İsrail fələstinli oğlanın qətlinə görə mümkün müharibə cinayətində ittiham olunur
4-05-2024, 11:14
Tapdığımız dəlillər BMT-nin insan haqları və terrorla mübarizə üzrə xüsusi məruzəçisi Ben Solu Adəmin ölümünün “müharibə cinayəti” olduğunu söyləməyə vadar etdi.
Digər hüquq eksperti, Dr. Lawrence Hill-Cawthorne odlu silahların istifadəsini "ayrı-seçkilik" adlandırıb.
İsrail Müdafiə Ordusu bəyan edib ki, ölüm halları "öyrənilir".
İsrail ordusunun döyüş qaydalarına əsasən, atəş yalnız “həyata dərhal təhlükə yarandıqda və ya digər vasitələr tükəndikdən sonra həbs məqsədi ilə” açıla bilər.
BBC də oktyabrın 7-də HƏMAS-ın Qəzzadan İsrailə hücumundan sonrakı aylarda İordan çayının qərb sahilində zorakılığın artması ilə bağlı dəlillər aşkar edib: fələstinlilərin evləri üzərinə qraffiti rəsmləri çəkirlər, fələstinli mülki şəxsləri silahla hədələyirlər və onlara deyirlər ki, çıxıb qonşu İordaniyaya getsinlər.
Noyabrın 29-da çəkilmiş video görüntülərdə Basil pəncərə taxtaları möhkəm bağlanmış təsərrüfat malları mağazasının qarşısında dayanır. İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində mağaza sahibləri, adətən, İsrail əsgərləri peyda olanda pəncərə taxtalarını tez aşağı salırlar.
Şahidlərin dediynə görə, həmin gün İsrail ordusunun Cenin qaçqın düşərgəsində əməliyyat apardığı yerin yaxınlığında atəş səsləri eşidilib.
Futbol həvəskarı və Lionel Messinin böyük pərəstişkarı olan Adəm 14 yaşlı böyük qardaşı Baha ilə birlikdə dayanmışdı. Küçədə ümumilikdə doqquza yaxın oğlan var idi və onların hamısı videomüşahidə kameralarına düşüb və çəkilişlərdən, demək olar, hadisələrin baş verdiyi yeri bütövlüklə görmək olar.
"Adəm, Adəm dedim, amma cavab vermədi"
Bir neçə yüz metr aralıda ən azı altı zirehli İsrail hərbi maşınından ibarət karvan tinə dönür, narahat olduğu görünən oğlanlara tərəf yönəlir. Bir neçə oğlan kənara çəkilir.
Məhz bu an mobil telefon görüntülərində zirehli maşının ön qapısının açıldığını görürük. İçəridə olan əsgər oğlanları yaxşı görürdü. Basil yolun ortasına qaçır, əsgərlərdən 12 metr aralı olan Adəm də qaçıb uzaqlaşmağa çalışır.
Daha sonra azı 11 atəş səsi eşidilir.
BBC hadisə yerini araşdırdıqdan sonra müəyyən edib ki, dörd güllə metal dirəyə dəyib, ikisi – təsərrüfat mağazasının pəncərə taxtalarına, biri dayanmış avtomobilin bamperini deşib, digəri isə tutacağa dəyib.
BBC-nin əldə etdiyi tibbi hesabatlara görə, iki güllə Basil-in döş qəfəsinə dəyib.
Başqa bir güllə qaçan səkkiz yaşlı Adəmin boynunun arxasına dəyib; böyük qardaşı Baha fədakarcasına onu daldalanacaq yerə sürükləməyə çalışır. Amma artıq çox gec idi. Baha-nın dediyinə görə, Adəm və dostu Basil onun gözləri qarşısında ölüblər.
Vurulmazdan əvvəl Basil-in əlində nəsə tutduğunu görmək olar, lakin nə tutduğu dəqiq aydın deyil.
İsrail Silahlı Qüvvələri (İSQ) daha sonra hadisə yerində çəkilmiş fotoşəkil yayıb və onun əlində partlayıcı qurğunun olduğu iddia edilir.
