Məmurların müsadirə olunan milyonluq əmlakları: - “Sonra qohum adı ilə özünə qaytarılır”

9-08-2022, 20:50           
Məmurların müsadirə olunan milyonluq əmlakları: -
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub.


Təqsirləndirilən şəxsə məxsus bir neçə milyonluq manat dəyərində daşınmaz əmlakın üzərinə həbs qoyulub.

S.Müslümova məxsus əmlakları bunlardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov pr. ev 13 v, mənzil 38
2. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov prospekti 7 a, mənzil 3
3. Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi
4. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422 məhəllə, ev 53, mənzil 108
5. Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 69 və 71
6. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 51
7. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri
8. Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsi, məhəllə 2942 ünvanda yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.

Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Aparılan yoxlamalar zamanı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

S.Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bundan əlavə, son 1 ildə bir çox məmur təqsirkar bilinərək əmlakına müsadirə qoyulub.

*Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub:


-Bakı şəhərində yerləşən mənzil;
-Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;
-Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;
-Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş "Rance Rover" markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

*Ötən ilin 21 sentyabr tarixində “Azərxalça” ASC-nin İdarə heyətinin mərhum sədri Vidadi Muradovun əmlakına həbs qoyulub.


Belə ki, istintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.

Vidadi Muradov 2021-ci il noyabrın 5-də vəfat edib. Hazırda məhkəmədə hüquqi varis kimi onun həyat yoldaşı çıxış edir. Bu ilin yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

*2021-ci ilin noyabr ayının 22-də Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinərək, özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər müsadirə olunub.


Qoca Səmədovun müsadirə edilən əmlakları bunlardır:

-Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil;
-Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt;
-Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi;
-Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi;
-Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi;
-Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat;
-Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı;
-Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt;
-Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası.

Habelə Qoca Səmədovun 30 min manat nağd pulu da müsadirə olunub.

*Ötən ilin 21 dekabr tarixində daha öncə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin əmlakları müsadirə edilib.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmdə bildirilib.

Onun Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən evləri müsadirə edilib, bank hesabına həbs qoyulub.

KİV-ə Dəstək Fondunun 24.2 milyon yeyintiyə görə saxlanılan icraçı direktoru Vüqar Səfərlinin bu əmlakları müsadirə edilib:

-“Mercedens Benz ML 350”, “Volksvagen Tuareg” və “Toyota Land Cruser” markalı avtomobilləri
-Xətai, Binəqədi və İsmayıllı rayonlarında toplam 10-dan çox yaşayış və torpaq sahələri (8000 kv m-dən çox)
-Banklarda toplam 1 000 000 AZN depoziti.
Məhkəmənin hökmünə əsasən, Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum olunub.

*Ötən ilin 28 dekabrında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun bacanağının müsadirə edilən əmlaklarının siyahısı açıqlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.

Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.

*Bu ilin yanvarın 21-də məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;
-Nəsimi rayonunda yerləşən mənzil;
-Nərimanov rayonunda yerləşən mağaza;
-Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;
-Xətai rayonunda yerləşən fərdi yaşayış evi;
-Monteneqroda yerləşən mənzil.

Qeyd edək ki, məhkəmənin hökmü ilə E. Həsənov 10 il azadlıqdan məhrum edilib. Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilmişdi. Sabiq səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

*Cari il yanvarın 31-də Böyük Britaniyanın Milli Cinayət Agentliyinin araşdırmasından sonra Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevin bank hesabında saxlanılan milyonlarla funt-sterlinqi müsadirə edilib.

Maliyyə müstəntiqləri Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi haqqında sərəncam imzalayıblar.

Geniş araşdırmadan sonra onun həyat yoldaşı Pərvanə Feyziyeva, övladlarından biri Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirin adına olan hesablara görə altı hesabın dondurulması sərəncamı verilib.

