Müsavat partiyası qurultaya belə başladı - Tək namizədlə yeni başqan seçilir...
4-05-2024, 15:44
Bu gün – mayın 4-də Müsavat Partiyası XI qurultayını keçirir.
Musavat.com bildirir ki, qurultay Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində təşkil olunub.
Qurultayın gündəmində duran məsələlər sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və ən əsası - yeni başqan seçkisidir.
Qeyd edək ki, 2014-cü ildə başqan postundan gedən İsa Qəmbər yenidən namizədliyini irəli sürüb.
Natiq Mehdi və Osman Kazımov da namizədliyini irəli sürmüşdü. Lakin onların artıq hər ikisi namizədliyini geri götürüb.
Beləliklə, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna yeganə namizəddir. Qurultayda Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal da iştirak edir.
Xatırladaq ki, 1911-ci ildə yaradılan Müsavat Partiyası 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub.
Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər, altıncı başqanı Arif Hacılıdır.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci ilin mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə Müsavat Partiyasının başqanı seçilib.
Arif Hacılı isə 2014-cü ildən Müsavata başqanlıq edir. Partiyanın nizamnaməsinə əsasən başqan ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz. Buna görə də Arif Hacılı başqan postunu yeni seçiləcək başqana təhvil verəcək.