Amerikalı şerifin məktubu niyə Azərbaycan Prezidentinə çatdırılmır? - İLGİNC
6-05-2024, 16:49
Türkiyədə yaşayan 1100 nəfər azərbaycanlı Azərbaycan Prezidentinin Administrasiyasına məktub göndərib. Onlar Prezident İlham Əliyevin Los-Ancelesdə Ermənistanın təcavüzünə qarşı mitinq iştirakçılarına, o cümlədən Fəxri Mirzəquliyevə yardım göstərilməsi ilə bağlı sərəncamının icrasını tələb ediblər. Fəxri Mirzəquliyev karyerasını riskə ataraq, mitinqə gedib və üç min nəfərlik aqressiv erməni kütləsinin əhatəsində qalan 30 azərbaycanlını onların cəngindən çıxarıb.
Bu barədə AYNA-ya Kaliforniyadakı Azərbaycan diasporunun nümayəndəsi Fərhad Ələkbərzadə məlumat verib. O, Administrasiyaya ünvanlanan məktubda 1100 nəfərin adının və telefon nömrəsinin olduğunu, imzatoplamanın davam etdiyini bildirib: “Hadisədən, təxminən dörd il sonra Fəxri Mirzəquliyev erməni diasporu ilə məhkəmə çəkişmələri qarşısında tək qalıb, onun işinə daimi şikayətlər və həyatına təhlükə faktları var. Onun müraciət məktubu isə hələ də Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmayıb”.
“Azərbaycanın Xarici İşlər Nazirliyi Fəxri ilə əlaqə saxlayıb, bu məsələ ilə bağlı bütün məlumatları, o cümlədən Fəxrinin verdiyi hesabatları məndə olan məlumata görə, Prezident Aparatına göndərib. Bu məlumatlar Prezidentə çatdırılmayıb. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-a gələndə Fəxri ilə görüşüb. Şahidlərin gözü qarşısında çıxış edərək, ona dəstək verilməli olunduğunu bildirib və deyib ki, əgər birinci gündən dəstək olsaydı, bu məsələ asanlıqla həll oluna bilərdi. Fəxrinin məktubunu Prezidentə çatdırmaq istəyinə cavab olaraq Fuad Muradov deyib ki, bunu edə bilməz, amma özü 3 ay ərzində yardım edəcək. O vaxtdan təxminən bir il vaxt keçib. Nəticədə Fəxriyə diasporun inkişafına verdiyi töhfəyə görə medal verildi, başqa heç nə. Amma Amerikada heç kim başa düşmür ki, məmurlar Prezidentin birbaşa yardım göstərilməsi əmrini niyə yerinə yetirə bilmirlər”, - -deyə Ələkbərzadə söyləyib.
Los-Ancelesdən olan azərbaycanlı şerif Fəxri Mirzəquliyevin qəhrəmanlıq hekayəsi 2020-ci ildə Azərbaycanda demək olar ki, bütün mediada yayılmışdı. Los-Ancelesdə Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiyada ermənilərin təxribatının qarşısını alan azərbaycanlılara canını sipər etmiş, canlı qalxan kimi onların qarşısında dayanmışdı.
Göndərilən məktubda Türkiyədəki Azərbaycan diasporunun təmsilçiləri, ictimaiyyət nümayəndələri və Türkiyənin sadə vətəndaşları bildirirlər ki, məmurlar dövlətimizin başçısının 2020-ci ildə Los-Ancelesdə mitinq iştirakçılarına istənilən hüquqi, mənəvi və maddi dəstək göstərilməsi ilə bağlı göstərişlərinə əməl etməyiblər: “Bu hadisələrdə iştirak edən əsas şəxs olan şerif Fəxri Mirzəquliyevin dəstəklənməsi ilə bağlı göstərişlər unudulub və ya sadəcə ona məhəl qoyulmayıb, ona dövlət mükafatı təqdim etmək əvəzinə, təfərrüatı artıq məlum olan konkret təzyiqlərlə bu işi ört-basdır etməyə çalışıblar. İstər Azərbaycanda, istərsə də Türkiyədə düşmənlərimizin - bütün dünyada, xüsusən də ABŞ-dakı erməni diasporunun əleyhimizə istifadə etməyə çalışdığı vətənpərvərlik hisslərimizə təsir edən belə bir iyrənc faktı nəzərdən qaçıra bilmərik. Biz siyasətçi deyilik. Sadəcə, bu haqda düşünməyə başlayan vətəndaşlar olaraq, özümüzə sual veririk: “Sabah özümüz eyni vəziyyətə düşsək, taleyimizi dövlət başçısının fərmanlarına zidd hərəkət edən məmurlar həll etsə, nə olacaq?” Bu kimi faktlar milli mübarizəmizə, xalqımızın birliyinə dərin yaralar vurur”.