“ABŞ səfiri Qarabağı Azərbaycan torpağı kimi qəbul etmir” – Libbinin qalmaqallı Şuşa açıqlaması
5-05-2024, 09:47
ABŞ səfiri Mark Libbi Şuşaya getməkdən imtina edib. Onun bu mövqeyi sosial şəbəkələrin Azərbaycan seqmentində etirazla qarşılanıb. Belə ki, səfirin izahı onu insanların qınaq obyektinə çevirib.
“Mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm…Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm” – Libbi bildirib.
Bəzi ekspertlər artıq səfirin bu mövqeyini “ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanımır?” ritorik sualı kimi təqdim və şərh edirlər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mart ayında Çinin “Phoenix” telekanalına müsahibəsində demişdi ki, ABŞ-ın Bakı ilə İrəvan arasında sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidir.
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, xarici dövlətlərdə işləyən səfirlər öz ölkələrinin siyasətinin davamını həyata keçirirlər:
“Biz açıq-aşkar Qərbin və ABŞ-ın Azərbaycana qarşı məkrli yanaşmasının şahidiyik. Bu kimi addımlar təsadüfdən atılmır. Düşünülmüş nifrət siyasətinin elementləridir. Bununla da biz ABŞ-ın həqiqətən də Azərbaycanın sağlam mövqeyini qəbul etmədiyini görürük. Birləşmiş Ştatlar Qafqaz siyasətində sözün əsl mənasında təxribatyönlü yanaşma nümayiş etdirir. Səfirin Qarabağ bölgəsinə, yaxud Şuşaya getməməsi öz-özlüyündə etiraz əlamətidir. Sanki səfir bu əraziləri Azərbaycan torpağı kimi qəbul etmədiyini göstərməyə çalışır. Biz zaman-zaman ABŞ-ın Azərbaycana qarşı atdığı qərəzli addımların şahidi olmuşuq. ABŞ və Fransanın ermənipərəsət mövqe tutduqlarını görmüşük. Təbii ki, bunu Azərbaycan diplomatiyası hər zaman nəzərə alıb. Artıq 2020-ci ilin payızında biz öz sözümüzü qətiyyətlə dedik və gücümüz hesabına həm BMT qətnamələrini yerinə yetirdik, həm bölgədə sabitliyin əsasını qoyduq, həm də bölgədəki separatizmin və terrorizmin belini qırdıq. Əlbəttə ki, bu proseslərin heç biri ABŞ və Qərbin ürəyincə deyil və onlar bunu gizlətmirlər. Bir sözlə, Vaşinqton təmsilçiləri siyasi spekulyasiyaya və alverə başlayıblar. Burada böyük maliyyə imkanları var. Onlar çirkli pulların yuyulmasında və mənimsənilməsində bu imkanlardan istifadə edirlər”.
Politoloqun sözlərinə görə, bu məsələdə siyasi motivlər də var:
“Güclü Azərbaycan dövlətinin mövcud olması onların maraqlarına uyğun gəlmir. ABŞ-ın dövlət başçıları, yaxud Dövlət Departamentinin rəhbərləri Prezident İlham Əliyevə məktub yazanda və ya telefon açanda bir qayda olaraq bizi yüksək dəyərləndirirlər. Müxtəlif istiqamətlərdəki əməkdaşlığımızı son dərəcə vacib amil kimi diqqətə çatdırırlar. Amma demokratiya ilə bağlı məsələlərdə Azərbaycanın geridə qaldığını göstərməyə çalışırlar. Bir sözlə, bu, ABŞ-nın riyakar siyasətinin göstəricisidir. Səfir isə yalan danışır. Çünki onlar sağlam mövqedən çıxış etsəydilər, o zaman Mark Libbi həmin bölgələrə səfərə gedərdi. Eyni zamanda öz ölkəsində Azərbaycanın lobbiçiliyini edər və beləcə, ABŞ şirkətləri ermənilərin barbarlığı nəticəsində dağıdılan Qarabağın bərpasına az da olsa dəstək göstərərdilər. Amma biz ABŞ və Qərbin “erməni dəyirmanına su tökdüyünü” və Azərbaycanı bədnam etməyə çalışdığını görürük. Hərçənd, onların bu arzusu heç vaxt yerinə yetməyəcək. Çünki Azərbaycan öz gücü hesabına ədaləti bərpa edib. Odur ki, ABŞ və Qərb utanmalı və bizdən üzr istəməlidir”.
Globalinfo.az xatırladır ki, bu, ilk belə hal deyil. 2022-ci ilin avqust ayında ABŞ və Fransa səfirləri Şuşada keçirilən beynəlxalq tədbirə qatılmaqdan yayınmışdılar. Eləcə də 2021-ci ilin mart ayında da diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərində eyni hal yaşanmışdı. Onda da bənzər mövqeni Almaniyanın Azərbaycandakı səfiri nümayiş etdirmişdi.