Müstəntiqlər bu hesablardakı vəsaitlərin Azərbaycanda çirkli pullarla əldə olunduğundan və bu səbəbdən də geri qaytarıla bilən əmlak olduğundan şübhələnirdilər.

Çirkli pul Estoniya və Latviyada bank hesablarını idarə edən mürəkkəb şirkətlər şəbəkəsi vasitəsilə daşınacaqdı ki, bu da layların yığılması kimi tanınan prosesdir. Bu köçürmələrin bəziləri qanuni və çox əhəmiyyətli biznes əməliyyatlarını dəstəkləmək məqsədi daşıyan sənədlər, o cümlədən, hesab-fakturalar və müqavilələrlə müşayiət olunurdu.

“Westminster Magistrates” Məhkəməsində üç həftəlik mübahisəli müsadirə dinləməsindən sonra, Dairə Hakimi Con Zani bu sənədlərin tamamilə uydurma olduğuna və hesabları təşkil edənlərin əsas çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün hazırlandığına dair çoxlu sübutların olması ilə bağlı qərar verib.

İlkin olaraq bank hesablarında dondurulmuş 15,3 milyon funt-sterlinqdən müsadirə üçün sifariş edilmiş ümumi məbləğ 5,630,994,19 funt-sterlinq təşkil edib.

*Bu ilin fevralın 11-də ləğv prosesində olan “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun əmlakları müsadirə olunub:

-Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43;
-Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi;
- 0,0804 ha torpaq sahəsi;
-Nəsimi rayonu, ünvan 12-də yerləşən qeyri-yaşayış sahəsi;
-Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi;
-Bakıda yerləşən daha bir mənzil;
-Ailə üzvlərinin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;
-Başqa bir yaşayış evi;
- “Jeep Wrangler”, “Mersedes-Benz S500”, “Bentley Continental” və “Mersedes-Benz G63 AMG” markalı maşınlar müsadirə edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.

*2022-ci ilin mart ayının 18-də məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

Bakının Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan 1 milyon 34 min manatlıq əmlaklar da müsadirə olunub.

Üzərinə həbs qoyulan əmlakların siyahısı aşağıdakı kimidir:

-Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil;
-"Audi" markalı avtomobil;
-Bakı şəhərində yerləşən daha bir mənzil.

Bundan başqa, "DOST" İş Mərkəzi tərəfindən qaldırılmış 125 min manatlıq və Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən qaldırılan 3 milyon manatlıq mülki iddialar təmin olunub. Qeyd edək ki, Mahir Quliyev məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Maraqlıdır, üzərinə həbs qoyulan əmlakların sonu necə olur? TEREF-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, hökm qüvvəyə mindikdən sonra o əmlaklar dövlətin mülkiyyətinə keçir və ya satışa çıxarılır:

"Məhkəmə qərar çıxardaraq həmin əmlakları müsadirə edə bilər. Hansı əmlakların müsadirə olunmasını prokurorluq təqdim edir. Ya hamısını, ya da bəzilərini bu siyahıdan çıxarır və siyahıdan çıxarma səbəbini açıqlayır. Hökm qüvvəyə mindikdən sonra o əmlaklar dövlətin mülkiyyətinə keçir. Dövlət də o əmlaklardan müxtəlif məqsədlər üçün ya özü istifadə edə, ya da satışa çıxarıb sata bilər. Amma bir neçə il sonra şəxs müsadirə olunan əmlak barəsində iddia qaldırır ki, guya həmin əmlak qohumunundur və onun adına rəsmiləşdirilib. Təəssüf ki, həmin əmlaklar siyahıdan çıxarılır. Ona görə də zəmanət yoxdur ki, siyahıda göstərilən, məhkəmə hökmü ilə müsadirə olunmuş əmlaklar nə vaxtsa dövlət mülkiyyətinə keçəcək və ya satışa çıxarılacaq. Azərbaycan məhkəməsində bu problem var".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.