Biz toplanmış dəlilləri bir sıra müstəqil ekspertlərə, o cümlədən insan haqları üzrə hüquqşünaslar, müharibə cinayətləri üzrə müstəntiq və terrorla mübarizə eksperti, habelə BMT və digər neytral təşkilatların üzvlərinə göstərdik. Onlardan bəziləri anonimlik şərti ilə hadisəni təhlil etməyə razılıq veriblər.
Ekspertlər hadisənin araşdırılmasının zəruriliyini bildiriblər, bəziləri isə daha da uzağa gedərək, deyiblər ki, görünür, beynəlxalq hüquq pozuntusu baş verib.
BMT-nin insan haqları və terrorla mübarizə üzrə xüsusi məruzəçisi Ben Saul bildirib ki, əgər Basil-in əlində partlayıcı olubsa, bu halda məhvedici gücdən qanuni istifadə edilib-edilməməsinə dair suallar yarana bilər.
"Adəmin işində bu, Beynəlxalq Humanitar Hüququn mülki şəxslərə qəsdən, ayrı-seçkilik etmədən və ya qeyri-mütənasib hücumlara qarşı qadağanın pozulması, müharibə cinayəti və insanın yaşamaq hüququnun pozulması kimi görünür", - Saul deyib.
Bristol Universitetinin Beynəlxalq Hüquq Mərkəzinin həmdirektoru, doktor Lawrence Hill-Cawthorne deyib: “Əsgərlər zirehli maşınlarda idilər. Təhlükə olsa belə, onlar beynəlxalq hüququn pozulması sayılan öldürücü güc tətbiq etməyə əl atmalı deyildilər, gərək gedib onun həbs edilməsini planlaşdıraydılar”.
İsrail ordusu bəyan edib ki, şübhəli görünənlər İsrail əsgərlərini bilavasitə təhlükəyə uğradaraq, partlayıcını onların üstünə atmağa hazırlaşırdılar. "Hərbçilər atəşlə cavab verib və zərbələr hədəfə tuş gəlib", - İsrail hərbçiləri deyib.
Amma nəzərdən keçirdiyimiz videogörüntülərə və şahid ifadələrinə əsasən, Adəm silahsız idi və boyunardından güllələndiyi zaman, o qaçırdı.
İsrail ordusu Bazil və Adəmin öldürülməsinin "araşdırıldığını" bildirib.
O, Qərb Sahilində əsgərləri tərəfindən öldürülən hər uşaq üçün mütəmadi olaraq, oxşar bəyanatlar verir.
İsrail ordusu bildirir ki, Basil(solda) dostu Baha ilə küçədə olarkən əlində partlayıcı olub
Bununla belə, BBC-nin materialları ilə tanış olduqdan sonra bir neçə keçmiş İsrail əsgərləri deyiblər ki, onların fikrincə, İsrailin hüquq sistemi odlu silahdan istifadə edən əsgərləri, onların istifadə etməsinin əsaslı-əsassızlığından asılı olmayaraq, qoruyacaq.
2018-2020-ci illərdə İordan çayının qərb sahilində xidmət etmiş keçmiş zabitlərdən biri deyib ki, İsrail əsgəri silahı fələstinliyə yaxından dirəyib atmalıdır ki, bu, İsraildə qətl kimi qiymətləndirilsin və Adəmin ölümü kimi hallarda əsgərin cinayət məsuliyyətinə cəlb edilməsi ehtimalı sıfıra bərabərdir.
Yesh Din İsrail hüquq müdafiə qrupunun məlumatları göstərir ki, İsrail əsgərlərinə qarşı bütün şikayətlərin 1 faizdən az hissəsi məhkəmə hökmü ilə nəticələnir.
Qəzzada müharibənin başlaması ilə eyni vaxtda İsrail işğal etdiyi İordan çayının qərb sahilində hərbi əməliyyatları gücləndirib, nəticədə keçən il ən çox uşaq ölümü müşahidə olunub.
UNICEF-in məlumatına görə, 2023-cü ildə 124 uşaq həlak olub, onlardan 85-i oktyabrın 7-dən sonra öldürülüb.
Bu ilin əvvəlindən İordan çayının qərb sahilində 36 fələstinli uşaq israilli mühacirlər və ya əsgərlər tərəfindən öldürülüb.
