar".

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov isə bildirdi ki, Ararat Mirzoyan regional sülhə təhdid göstərən bir sıra açıqlamaları ilə təhlükəsizliyə mənfi çalarlar qatır. Eyni zamanda Yunanıstanda radikal mövqeyi ilə seçilən qəzetə müsahibəsi zamanı Ermənistan-Azərbaycan münasibətlərini gərginləşdirəcək mənfi fikirlər söyləyib və bunun əsasında antitürk əhval ruhiyyəsini daha da genişləndirməyi hədəf götürüb: “Sonuncu dəfə bu cür münasibət 2020-ci il Vətən müharibəsindən öncə Yunanıstan-Kipr-Ermənistan geosiyasi üçbucağının yaranması və bu tendensiyadan irəli gələn mənfi uzantıların baş verməsi fonunda müşahidə olunmuşdu.

Yunanıstan Azərbaycan üçün Avropa İttifaqı məkanına bir qapıdır. Bu qapıdan Azərbaycan maksimum dərəcədə istifadə etməyə çalışır. Ermənistan bu qapıda Azərbaycana əngəllər yaratmaq istəyir. Lakin Ermənistan Yunanıstanla nə qədər yaxın olsa da, Afina hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Yunanıstan Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir. Ararat Mirzoyanın Yunanıstanda antitürk əhval-ruhiyyəsini körükləməyə hesablanmış çıxışları yunan radikal millətçi kəsimə ünvanlanıb. Lakin bu çıxış Yunanıstan hökumətinin siyasətinə təsir edəsi deyil.

Maraqlı məqamlardan biri Ermənistanın baş naziri Nikol Paşinyanla xarici işləri naziri Ararat Mirzoyanın arasında sanki bir ikitirəliyin müşahidə olunmasıdır. Paşinyan Türkiyə prezidenti Ərdoğanla telefon əlaqəsi qurub, Qurban bayramı münasibətilə Ərdoğanı təbrik edib, Mirzoyan isə Türkiyəni Ermənistanın düşməni elan edir. Bu, Ermənistan siyasətinə xas olan məqamlardır. Dövlət rərhbərliyindəki şəxslərin arasında koordinasiyanın olmaması kimi mənzərə formalaşdırılsa da, düşünürəm ki, yaxınlaşma və geriyə itələmə siyasəti tətbiq olunur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.