İordan çayının qərb sahili müharibə zonası hesab olunmadığı üçün, beynəlxalq hüquqa əsasən, güc tətbiqi daha məhdud olmalıdır.
İSQ güc tətbiqi qaydalarının təfərrüatlarını açıqlamasa da, keçmiş və indiki İsrail əsgərləri bizə söylədilər ki, bu, həyat üçün real və bilavasitə təhlükə yarandığı zaman son vasitə olmalıdır. Mərhələli yanaşma tətbiq edilməlidir.
Onların sözlərinə görə, əvvəlcə ərəb və ivrit dillərində şifahi xəbərdarlıq, sonra gözyaşardıcı qaz kimi qeyri-öldürücü silahlardan istifadə, daha sonra ayaqlarına atəş, yalnız bundan sonra öldürmək üçün atəş açmaq olar.
Fələstin Administrasiyasının İordan çayının qərb sahilindəki Səhiyyə Nazirliyi BBC-yə 2023-cü ilin yanvarından 2024-cü ilin yanvarına qədər İsrailin atəşi nəticəsində ölən 2-dən 17 yaşa qədər 112 uşağın ölümü ilə bağlı tibbi hesabatlara giriş imkanı verib. Bütün bu ölümlərin dəqiq şəraitləri bizə məlum deyil və ola bilsin ki, uşaqlardan bəziləri həqiqətən də İsrail əsgərlərinin həyatı üçün təhlükə yaradıb.
Amma təhlilimiz göstərdi ki, onların təqribən 98 faizinin bədəninin yuxarı hissəsində yaralar var, burada atəşin öldürücü ehtimalı daha yüksəkdir, bu isə o deməkdir ki, belə hallarda əsgərlər daha çox yaralamaq üçün deyil, öldürmək niyyəti ilə atəş açırlar.
Hərbi əməliyyatların təsirlərini öyrənmək üçün İordan çayının qərb sahilində keçirdiyimiz beş həftə ərzində ordunun davranışı ilə bağlı ciddi suallar doğuran bir neçə hadisənin sübutunu gördük.
BBC İsrailin 2024-cü ilin yanvarında Tulkarm qaçqın düşərgəsində yerli əhali arasında “Müqavimət” kimi tanınan silahlı qruplaşmaya qarşı 45 saatlıq hərbi əməliyyatının şahidi olub.
Bundan sonra bir neçə fələstinli bizə söyləyib ki, əsgərlər onları tapança ilə hədələyib və qonşu İordaniyaya köçməyi məsləhət görüblər.
İsrail ordusu mülki şəxslərə qarşı təhdidlərlə bağlı bütün şikayətlərə baxılacağını bildirib.
Kanada-Fələstin əsilli 12 yaşlı Haytam bir İsrail əsgərinin onu bıçaqla hədələdiyini bildirib, bu iddianı onun qardaşı və atası da təsdiqləyiblər.
Düşərgədəki bir ailənin evində biz İslamda üçüncü ən müqəddəs məkan olan Əl-Əqsa məscidinin, ehtimal ki, İsrail əsgərləri tərəfindən korlanmış divar şəklini aşkar etdik.
Yanaşı divarda Davud Ulduzu, digərində isə ivrit dilində HƏMAS hücumuna istinad edən “7 oktyabr” sözləri yazılmışdı.
İDF bildirib ki, bu vandalizm “IDF dəyərlərinə ziddir” və onun əsgərlərindən gözlədiyinə ziddir.
BBC-nin materialları ilə tanış olmuş bəzi keçmiş İsrail əsgərləri bildiriblər ki, İsrail ordusunun İordan çayının qərb sahilindəki əməliyyat metodlarının Fələstin silahlı müqavimətini daha da hərəkətə gətirəcəyindən qorxurlar.
"İnsanların fələstinlilər kimi hər gün ordu ilə qarşılaşa biləcəyini və heç bir şey olmamış kimi yaşaya biləcəyini - belə bir reallıqda yaşayan insanların silaha əl atmayacağını güman etmək - ən yaxşı halda sadəlövhlük və qeyri-insanilikdir, - onlardan biri deyib. - Vəziyyət getdikcə daha da pisləşir".